“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını Rusiyanın çətirindən qoparmağın vaxtı çatıb”

144

Zaur Məmmədov: “2016-2020-ci illərdəki hadisələr göstərmiş oldu ki, Moskva verdiyi sözlərə əməl etmədi”

“Avropa Birliyi faktiki olaraq ATƏT-in Minsk Qrupunun fəaliyyətindən razı deyil! Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Peter Stano Livanda baş verən dəhşətli partlayışdan sonra işğalçı Ermənistan hökumətinin apardığı beynəlxalq hüquq normalarına zidd olan köç siyasəti ilə bağlı açıqlama verib”. “Hürriyyət” xəbər verir ki, bu fikirlər Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədova məxsusdur.

“Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həlli istiqamətində səyləri hər zaman dəstəkləyir və sözügedən məsələ də tərəfimizdən ATƏT-in Minsk Qrupu həmsədrlərinin diqqətinə çatdırıb. Avropa Birliyinin, təəssüf ki, Dağlıq Qarabağa və ətraf ərazilərə çıxışı yoxdur.

Buna görə də ATƏT-in Minsk Qurupu ilə daima əlaqədə qalır. Ancaq Avropa Birliyi, prinsip etibarilə, Daglıq Qarabağ münaqişənin son həllinə zərər verə biləcək demoqrafik və ya digər dəyişikliklərə səbəb olan hər hansı bir qanunsuz məskunlaşma və ya fəaliyyətə dəstək vermir. AB bölgədəki vəziyyəti yaxından izləməyə davam edir”, – deyə Stanonun bildirdiyini vurğulayan politoloqun sözlərinə görə, Avropa Birliyi faktiki olaraq Minsk Qrupunu daha aktiv fəaliyyət göstərməyə səsləyir: “Eyni zamanda, eyham vurur ki, əfsuslar olsun, münaqişənin nizamlanması ilə bağlı monopoliya ATƏT-ə məxsus olduğundan biz Qarabağ probleminə müdaxilə edə bilmirik. Xatırladım ki, bir neçə il bundan əvvəl qurum münaqişə ilə bağlı aktiv siyasi fəaliyyət yürütmək üçün cəhdlər etməyə başlayarkən Minsk Qrupu Avropa İttifaqına imkan verməmişdi. Hər halda, regionda son hadisələr onu göstərir ki, Azərbaycan münaqişə ilə bağlı başda Brussel, London və Vaşinqton olmaqla, bu istiqamətlərlə aktiv danışıqlara başlamalıdır”.

Bakı Politoloqlar Klubunun rəhbəri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Rusiyanın çətirindən qoparmağın vaxtı çatıb: “2016-2020-ci illərdəki hadisələr göstərmiş oldu ki, Moskva verdiyi sözlərə əməl etmədi. Son zamanlar Azərbaycana qarşı təxribatlar, Minsk Qrupunun Tovuz döyüşlərindən düz 2 ay sonra yatıb-yatıb iclas keçirməsi onu göstərir ki, region ətrafında ciddi hadisələr baş verməkdədir. Bakı-Ankara hərbi birliyinin güclənməsi zəruri addım idi. Bu, bölgəni bir çox fəsadlardan sığortaladı”.

Vazeh BƏHRAMOĞLU