Dağıstanda koronadram: region Rusiyanın İtaliyasına çevrilir – “Xəstəxanaya ancaq bəxti gətirənlər düşür…”

87

Dağıstan koronavirusun yayılmasına görə Rusiya regionları arasında liderlərdən birinə çevrilir. “Moskovskiy Komsomolets” qəzeti Dağıstanda hökm sürən və getdikdə pisləşən dramatik situasiyadan bəhs edib. Bildirilir ki, mayın 18-dən, prezident Vladimir Putinin regiondakı vəziyyətə diqqət yetirmsindən etibarən respublikanı Rusiyanın İtaliyası hesab etmək olar. Ən azından Putinin diqqətindən sonra Mahaçqala yardım almağa başlayıb, hərçənd yerli sakinlər inanmırlar ki, bu vaxtdan sonra nəsə vəziyyəti yaxşılığa doğru dəyişə bilər.

Dağıstan xəstəxanalarında hazırda 3500-dən çox koronavirusa yoluxmuş xəstə var. Lakin respublikada virus mənşəli pnevmoniya diaqnozu 13 mindən çox insana qoyulub, Dağıstanın baş pulmonoloqu bildirir ki, bu halların 95 faizdən çoxu COVİD-19 virusu ilə bağlı ola bilər. Məsələ bundadır ki, pnevmoniyalı xəstələri test edib onların koronavirusa yoluxduğunu təsdiqləmək imkanı məhduddur. Hətta Dağıstanın keçmi rəhbəri Ramazan Abdulatipov bildirib ki, evə qayıdıb feldşer kimi işləməyə, insanlara bacardığı köməyi etməyə hazırdır.

Qəzet yazır ki, əvvəlcə region əhalisinin əksəriyyəti virusa əhəmiyyət vermirdi, hesab edirdilər ki, koronavirus ya ümumiyyətlə yoxdur, ya da onun doğurduğu təhlükə şişirdilir. İndi isə dağıstanlılar əmindir ki, hakimiyyət rəqəmləri aşağı göstərir. Region sakinləri zarafatla deyirlər ki, əgər onlar sağalsalar hökmən koronavirusdan sağalmış olacaqlar, ölsələr isə ancaq pnevmoniyadan öləcəklər.

Dağıstan rəhbərliyinin açıqladığı quru rəqəmlər də situasiyanın nə dərəcədə ciddi olduğunu təsdiq edir. Məsələn, bildirilir ki, respublikada koronavirus xəstələrinin 60 faizinin vəziyyəti ağırdır. Rusiya üzrə isə bu, 20 faizdən çox deyil. Habelə Səhiyyə Nazirliyinin komissiyası aydınlaşdırıb ki, Dağıstan həkimləri xəstəxanaların “qırmızı zonasına” daxil olmağa qorxurlar, yəni ən ağır xəstələri müalicə edən faktiki olaraq yoxdur.

Yerli “Çernovik” saytının baş redaktorunun müavini Maqomed Maqomedov qəzetə açıqlamasında deyib ki, ölənlərin sayı da regionda vəziyyətin nə dərəcədə dramatik olduğunu göstərir. İndiyədək Dağıstanda 700-dən çox adam koronavirusdan ölüb. Həkimlərə gəldikdə isə situasiya burada birmənalı deyil. Pandemiya təzə başlayanda Dağıstan həkimlərinin çoxu virusa inanmırdı və əhəmiyyət vermirdi. Yaşı 55-dən yuxarı olan həkimləri yoluxmadan qorumaq üçün onlara məzuniyyət təklif eləsələr də onlar bununla razılaşmayıblar. Vəziyyət pisləşəndə isə həkimlər xəstələrin yanına qoruyucu geyimlər və vasitələr olmadan daxil olmağa məcbur olublar. Nəticədə birinci yoluxma dalğasında koronaviruslu xəstələrlə işləyən həkimlərin 70 faizdən çoxu yoluxub, onlardan 40-dan çoxu ölüb. Bundan sonra bir çox həkimlər “qırmızı zonaya” daxil olmaqdan qorxublar.

Maqomedov deyir ki, ən mürəkkəb vəziyyət Dərbənddə hökm sürür. Tranzit məntəqəsi olan şəhərdə əhali xeyli müddət koronavirusa məhəl qoymayıb, özünütəcridə əməl etməyib, maska taxmayıb və s. Dərbənd mərkəzi xəstəxanasında yoluxanlar üçün “qırmızı zona” yaradılmayıb. O cümlədən həkimlər virusa yoluxanlarla necə işləməyi bilmirdi.

Daha bir problem bundan ibarətdir ki, hər xəstəxanaya yerləşdirlən xəstə evdə müalicə olunan daha 3-5 adam  deməkdir. Onları yerləşdirməyə sadəcə olaraq yer yoxdur, xəstəxanalar dolub, təcili yardım isə çağırışa gəlmir. Yoluxanları sahə həkimləri telefonla konsultasiya edir.

“Şəxsən məndə belə fikir formalaşıb ki, xəstəxanaya ancaq bəxti gətirənlər düşür. Hələ 10 gün əvvəl kimdə pnevmoniyaya tutulduğunu təsdiqləyən kompüter tomoqrafiyası görüntüsü vardısa onları xəstəxanaya yerləşdirirdilər. Lakin KT-dən keçmək üçün evdən çıxmaq və nəhəng növbədə dayanmaq, növbəsi çatana qədər bir həftə gözləmək lazım gəlir. Bu müddət ərzində isə xəstə sadəcə olaraq ölə bilər, bəs həmin vaxta o daha nə qədər adamı yoluxduracaq?”,-dağıstanlı jurnalist deyir.

Regiona dünəndən etibarən federal yardımın göndərilməsi ilə bağlı danışan Maqomedov bildirir ki, pandemiyanın 50-ci günündə küçələrin dezinfeksiyası nəyisə dəyişməyəcək. Amma hospitalın tikintisi situasiyaya təsir edə bilər. Ən başlıca məsələ isə Dağıstanın dərman təchizatıdır. Pandemiya dövründə koronavirusun müalicəsində kömək edən dərmanların qara bazarı yaranıb, belə dərmanlar on dəfələrlə bahalaşıb.

Üstəlik insanlar karantinə əməl etmirlər. Maqomedov deyir ki, Putin Rusiyada koronavirusa görə elan edilmiş qeyri-iş günlərinin başa çatdığını elan edən kimi Mahaçqalada az qala hamı küçəyə axışdı. “Elə təəsürat vardı ki, şəhər 9 mayı qeyd edir. Küçələr adamla, maşınla dolu idi. O cümlədən insanları evdən çıxmağa məcbur edən səbəb pul qazanmaq zərurətidir”,-jurnalist deyib./virtualaz.org/