“Co Baydenin sözündə aşağılayıcı və ya Türkiyənin daxili işlərinə qarşıcaq bir hal yoxdur” – XAQANİ CƏFƏRLİ

87

“Əksinə, o, Ərdoğanın çevrilişlə deyil, seçki ilə hakimiyyətdən kənarlaşdırılmasının doğru olacağına diqqət çəkir”

“Noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi olacaq Co Baydenin ötən ilin dekabrında bir verilişdə “Biz Türkiyədəki müxalifləri açıq dəstəkləməliyik. Onun məsələsini çevrilişlə deyil, bir seçki prosesi ilə edə bilərik” deməsi Türkiyədə 7-dən 77-yə, islamçılardan solçulara kimi hər kəsin qəzəbinə səbəb olub. Azərbaycanda da bəziləri bu kompaniyaya qoşulub”. Hurriyyet.org xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli deyib.

Politoloq hesab edir ki, Co Baydenin sözündə aşağılayıcı və ya Türkiyənin daxili işlərinə qarşıcaq bir hal yoxdur: “Eyni zamanda qanunsuz bir hərəkətə çağırış da yoxdur. Əksinə, o, Ərdoğanın çevrilişlə deyil, seçki ilə hakimiyyətdən kənarlaşdırılmasının doğru olacağına diqqət çəkir. Bir müddət əvvəl Donald Trampın Ərdoğana göndərdiyi məktubda yer alan “Axmaqlıq etmə” ifadəsi qarşısında susanların indi Co Baydeninin ünvanına asıb-kəsmələrinin səbəbini anlamaq mümkün deyil. Bu vəziyyətdə də Əziz Nesinin “İnsan yalnız söylədiklərindən deyil, susduqlarından sorumludur” sözləri xatırlanır və bizə də bu böyük türk aydının xatirəsini hörmətlə anmaq düşür”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org