“Dərmanların qiymətini süni surətdə bahalaşdırmaq dövlətə və xalqa qarşı xəyanətdir”

663

Oruc Şəfiyev: “Koronavirusa yoluxan şəxslər 4-5 həftə sosial təcridə ciddi əməl etməlidir”

Təcrübədə belə hallar olub ki, virusa yoluxub, sağalmış və 20 gün sonra testi neqativ çıxmış şəxs ətrafındakıları yoluxdurub

“COVİD-19 ilə qripin ən önəmli fərq təngənəfəslik və boğulmadır…”

“Koronavirus pandemiyasının ikinci dalğasının ən yüksək həddinin keçdiyini söyləmək olar…”

Koronavirus pandemiyasının ikinci dalğası bütün dünyada olduğu kimi, bizim ölkədə də cəmiyyəti öz təsiri altına alıb. Pandemiyanın meydana çıxdığı zamandan bir il ötsə də, COVİD-19 virusu ilə bağlı hələ də bilmədiyimiz məqamlar mövcuddur. Virusun əlamətləri, onun ikinci dalğası və digər məsələlərə Abşeron Modul Tipli Xəstəxananın rəhbəri həkim cərrah Oruc Yunis oğlu Şəfiyevlə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

Vətən müharibəsi zamanı əsgərlərimizə şəfa verənlərdən biri olan Oruc həkim indi də koronavirusla mübarizənin ön cəbhəsindədir.

– COVİD-19-u adi soyuqdəymədən və ya qripdən fərqləndirən hansısa üsül var? Simptomlar oxşardır, bəs bu virusun xüsusi əlamətləri nələrdir?

– İlk öncə qeyd etmək istərdim ki, COVİD-19 ilə qrip və zökəm arasında bir sıra oxşar və fərqli cəhətlər var. Koronovirus infeksiyasının əsas simptomları hərarət, halsızlıq və quru öskürəkdir. Bəzi xəstələrdə burun tutulması, burun axması, boğazda ağrı, səpgi və ishal da ola bilər. Bu əlamətlər nadir hallarda müşahidə olunsa da, koronaviruslu xəstələrdə müşahidə olunur. Bundan başqa, hərarətin yüksəlməsi zökəm və qripdə olduğu kimi COVİD-19-da rast gəlinir. COVİD-19 ilə qripin kliniki əlamətləri çox oxşar olduğu üçün bəzən bir-birindən ayırmaq çətin olur. Hər ikisində də kəskin şəkildə başlayan qızdırma, quru öskürək və halsızlıq qeydə alınır. Ancaq fərqlər də mövcudddur. Ən önəmli fərq isə təngənəfəslik və boğulmadır. Bu əlamətlərdən biri və ya hər ikisinin olması qripə deyil, COVİD-19 xəstəliyinə xasdır. Hər bir halda xəstəliyin düzgün differensasiyasının aparılması üçün həkimə müraciət edilməlidir.

– Belə fikirlər var ki, Covid-19 ancaq yanaşı xəstəliyi olan insanlarda ölümə səbəb olur. İnsanlar konkret bu virusdan ölə bilərmi?

– Xəstələri distress sindromu öldürür. Bu o deməkdir ki, ağciyərlər qanın normal oksigen qəbul etməsini təmin edə bilmir. Süni nəfəs aparatı sayəsində bu çox vaxt düzəldilir, lakin həmişə deyil, çünki bəzən vəziyyət o qədər mürəkkəbləşir və ağciyərlər hədsiz zədələnir ki, heç nə kömək etmir. Yaşlılar bədənləri zəiflədiyi üçün daha çox risk altındadır. Amma ağırlaşma halları risk faktorlarına sahib 50-dən yuxarı yaşdakı insanlarda müşahidə edilir. Risk faktorlarına şəkərli diabet, böyrək çatışmazlığı, hipertoniya, sirroz, astma, ürək çatışmazlığı və bu kimi xəstəliklər daxildir. İnfeksiyadan ölənlərin əskəriyyəti də məhz bu vəziyyətdəkilər olub. İnsan nə qədər yaşlı olarsa, ağciyər xəstəliyi, ürək-damar xəstəliyi, şəkərli diabet kimi patologiyaları varsa və ya sadəcə kökdürsə, sağalma proqnozu bir o qədər qaranlıqdır. Ancaq əsas amil yenə də ağciyər sağlamlığıdır.

– Yeni sağalmış səxş ətrafdakı insanları COVİD-19-a yoluxdura bilərmi?

– Bəli. Koronovirusa yoluxmuş və sağalmış səxş başqalarını yoluxdura bilər. Buna görə, sağalmış şəxlərin ən azı 28 gün, arzu olunan halda isə 35 gün özünü təcrid etməsini və digər insanlarla yaxın münasibətlərdən qaçılması tövsiyə olunur. Bu tövsiyəyə əməl etmək lazımdır. Təcrübədə belə hallar olub ki, virusa yoluxub, sağalmış və 20 gün sonra testi neqativ çıxmış şəxs ətrafındakıları yoluxdurub. Buna görə, koronavirusa yoluxmuş şəxslər 4-5 həftə sosial təcridə daha ciddi əməl etməli, ətrafındakıları yoluxmadan qorumalıdır.

-Koronavirus pandemiyasının ikinci dalğasının bu qədər ağır olacağı gözlənilən idimi?

-İkinci dalğa başlamış o vaxt sayıldı ki, infeksiyaya yoluxma halları davamlı olaraq artmağa başladı. Bütün dünyada olduğu kimi bizim ölkədə də koronavirisun ikinci dalğası gözlənilən idi. Gözlənilən olduğu üçün dövlətimiz gərəkən tədbirləri görmüşdü. Bu tədbirlərin sırasında modul tipli xəstəxanaların tikilməsini, koronavirusun müalicəsində istifadə olunan dərmanların ehtiyatının yaradılması başqa ölkələrdə yaşanan qorxunc senarilərin bizim ölkədə baş verməsinin qarşısını aldı. Bu işdə TƏBİB yanında yaradılmış Əlaqələndirmə Mərkəzinin böyük rolu var. Bir çox ölkələrdə dərman çatışmamazlığı çox ağır nəticələrə səbəb oldu. Bizdə isə bu hallar yaşanmadı. Qısa müddətdə bəzi dərmanların qıtlığı hiss olunsa da, aradan qaldırıldı. Təəssüf ki, sui-istifadə etməyə çalışan işbazlar da vardı. Bir çox hallarda belə işbazlar süni qıtlıq yaratmaqla dərmanların qiymətinin bahalaşmasına nail olmaqla yüksək gəlir əldə etməyə çalışırdılar. Belə halları dövlətə və xalqa qarşı xəyanət hesab edirəm.

Onu da qeyd etmək istərdim ki, Azərbaycanda koronavirusun ikinci dalğası Vətən müharibəsinin getdiyi günlərə təsadüf etdiyi üçün səhiyyəmizin üzərinə daha çox vəzifə düşdü. Amma, buna baxmayaraq, Azərbaycan səhiyyə sistemi üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi. Burada TƏBİB-in rolunu xüsusilə qeyd etmək lazımdır.

-Azərbaycanda koronavirus pandemiyasının ikinci dalğasının ən yüksək həddinin keçildiyini, bundan sonra yoluxmaların tədricən aşağı düşəcəyini gözləmək olarmı?

-Koronavirus pandemiyasının ikinci dalğasının ən yüksək həddinin keçdiyini söyləmək olar. Virusa yoluxmların sayında ciddi azalma müşahidə olunur. Ancaq, bu, cəmiyyətdə arxeyinlik yaratmamalıdır. Çünki belə hallarda arxayınlıq, məsuliyyətsizlik xəstəliyin artmasına səbəb ola bilər. Buna görə də bütün tövsiyələrə ciddi əməl olunmalıdır. Xüsusilə sosial məsafə, tibbi maskadan istifadə və dizinfeksiya tədbirlərinə əməl olunmalıdır. Onu da nəzərə almaq lazımdır ki, artıq tezliklə peyvəndləmə prosesi başlayacaq. Hazırda səhiyyə ocaqlarında peyvəndləməyə hazırlıq gedir və yaxın zamanda bu proses başlayacaq. Prezident İlham Əliyevin göstərişinə uyğyn olaraq mart ayına kimi əhalinin çox hissəsi peyvənd olunacaq. Ondan sonra tədricən normal həyata qayıtmaq mümkün olacaq.

-Pandemiya ilə bağlı həkimlərə və tibb işçilərinə dövlətin dəstəyini yetərli hesab etmək olarmı?

– Bəli, həkimlərə və bütün tibb işçilərinə dövlət çox ciddi dəstək verdi. Burada koronavirusla mübarizəyə cəlb olunmuş tibb işçilərinə əmək haqqının beş mislinin əlavə maliyyə yardımı olaraq verilməsini xüsusi qeyd etmək istərdim. Bu çox böyük dəstək idi.

-Cəmiyyətdə koronavirus xəstələrinə göstərilən səhiyyə xidməti ilə bağlı bəzən tənqidi fikirlərə rast gəlinir. Bu tənqidləri nə dərəcədə obyektiv hesab etmək olar?

– Cəmiyyətin digər sahələrində olduğu kimi, səhiyyədə də vəziyyətin ideal olduğunu söyləmək yanlış olar. Digər sahələrdə olduğu kimi səhiyyə sahəsində də nöqsanlar var. Amma dünyanın başqa dövlətləri ilə müqayisə edəndə Azərbaycandakı vəziyyət çox yüksəkdi. Tənqidlərin bir hissəsi də insanların vəziyyəti doğru qiymətləndirə bilməməsi ilə bağlıdır. Ambulator şəkildə müalicə ala biləcək şəxslərin bəzilərinin hökmən xəstəxanaya qəbul olunmalarını tələb etmələri halları vardı. İstəkləri yerinə yetirilməyəndə isə tənqidi fikirlər meydana çıxırdı.

 

Söhbətləşdi: Arzuman LOĞMANOĞLU