“Dadaş Rzayev, Sülhəddin Əkbər, Fərəc Quliyev hadisələrin ilk günündən xəyanət yolunu tutub” – Fərəməz Novruzoğlu

81

“Elçibəyin iqtidardan getməsində açar rolunu oynayan 3 mühüm şəxs bunlardır”

“4 İyun Gəncə qiyamı” ilə bağlı hərtərəfli araşdırma, təhlil və analizlər bu nəticəyə gəlməyə əsas verir ki, Elçibəyin iqtidardan getməsində açar rolunu oynayan 3 mühüm şəxs bunlardır: Dadaş Rzayev – dövrün Müdafiə naziri, Sülhəddin Əkbər – Milli Təhlükəsizlik nazirinin 1-ci müavini, Fərəc Quliyev – AXC İcraiyyə Komitəsinin sədri”. Hurriyyet.org xəbər verir ki, bu barədə tanınmış hərəkatçı və Şərurun keçmiş icra başçısı Fərəməz Novruzoğlu (Elçin İlqaroğlu) sosial şəbəkə hesabında qeyd edib.

“Hər 3 şəxs eyni mərkəzdən idarə olunub..”

F. Novruzoğlunun sözlərinə görə, hər üç şəxs hadisələrdə birbaşa iştirakçı olmaqla yanaşı, əlində yetərincə güc və səlahiyyət olsa da, bu gücü qiyamın yatırılması işinə yox, daha da genişlənməsi, xaos yaranması və nəticədə Elçibəyi hakimiyyəti təhvil vermək məcburiyyəti qarşısında qoymağa sərf ediblər: “Hər 3 şəxs hadisələrin ilk günündən xəyanət yolunu tutub. Hər 3 şəxs eyni mərkəzdən idarə olunub..”.

“Bütün bunlar vahid xəyanət planının tərkib hissəsiydi”

“Hələ hadisələr başlamamışdan həbs olunan Surət Hüseynovun buraxılması göstərişinin verilməsi, Nəvaiyə qədər qiyamçıların demək olar ki, maneəsiz şəkildə irəliləməsi, Nəvaidə onların qarşısını kəsən naxçıvanlı döyüşçülərin sərəncamına verilən tankların lülələrinə qum doldurulması, hərbi texnikanın sıradan çıxarılması, bütün bunlara baxmayaraq, qiyamçıların qarşısını alan döyüşçülərə “Bakıya geri dönün” əmrinin verilməsi və s. Bütün bunlar vahid xəyanət planının tərkib hissəsiydi”,-deyə keçmiş icra başçısı nəzərə çartdırıb.

Şamo EMİN, Hurriyyet.org