Çörək ajiotajına etiraz edən məşhurlar: “Birinci çörəyi özüm bişirdim”

162

Ötən həftə sonu Bakı, Sumqayıt, Lənkəran və Gəncə şəhərlərində, Abşeron rayonunda insanların yaşayış yerindən çıxması qadağan idi. Sərt karantin rejimi açıqlandıqdan sonra narıncı ərazidə yaşayan insanlar mağazalara axın etdi və çörək ajiotajı yaşandı. Bundan sonra tanınmış xanımlar evlərində çörək bişirərək, sosial şəbəkədə paylaşdılar. Onlar eyni zamanda qadınları evdə çörək bişirməyə səslədilər.

Bəs, hansı məşhur qadınlar çörək ajiotajına etiraz olaraq evdə çörək bişirdi? Onlar həftəsonunu necə keçirdi?

Məşhur xanımlar arasında sorğu keçirilıb. Çörək bişirən tanınmışlar arasında iş qadını Ruhi Əliyeva da vardı. O, evində bişirdiyi çörəyin görüntülərini sosial şəbəkədə bölüşüb:

ruhi.png (386 KB)

“İzlədiyim videolarda insanların çörəyə görə təşvişə düşdüyünü görüb, həqiqətən çox təəccübləndim. Ev üçün lazımi qidaları almaq təbii ki, vacibdir, amma iki günlük qadağa üçün bu qədər təşvişə düşməyə gərək yoxdur. Mən əminəm ki, elə bir xanım yoxdur ki, çörək bişirməyi bacarmasın. Məsələn, biz mağazadan heç vaxt çörək almırıq. Yalnız evdə özümüz bişiririk. Sizə də bunu məsləhət görürəm, mənim dəyərli xanımlarım. Özünüzü qoruyun”.

nazilw.jpg (99 KB)

Şairə Nazilə Səfərli də çörək bişirən məşhurlar sırasındadır. O, saytımıza açıqlamasında bildirdi ki, karantin günlərini evə çörək, kətə və peraşki bişirərək keçirib:

“Birinci çörəyi mən bişirdim. Dedilər ki, marketlərdə növbə var. Mən də bazarlıq etmədim. Allahın pomidor-xiyarını da almadım. Dedim, evdə nə var, yeyilsin. Qonşudan süd aldım, çörəyi də südlə yoğrulmuş xəmirdən bişirdim. Qış kartofu xarab olurdu, peraşki də bişirdim. Gicitkənim vardı, rəfiqəm gətirmişdi, ondan da kətə hazırladım. Bağımızda da meyvə doludur. Nəyimiz vardı, yedik”.

aysel.jpg (89 KB)

Aktrisa Aysel Nazim bildirib ki, karantin günləri üçün kofe, meyvə, dondurma alıb:

“İki günü evdə ailəmlə keçirdim. Oğlumla salatlar hazırladıq, maraqlı videolar çəkdik. Karantindən bir gün öncə bazarlıq etmişdik. Kofe, meyvə, dondurma almışdım. Bizim evdə çörək az yeyilir. Demək olar ki, mən çörək yemirəm. Ona görə aldığımız çörək kifayət etdi, çörək bişirməyə ehtiyac qalmadı”.

fatimereqqase.jpg (24 KB)

Rəqqasə Fatimə Fətəliyeva bildirib ki, həftəsonunu övladı ilə birlikdə keçirib:

“Karantin günləri üçün marketə qaçanlardan olmadım. Nə çörək, nə başqa ərzaq məhsulları aldım. İsrafçılığı sevmirəm, evimdə olanlardan yedik. Bacarmadığım üçün çörək bişirmədim. Amma vedrəyə xlor töküb, evi təmizləmişəm. İki günü ailəm ilə bağda keçirdim. Oğlumla əyləncəli oyunlar oynadıq, vaxtın necə keçdiyini bilmədik. Velosiped sürdük,  “zaqar” aldıq”.

zumrud.jpg (71 KB)

Aktrisa Zümrüd Qasımova deyib ki, çörək yemədiyinə görə karantin günləri üçün çörək almayıb:

“Mən çörək yemirəm. Ona görə nə çörək bişirdim, nə də çörək aldım. İki gün ərzində  evləri yığışdırdım, bütün ev işlərini gördüm. Daha çox vaxtımı balkonda keçirdim, maraqlı tarixi seriallara baxdım. Hamı necə, biz də elə qaydalara əməl etdik”.

arzu.jpg (107 KB)

Aparıcı Arzu Ümid bildirib ki, cümə günü iki çörək alıb, kifayət etdiyi üçün çörək bişirməyib:

“Mən gündə iki dəfə yemək yeyirəm. Cümə günü iki çörək aldıq. Bu gün səhərə də çörəyimiz qalmışdı. Axşam 6-dan sonra, ümumiyyətlə yemək yemirəm. Apreldə çoxlu çörək bişirirdim, yeyirdik. İndi isə “Youtube” kanalında Yesli adlı xanımın vloqu var, onu izləyirəm. Arıqlama qaydalarına əməl edirəm. Ona görə çoxlu yemək, çörək yemirəm”. \\Musavat.com