“COVİD əlamətləri olan xəstələr test verməkdən imtina edir” – HƏKİM

330

Azərbaycan mediasında sosial məsafə və maska taxmaq kimi tələblərə əvvəlki kimi riayət olunmadığını göstərən məlumatlar yayılır. Öz növbəsində, hakimiyyət qaydaların pozulması ilə bağlı tədbir gördüyünü bildirir. Hazırda yolxuma sayının azaldığı göstərilsə də, görünən odur ki, COVİD-19 əlamətləri olan  bir sıra insanlar test verməkdən imtina edirlər.

Hurriyyet.org xəbər verir ki, həkim Qalib Əsədov, son dövrlər test sayının kəskin azaldığını deyib:

“Qəribə vəziyyət yaranıb.  COVİD əlamətləri olan xəstələr test verməkdən imtina edirlər. Səbəb belə göstərirlər ki, pozitiv olsa küçəyə çıxa bilməyəcəklər. Hətta ailə üzvləri belə aptekə dərman və ya müayinə üçün gedə bilməyəcəklər. Madam ki, əlamətləri var, tanış həkimdən müalicə olunur, əvəzində öz iş-güclərini davam etdirirlər. Çünki evə dərman verilmir, adam məcburdur vaxtaşırı ən azı müayinə üçün həkimə getsin. Test pozitiv olduqda isə əlavə xeyli çətinliklər yaranır. Ona görə də son dövrlər verilən test sayı kəskin azalıb. Nə qədər ki, virusla mübarizə diletant əllərdədir hələ çox əziyyət çəkəcəyik. Düşünülməmiş atılan hər bir addım Bumeranq kimi yenidən qayıdıb, özümüzə zərbə vurur”.

YƏHYA