Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri

1044
The National Interest, ABŞ
25.11.2020

Müəllif: Kamal Makili-Əliyev

Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi hazırda 1994-cü ildən bu yana ən fəal mərhələsindədir. Qafqazda yerləşən bu dağlıq regionun hüquqi statusu ilə bağlı məsələlər məhz bu üzdən hazırda mediada daha geniş müzakirə edilir. Amma təəssüf ki, hüquqi məsələləri adətən heç də beynəlxalq hüquq üzrə ixtisaslaşmış ekspertlər təhlil etmir.

Beləliklə, bu mövzunu çox vaxt digər sahələr üzrə ixtisaslamış ekspertlər müzakirə edir. Bu, ortaya psevdo-hüquqi və ya əsaslandırılmamış dəlilərin atılmasına səbəb olur. Onların əlbəttə ki, əsl hüquq elmilə heç bir əlaqəsi yoxdur.

Bu günlərdə ortaya çıxmış fikirlərdən biri də Dağlıq Qarabağla Kosovanın yanlış olaraq eyniləşdirilməsidir. Bəziləri tam yanlış olaraq hesab edir ki, Kosovo məsələsi Dağlıq Qarabağın Azərbaycandan “xilas naminə ayrılması” üçün presedent ola bilər. Halbuki, Kosovo probleminin Dağlıq Qarabağ münaqişəsilə heç bir uyğunluğu yoxdur. Bunu regionun hüquqi statusunu beynəlxalq hüquq nöqteyi-nəzərdən sadə təhlili də asanlıqla ortaya qoyur.

Birincisi, Dağlıq Qarabağ regionu beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınır və bu, BMT qətnamələrilə təsdiqlənib. Bunun ən parlaq nümunəsi BMT Baş Assambelyasının 2008-ci ildə qəbul etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 62/243 saylı qətnamədir. Amma məsələ bununla bitmir. Fakt beynəlxalq məhkəmə tərəfindən də təsdiqlənib. Misal kimi, Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov Ermənistana qarşı” işi ilə bağlı çıxardığı qərarı göstərmək olar. O zaman beynəlxalq məhkəmə söhbətin hərbi işğaldan getdiyini təsdiqləyib. Bir sözlə, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitşik 7 rayonunu işğal etdiyi Avropa İnsan Haqları Məhkəməsi tərəfindən də təsdiq olunub.

İkincisi, Kosovadan fərqli olaraq, Dağlıq Qarabağ regionunun muxtariyyəti ayrı suveren dövlətə – Azərbaycan Sovet Sosialist Respublikasına (ASSR) bağlı olub. ASSR isə Sovet İttifaqının 1977-ci ildə qəbul edilmiş Konstitusiyasına əsasən (76-cı maddə) SSRİ-də suveren dövlətlərdən biri idi. Üstəlik, Dağlıq Qarabağ heç bir suveren statusa malik olmayıb. Beləliklə, Sovet İttifaqı dağıldıqdan sonra buradakı regionların daxili administrativ sərhədləri ittifaqa daxil olmuş keçmiş üzvlərin beynəlxalq sərhədlərinə çevrilib.

Bundan başqa, Sovet İttifaqına daxil olan dövlətlər SSRİ-dən ayrılmaqla bağlı qəbul etdikləri qanundan yararlana bilməyiblər. Çünki Sovet İttifaqı üzv dövlətlərin bu qanunu icra etməsinədək parçalanıb.

Üçüncüsü, beynəlxalq hüquq üzrə ixtisaslaşmış peşəkar mütəxəssislər sübut edib ki, xalqların müqəddəratını təyin etməsi hüququ (Dağlıq Qarabağın erməni əhalisinin yanlış olaraq tez-tez bəyan etdiyi məsələ) etnik azlıqlara aid deyil və ayrılmaq hüququ anlamını nəzərdə tutumur. Bundan başqa, Dağlıq Qarabağdakı etnik azlıq Azərbaycan və ya Ermənistan xalqlarından ayrı xalq deyil. Onlar etnik ermənilərdir və rəsmi olaraq Azərbaycan vətəndaşlarıdırlar. Bu etnik ermənilər hansısa uzaq müstəmləkə ərazisində də yaşamır. Odur ki, söhbət onların müqəddəratı təyin etmə hüququ əsasında “müstəmləkədən azad olma”sından dagetmir.

Dördüncüsü, beynəlxalq hüquqda “xilas naminə ayrılmaq” anlayışı yoxdur. Beynəlxalq Ədalət Məhkəməsi bu haqda Kosovonun müstəqilliyinin elan olunmasına dair məsləhətverici qərarında bəhs edib. “Xilas naminə ayrılmaq” əslində, siyasi konsepsiyadır. Onun beynəlxalq hüquqla sıx bağlılığı yoxdur. Bundan başqa, bu konsepsiyanı Dağlıq Qarabağa aid etmək yumşaq desək sinizmdir. Çünki regiondan oranın erməni deyil, azərbaycanlı əhalisi qovulub, təqiblərə məhz azərbaycanlı əhali məruz qalıb.

Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğuna gəlincə, bu, vacib regional dövlətlərin və regiona aid olmayan oyunçuların siyasi mövqelərində də əks olunub. BMT Təhlükəsizlik Şurasının bütün daimi üzvləri (ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya) qəbul edir ki, son həftələrdəki hərbi əməliyyatlar məhz Azərbaycanın suveren ərazisində baş verib və Ermənistan təcavüzə məruz qalmayıb. Hətta Ermənistanda hərbi bazası olan, bu ölkədə həyati əhəmiyyət kəsb edən infrastrukturun böyük hissəsinə nəzarət edən, Yerevanın strateji tərəfdaşı olan Rusiya belə, hərbi əməliyyatların Ermənistanın suveren ərazisində baş vermədiyini deyib. Bununla Moskva belə şəraitdə Yerevan qarşısında kollektiv müdafiə ilə bağlı öhdəliyinin olmadığını vurğulayıb.

Bir sözlə, sadalanan bütün faktlar Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması ilə bağlı çağırışların əsassız olduğunu təsdiqləyir. Əsk təqdirdə bu, beynəlxalq hüququn və beynəlxalq ictimaiyyətin mövqeyinin açıq-aşkar pozulması olardı. ABŞ da nəzərə almalıdır ki, beynəlxalq hüquq düzəninə qarşı atılacaq hər hansı addım məhz Vaşinqtonun digər dövlətlərlə birgə 1945-ci ildən sonra qurduğu beynəlxalq təhlükəsizlik sisteminə təhdid yaradacaq.

(İngilis dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: The National Interest