Dərbəndin meri Azərbaycana və azərbayanlılara qarşıdır

363

Dağıstana mədəniyyət gətirən xalqın mədəni həyatı sıradan çıxarılıb

Ötən il aprel ayının 30-da Dərbəndin meri Xızrı Abakarov ictimaiyyətlə görüşündə   “Dərbənd-Azərbaycan Dövlət Teatrı” üçün binanın tikintisinə qarşı olduğunu bildirib. Halbuki, şəhərdə “Süleyman Staski adına Ləzgi Dövlət Teatrı”, “Tabasaran Teatrı” və “Tat Teatrı”nın binaları mövcuddur. 300 minə yaxın əhalisi olan bu qədim şəhərin əhalisinin 200 min nəfərin azərbaycanlı olması Dağıstan hakimiyyətinin vecinə deyil. Halbuki  anlaşmaya görə Azərbaycanda ləzgilər, Dağıstanda azərbaycanlılar üçün ayrıca dövlət teatrının fəaliyyət göstərməsinə imkan yaradılmalıdır. Beləliklə 1993-cü ildə Azərbaycan hökumətinin 3 iyul 1993-cü il 177 saylı qərarı ilə Qusar rayonunda “Ləzgi Dövlət Dram Teatrı” yaradılmışdır. Dağıstanda isə, bu günə kimi hər hansı bir ciddi addımlar atılmamışdır.

Dağıstana mədəniyyət gətirən xalq

Bu qonşu respublikada ilk dəfə “Azərbaycan Teatrı” 1904-cü ildə yaradılıbdır. 1934-cü ildə teatra dövlət teatrı statusu verilib. 1944-cü ildə teatrın fəaliyyəti müvəqqəti olaraq qapadılmış və keçmiş Sovetlər Birliyi dağılana qədər həvəskar teatr statusu ilə fəaliyyət göstərib. Teatra yenidən dövlət statusu 1994-cü ildə verilib. Ancaq, bu günə kimi “Dərbənd Azərbaycan Dövlət Teatrı”nın binası yoxdur. Teatr tövlədə yerləşir və tamaşalarını səyyar şəkildə ifa edir. Problemin çözülməməsində suçlu sadəcə Dağıstan hökuməti deyil, həm də Azərbaycanın mədəniyyət naziri olmuş Polad Bülbüloğlu və Əibülfəs Qarayevdir. Yaranmış problemin həlli üçün prezident İlham Əliyevin 3 avqust 2015-ci il tarixdə imzaladığı sərəncamala prezidentin ehtiyat fondundan 5 milyon manat vəsait ayrılıb. Həmin pulla “Dərbənd Azərbaycan Dövlət Teatrı” üçün ayrıca bina tikilməli idi. Dağıstan hökuməti teatr üçün xüsusi layihə də hazırlamışdı. Mədəniyyət naziri Əbülfəs Qarayevin səbatsızlığı ucbatından teatrın binası bu günə qədər inşa edilmədi. Arada 5 milyon manat da yoxa çıxdı. Nazirliyin yeni rəhbərliyinin bu işə ciddi yanaşmasını ən çox dərbəndlilər istəyirlər. Buna görə də onların problemlərini qaldırmaq məcburiyyətindəyik.
Qeyd edək ki, Dağıstanın tarixində ilk dəfə peşəkar teatr kimi fəaliyyət göstərən bu teatr bölgənin elə bir məkanı yoxdur ki, orada maraqlı tamaşalar oynamasın. İndi parlaq teatr binalarına malik olan bir sıra xalqlar həmin dönəmdə teatrın nə demək olduğunu bilmirdilər. Qazmalarda yaşayır və həyatlarını beləcə davam etdirirdilər. 1920-ci ildən sonra, Dağıstanda açıq şəkildə olmasa da, azərbaycanlıların bütün mədəni ocaqları binasız qalmış və ya statusu kiçildilmişdir. Soydaşlarımıza məxsus mədəniyyət ocaqları həvəskarlar səviyyəsinə endirilmişdir. Digər xalqların mədəni ocaqları gen-bol imkanlara malik olsa da, onların peşəkarlıq səviyyəsi heç zaman həvəskarlıqdan uzağa getməmişdir.

30 aprel rəzalətinin arxasındakı vəhabizm kölgəsi

Ötən ilin 30 aprel tarixində Dərbənd meriyasının toplantı salonunda ictimaiyyətlə görüş zamanı mer Xızrı Abubakaraov şəhərin azərbaycanlı sakinlərinin Dövlət Teatrı ilə bağlı sorğularına belə cavab verib: “Teatrın binasının Nizami Gəncəvi parkının ərazisində inşa edilməsi təklifi irəli sürülüb. Məsələ bundadır ki, orada məzarlıq aşkar olub və əsaslı tikinti işi aparmaq olmaz. Azərbaycandan olan memarlar teatrın binası üçün layihələri bizə təqdim ediblər. Binanın harada inşa edilməsi baş plan təsdiq olunandan sonra müəyyənləşəcək. Azərbaycanlılar ancaq öz mədəniyyətlərini inkişaf etdirmək istəyirlər. Bu, tamamilə yalnış yanaşmadır”. Mer Xızrı Abubakarov nitqini davam etdirərək vəhabilər kimi fikirlərini belə açıqlayıb: “İslam alimləri sünnəni Əbu Davud, Səhih Müslim və İmam Buxarinin yazdıqları hədislərin hamısında millətçiliyi kəskin şəkildə tənqid ediblər”. Xızrı Abakarov hətta bir neçə hədislər söyləyibdir. O, cuşa gələrək fikrini belə davam etdirib: “Hədislərin mənası təxminən odur ki, Allahın rəsulu Məhəmməd peyğəmbər (s.a.v) əshabiyyə (traybalizim və ifrat millətçilik) nədir sualına cavab verərkən deyib ki, kim millətçiliyə çağırırsa, kim millətçilik üçün vuruşur və ölürsə, bizdən deyildir. Bundan əl çəkin. Bu çirkin və iyrəncdir”. Beləliklə Xızrı Abakarov antiazərbaycan mövqeyini sərgiləyibdir. O zaman sual yaranır ki, nədən Dağıstanda yaşayan 33 xalqın öz mədəni mərkəzlərinə sahib olması milliyyətçilik sayılmır, azərbaycanlılar məsələsi gələndə fərqli mövqe nümayiş etdirilir? 
Qeyd edək ki, 2015-ci ildən sonra Dağıstanda vəhabilər radikal mövqelərindən əl çəkərək hakimiyyətin müxtəlif eşalonlarında vəzifələr tutmaqla yanaşı, bu ideyanın  qanun və qaydalarını addım-addım tətbiq etməyə başlayıblar. Vəhabi alimlərinin əsərlərindən hədislər deyərək öz hədəflərinin gizlinlərini gerçəkliyə çevrirlər. Xızrı Abakarov da belə məmurlardan biridir. O, ömrü boyu Dərbənd şəhərində yaşamasa da, milyader, “Sadval” və digər etnik separatizm ideyalarına dəstək verən Süleyman Kərimovun kadrı kimi bu vəzifəyə təyin olunub. Belə bir düşüncə ilə Dağıstan əslində XIX və XX yüzilin əvvəllərində ictimai-sosial anlamda geniş müzakirələr mövzusu olan “cəridətçilik” düşüncəsinə yuvarlanır. Bu, hər bir yeniliyin “şəriət ehkamları” çərçivəsində idarə olunması deməkdir. Belə bir yanaşım tərzi ilə uydurma “hədislər toplusu” sayəsində istənilən siyasəti yürütmək asan başa gəlir. Hökm verildi və hər şey bitdi. 

Azərbaycanlılara ögey münasibətin başqa səbəbləri də var

“Dərbənd Azərbaycan Dövlət Teatrı”nın binasının inşası üçün Azərbaycan tərəfindən ayrılan 5 milyon manat vəsaitin taleyi belə bəlli deyil. Azərbaycanın mədəniyyət nazirliyi isə, neçə illərdir it-bata düşmüş 5 milyon manatın taleyi ilə heç ilgilənməyib. Sabiq nazir Əbülfəs Qarayevin mədəniyyətdən daha çox, özünün şəxsi biznesi ilə məşğul olduğu da hər kəsə bəllidir. Çünki mədəniyyətdən ümumiyyətlə başı çıxmırdı.
Mənşəcə tat olan və Rusiya estradasının ulduzu və humanitar aksiyalar keçirməyi sevən müğənni Jasmin (Sara Manaximova) Dərbənddə “Tat Xalq Teatrı” üçün ayrıca bina inşa etdirib. Həmin teatr həvəskarlar üçündür. Dərbənd və ətrafında 12 min nəfər tat yaşayır. Ayda bir dəfə olmaqla özlərinin “Vatan” adlı qəzetlərini çap edirlər. Ayrıca “Tat Xalq Teatrı”nı yaradıblar. Başqa mədəni-kütləvi tədbirlər keçirmək üçün ocaqlar qurublar. Azərbaycanlıların sayı Dərbənd və ətrafında 200 min nəfərdən çoxdur. Mədəniyyət üzrə adi bir ocaqları yoxdur. Deməli Azərbaycanın mədəniyyət nazirliyi Dərbəndlə illər boyu doğru-düzgün çalışmayıb. Dağıstanda Muxu Əliyevin (2006-2010) və Ramazan Abdulatipovun (2014-2017) prezident olduqları dönəmdə Dərbəndə və azərbaycanlılara qarşı ögey münasibətlər sərgilənib. Beləcə 14 ildir Dərbənddə azərbaycanlılarla bağlı mədəni ocaqlar gözüm-çıxdıya salınıb. Dərbənd şəhərinin meri olmuş Feliks Qazıəhmədov, İmam Yarəliyev, Malik Bağlayev və Xızrı Abakarovun irəli sürdükləri konsepsiyaların təkcə bir anlamı olmuşdur: “Mümkün qədər Dərbənddə yerli aborigen xalqı azərbaycanlılar tamamilə sıxışdırılmalıdırlar”. Ona görə də, Dərbənddə soydaşlarımızın ictimai və mədəni sahələrdə hüquqları illərlə pozulmaqda davam edir. Xızrı Abakarov bu yöndə çılpaqlığı ilə seçilir. Çünki, süni şəkildə şəriət ehkamları ilə Dərbəndi nəzarətdə saxlamaqla soydaşlarımızı öz problemləri ilə baş-başa qoymaqla antiazərbaycan hədəflərinə nail olacağını düşünür.

Bol-bol hədislərin yağmuru altında

Dərbəndin indiki meri Xızrı Abakarovdan öncəki merlər vəzifə səlahiyyəti gücünə istədiləri saxkarlıqları həyata keçirirdilər. Buna örnək kimi İmam Yarıliyevin gördüyü əməlləri sadalamaq yetər. Onun mer olduğu dönəmdə şəhərin 17 dövlət idarəsində bütün azərbaycanlı məmurlar işdən çıxarıldılar. Onların yerinə dağdan enmiş və dövlət qulluğu nə demək olduğunu biməyənlər təyin olundular. Adi süpürgəçi belə, xüsusi qeydiyyatdan keçməli idi. Hər hansı azərbaycanlıya iş vermək sanki cinayət idi. Malik Bağlayevin dönəmində azərbaycanlılar prezident Ramazan Abdulatipovun əmri ilə ya həbs olunur, ya da “könüllü” olaraq işdən çıxarılırdılar. “Qapalı mafioz”luq siyasəti yürüdən Feliks Qazıəhəmədov pambıqla baş kəsmək taktikası ilə hərəkət edib. İki ildir mer vəzifəsində işləyən Xızrı Abakarovu şəhər əhalisi hələ də tanımır. Çünki, kabinetindən çölə çıxmır. “Köhnə, yararsız evlər” planı adı altında şəhərin ən qədim məhəllələrində və xüsusilə tarixi memarlıq abidələrin sıx olduğu məkanda yaşayan azərbaycanlıların öz yuvalarından qovulması prosesi an məsələsidir. Dünya mədəniyyətinin ən böyük memarlıq abidə kompleksi sayılan Narın Qalanın yanında Ramazan Abdulatipov özünə 40 otaqlı villa tikdirib. Guya villanı Rusiya Federasiyası prezidenti Vladimir Putin üçün inşa etdirib. Halbuki, “Narın Qala” tarix memarlıq kompleksinın hər an dağılmaq təhlükəsini yaşayan məkana çevrilib. İndiki məqamda mliyader Süleyman Kərimov Xızrı Baqlayevi mer təyin etdirməklə, əslində Narın Qala memarlıq kompeksi ətrafında azərbaycanlılara məxsus məhəllələrin yoxa çıxması və bunun qarşılığında göydələn binaların inşa edilməsi planlaşdırılıb. Soydaşlarımız bu layihənin qurbanına çevrilə bilərlər. Ancaq, əhalinin müqavimət göstərməsi onun bu planını havaya uçurub.
“Beçinci Kolon”un Dərbənd azarı

Zaman dəyişsə də, zəkası dəyişməyənlər adlı bir zümrə mövcuddur. Onlar kimin prezident, deputat və mer seçilmələrini müəyyən etməyi çox sevirlər. Sonra isə, siyasi, iqtisadi və sosial sahələri nəzarətdə saxlamaqla uzun illər özlərinin maraq dairəsi çərçivəsində idarəetmə sisteminin başında durarlar. Dağıstanda da durum belədir. Xüsusilə Dərbənd şəhərinə olan ögey münasibətləri sayəsində başlıca prinsip azərbaycanlıları mümkün qədər dərin problemlərlə üz-üzə qoyaraq onların deportasiyasını təmin etmək hədəfləri yaşanılır. Əgər azərbaycanlılara məxsus mədəni təsisatlar bürokratik əngəllərlə üz-üzə qalaraq qapadılmasaydı, şəhərin ən qədim əhalisi statusu ilə, öz kimliklərini də qoruyub saxlaya bilərdilər. Bu mənada “Dərbənd Azərbaycan Dövlət Teatrı”nın olması müstəsnalıq təşkil edir. Meriya ilə mədrəsəni dəyişik salan Xızrı Abakarov kimi. Azərbaycan prezidentinin ayırdığı 5 milyon manatın taleyi bəlli olmayınca və həmin vəsaitin öz ünvanına uyğun şəkildə sərf edilməyincə “Dərbənd Azərbaycan Dram Teatrı”nın taleyi də bəlirsiz qalacaqdır. Ona görə də, Azərbaycanın mədəniyyət nazirliyinin yeni heyəti bu barədə daha ciddi addımlar atmalıdır. 116 illik şanlı tarixi olan bu qocaman teatrın mal tövləsində yer alması bizim üçün əsil şərəf məsələsinin acılarından biridir. İmkan verilməməlidir ki, bu şərəf sabah tapdaqlar altında qalsın.

Ənvər BÖRÜSOY, sənətşünas
Dərbənd-Bakı