Cümhuriyyət Günündə türk şəhidləri anıldı – FOTOLAR

81

Bayram günü kimi qeyd edilən Türkiyə Cümhuriyyəti 29 oktyabr 1923-cü ildə quruldu.

Osmanlı İmperatorluğunun Birinci Dünya Müharibəsində məğlub olması və torpaqların qalib dövlətlər arasında  yağmalanması keçən əsrin əvvəllərində ölkəni böyük ümidsizlikliyə boğmuşdu. Amma Qərbin heç gözləmədiyi bir halda ortaya Qazi Mustafa Kamal Atatürk kimi bir qəhrəman sərkərdə çıxdı və milli gücləri öz baş komandanlığında birləşdirərək Qurtuluş Savaşına başladı.

29 oktyabr 1923-cü ilə qədər sürən danışıqlardan sonra Cümhuriyyətin yaranması və Ankaranın paytaxt olması bütün dünyaya elan edildi.

Bu gözəl bayram günü Türkiyə Cümhuriyyətini quran milli mübarizə qəhrəmanlarının xatirəsini anmaq üçün “Türk Dünyası Ağsaqqalları” qəzetinin kollektivi adətini pozmadı. Qonaqlarla birgə Şəhidlər Xiyabanında və Şamaxıda yerləşən Türk Şəhid Məzarlığını ziyarət etməyə yollandılar.

Baş redaktor Ramin Əhmədovun maddi-mənəvi dəstəyi  ilə təşkil olunan Ziyarətdə Şərafət Şəfa, Eyvaz Hünbətov, Veteranlar Təşkilatının üzvləri, keçmiş döyüş komandirləri Bəhram Şeydayev, Talib Novruzbəyov, Elçin  Həsənov, Türkiyə Avşarlar Birliyinin Azərbaycan Bölməsinin rəhbəri Şöhlət Əfşar və əməkdar jurnalist Akif Cabbarov  da iştirak ediblər.

Türkiyə-Azərbaycan dostluğunun əbədi olmasından danışan iştirakçılar məzarların tozunu təmizləməklə türk qardaşlarına  olan sevgilərini göstərməyə çalışmış, məzarlarını gül-çiçəklə bəzəmişlər.

Allah bütün şəhidlərə rəhmət eləsin!

Şərafət ŞƏFA