“Dağlıq Qarabağ probleminin sülh danışıqları yolu ilə həll olunması iflasa uğradı”

81

ADP Azərbaycan hakimiyyətini işğal haqqındakı beynəlxalq konvensiyanın tələblərini əsas götürərək Dağlıq Qarabağı erməni işğalından azad etməyə çağırır

Və bu zaman özünün bütün intellektual gücü və potensialı ilə iqtidarının yanında olacağını bəyan edir

Azərbaycan Demokrat Partiyası (ADP) son zamanlar işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təxribatlarla bağlı bəyanat qəbul edib. Beləliklə, ADP Dağlıq Qarabağ probleminin uzunmüddətli sülh danışıqları yolu ilə həll olunmasının iflasa uğradığını, əslində bu danışıqların arxasında bəzi qüvvələrin Azərbaycan torpaqlarının dinc danışıqlar yolu ilə qoparıb Ermənistana vermək niyyətinin durduğunu bəyan edir.

ADP belə hesab edir ki, bundan sonrakı danışıqlar yalnız Dağlıq Qarabağın heç bir şərt irəli sürmədən boşaldılması, 1988-ci ildə Dağlıq Qarabağda demokratik prosesin pozulmasına xidmət edən gəlmə ermənilərin oradan çıxarılması və həmin ərazilərdə Azərbaycanın tam suverenliyinin bərpası istiqamətində gedə bilər: “ADP Ermənistanın son zamanlar Azərbaycanla hərbi ritorika dili ilə danışmasını, ardıcıl olaraq Azərbaycana qarşı hərbi təxribatlar törətməsini nəzərə alaraq Azərbaycan hakimiyyətini işğal haqqındakı beynəlxalq konvensiyanın tələblərini əsas götürərək Dağlıq Qarabağı erməni işğalından azad etməyə çağırır və bu zaman özünün bütün intellektual gücü və potensialı ilə Azərbaycan iqtidarının yanında olacağını bəyan edir və Ali Baş Komandanın torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı atacağı bütün addımlarını birmənalı olaraq dəstəkləyəcəyini bildirir”.