“Çinlə Hindistan arasında yaranmış gərginliyin əsasında nüfuz savaşı dayanır”

66

Ramil Məmmədli: “Çin artıq uzun müddətdir Hindistana qarşı olan, onunla müharibə vəziyyətində olan Pakistana böyük yardımlar həyata keçirir”

“ABŞ regionda hər hansı bir konfliktin olmasını istəmir və bunun qarşısını almaq üçün lazımı tədbirlər görəcək”

Şahin Cəfərli: “Hər iki dövlətin nüvə silahına malik olması genişmiqyaslı müharibəni əngəlləyən əsas faktordur”

Bugünlərdə, daha dəqiq desək, iyunun 15-də Çin-Hindistan sərhədində silahlı toqquşma verib və nəticədə Hindistan tərəfdən biri zabit olmaqla 3 hərbçi ölüb. Bu barədə azertag.az-da yer alan informasiyaya görə, Hindistanın Ladax bölgəsində, Çin ilə sərhəddə baş verən hadisə zamanı ölümlərə hər iki tərəfin hərbçiləri tərəfindən qarşılıqlı şəkildə atılan daş və bərk cisimlər səbəb olub. Hindistan tərəfi Qalvan vadisindəki toqquşmaya Çin Xalq Azadlıq Ordusunun səbəb olduğunu açıqlasa da, hadisənin detalları barədə məlumat verməyib. Bildirilir ki, insidentdən sonra gərginliyin azaldılması məqsədilə hər iki tərəfin yüksək rütbəli hərbçiləri arasında görüş keçirilib. Axar.az-ın ANİ agentliyinə istinadən yaydığı məlumatda isə deyilir ki, sözügedən atışma iki ölkə arasında son 45 ilin ən şiddətli qarşıdurması sayıla bilər. Çünki Çin tərəfindən 43 əsgərin öldüyü iddia olunur.

Qeyd edək ki, bu, ərazi mübahisələri səbəbindən iki ölkə arasında faktiki nəzarət xətti boyunca 1975-ci ildən bəri ölümlə nəticələnən ilk toqquşmadır. Hindistanın müdafiə naziri Racnath Sinq ordu rəhbərliyi ilə məsələyə dair təcili toplantı keçirib. Toplantıda ölkənin Xarici İşlər naziri də iştirak edib. Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien ənənəvi mətbuat konfransında hind hərbçilərinin sərhəd xəttini iki dəfə keçərək, oradakı Çin heyətinə hücum etməklə təxribata əl atdığını, nəticədə tərəflər arasında fiziki qarşıdurma yarandığını açıqlayıb. Onu da bildirək ki, iki ölkənin faktiki sərhəd xətti boyunca dəfələrlə toqquşmalar olub. Sonuncu dəfə mayın 5-6-da və 9-da baş verən toqquşmalarda hər iki tərəfdən yaralananlar olmuşdu.

Çin-Hindistan sərhəd müharibəsinin səbəbləri…

Bu arada, məlumat üçün nəzərinizə çatdıraq ki, 1962-ci ilin payızında Çinlə Hindistan arasında yüksək dağlıq ərazidə yerləşən sərhəd zonasında sərhəd müharibəsi baş verib. Belə ki, keçmiş Britaniya Hindistanı ilə Tibet arasında sərhəd xətlərinin müəyyənləşdirilməsi sahəsində mübahisəli ərazilər qalmaqda idi. Bu ərazilərdən biri Kəşmirin şimal-şərq hissəsində yerləşən, Aksay-Çin adı ilə tanınan 518 km²-lik bir ərazi idi. İkinci mübahisəli rayon isə müasir Arunaçal-Pradeş ştatının şimalında yerləşən 700 km uzunluğuna malik sərhəd xətti boyunca uzanan 82,88 min km²-lik ərazi idi. Çinlə Hindistan arasında mühasibətlərin kəskinləşməsinin əsas səbəblərindən biri də daxili vəziyyətin gərginləşdiyi Tibetlə münasibətləri yaxşılaşdırmaq məqsədilə Çin tərəfindən Aksay-Çin vasitəsilə aparılan yol tikintisinin Hindistan tərəfindən aşkar edilməsi olmuşdur. 1960-cı ildə Çin Xalq Respublikası Hindistana qərbdə fəaliyyət azadlığı müqabilində şərqdəki mübahisəli ərazini ona güzəştə getməsini təklif etdi. Digər bir mülahizəyə görə Tibet çinlilər tərəfindən işğal olunduqdan sonra on dördüncü Dalay-lamaya Hindistanın siyasi sığınacaq verməsi idi. Hələ 1960-cı ilin iyulunda şərqdəki mübahisəli ərazidə tərəflər arasında ilk silahlı toqquşmalar, elə həmin ilin oktyabrında isə mübahisəli qərb ərazisində də qarşılıqlı hərbi əməliyyatlar baş verdi. 20 oktyabr 1962-ci ildə hərbi əməliyyatlar daha da kəskinləşdi. Çinlilər Dxola və Kxinzemana yaxınlığındakı Hindistan qoşunlarının mövqelərinə ağır zərbələr endirdilər, sonralar isə Dxoladan geri çəkilən Hindistan ordusunu təqib edərək iki cinahdan – şimaldan və cənubdan Tavanq şəhərinə hücum etdilər. 14 noyabrda hərbi əməliyyatlar daha da genişlənərək şərqdə Valonq və şimalda Ladakxe bölgələrini də əhatə etdi, burada Çuşul və Rezenq La şəhərləri çinlilər tərəfindən mühasirəyə alındı. 20 noyabrda çinlilər Hindistanın 4-cü piyada diviziyasını, demək olar ki, tamamilə darmadağın etdi. Valanq bölgəsi və xüsusilə, Rezenq La gərgin lokal döyüşlərin baş verdiyi əsas ərazilər idi. Mao Tsedun Sovet İttifaqının köməyinə ümid etsə də, SSRİ Çin Xalq Respublikasını müdafiə etmədi və bitərəf mövqe tutdu. Çin dövləti İngiltərə və ABŞ tərəfindən Hindistana silah göndərilməsindən narahat oldu və 21 noyabrda Pekin radiosu birtərəfli qaydada atəşkəs elan etdi.

“Çin uzun müddətdir Hindistana öz istehsalı olan hərbi sənaye məhsullarının satışının həyata keçirilməsi üçün ciddi cəhdlərdə bulunsa da, rəsmi Dehli Pekinlə əməkdaşlıqdan yayınaraq Rusiya ilə böyük satınalmalar həyata keçirib”

Biz öz silahımızı özümüz istehsal edirik -

Beləliklə, mövzu ilə əlaqədar mövqeyini öyrəndiyimiz hərbi-siyasi icmalçı Ramil Məmmədli “Hürriyyət”ə bildirdi ki, Çin və Hindistan arasında baş verən qarşıdurmanın tarixi daha əvvələ dayanır: “Belə ki, keçən əsrin ortalarında Çin və Hindistan arasında ərazi iddiasıyla bağlı ciddi qarşıdurma yaranmışdı. Zamanında Tibetdə yaranan dövlətin kimin ərazisi olması ilə bağlı qarşıdurma olmuşdu. Bundan sonra Çin keçmiş SSRİ-nin dəstəyi ilə bu məsələni öz xeyrinə həll edə bilmişdi. Bu gün isə Çinlə Hindistan arasında müşahidə olunan toqquşmanın özəyində ABŞ-la Rusiya arasında yaranmış problem dayanır. Məsələnin görünməyən tərəfi məhz budur”.

Hərbi-siyasi icmalçı bu qənaətdədir ki, Çin uzun müddətdir Hindistana öz istehsalı olan hərbi sənaye məhsullarının satışının həyata keçirilməsi üçün ciddi cəhdlərdə bulunsa da, rəsmi Dehli Pekinlə əməkdaşlıqdan yayınaraq Rusiya ilə böyük satınalmalar həyata keçirib: “Bununla da Çinlə Hindistan arasında narazılıq yaranmışdı. Qeyd edim ki, Çin ənənəvi olaraq bu problemi öz baxışlarına uyğun həll etməklə Hindistana özünün daha güclü, qüdrətli olmasını nümayiş etdirməyə çalışır. Məsələnin daha dərin məqamlarından biri də hazırda həmin regionda hansı dövlətin daha güclü olması uğrunda mübarizə gedir. Təsadüfi deyil ki, Çin artıq uzun müddətdir Hindistana qarşı olan, onunla müharibə vəziyyətində olan Pakistana böyük yardımlar həyata keçirir. Hətta Çinlə Pakistan arasında hərbi sənaye sahəsində iri layihələr reallaşdırılır. Bu layihələrdən biri də “JF-17” döyüş təyyarəsidir ki, bu qırıcı Pakistanın “Pakistan Aeronautical Complex” (PAC) və Çinin “Chengdu Aircraft Corporation” (CAC) şirkətləri tərəfindən birgə istehsal olunur. Yəni son 30 il ərzində Çin Hindistanın rəqibi olan ölkələrlə böyük iqtisadi, hərbi və siyasi əlaqələr yaratmağa çalışır. Yəni Çin Hindistanın nüfuzunu, onun təsir imkanlarını zəiflətmək məqsədiylə bütün addımları atır. Odur ki, bu qarşıdurmanın əsasında, təkcə əvvəllər yaranmış Tibetlə bağlı olan məsələ deyil, həm də yeni nüfuz savaşıdır. Yəni Çinlə Hindistan arasında yaranmış gərginliyin əsasında nüfuz savaşı dayanır”. Ramil Məmmədli onu da əlavə etdi ki, ABŞ regionda hər hansı bir konfliktin olmasını istəmir və bunun qarşısını almaq üçün lazımı tədbirlər görəcək: “Amma bununla yanaşı, onu da bildirməliyəm ki, ABŞ-ın birmənalı olaraq, qarşıdurma tərəflərindən hər hansı birinin tərəfini saxlayacaq formada addım atması gözlənilmir”.

“İki ölkə arasında 3380 km-lik sərhəd zolağın bəzi yerlərində sərhəd xəttinin haradan keçməsi məsələsi ilə bağlı mübahisələr var”

ÜST-ün açıqlaması siyasi xarakterlidir” — Şahin Cəfərli

Baş vermiş silahlı toqquşma ilə əlaqədar fikirlərini bölüşən politoloq Şahin Cəfərli isə qeyd edib ki, iki ölkə arasında 3380 km sərhəd xətti mövcuddur və bu zolağın bəzi yerlərində sərhəd xəttinin haradan keçməsi məsələsi ilə bağlı mübahisələr var: “1962 və 1967-ci illərdə bununla əlaqədar qısamüddətli müharibələr baş verib. Sərhəddəki gərginliklər isə periodik olaraq davam edib. Hər iki dövlətin nüvə silahına malik olması genişmiqyaslı müharibəni əngəlləyən əsas faktordur. Lakin Çin və Hindistan həm konvensional (adi silahlar), həm də nüvə gücünü aramsız olaraq artırır. Koreya yarımadasında da sular isinir. Şimali və Cənubi Koreya arasında rabitə əlaqəsini təmin edən ofis partladılıb. Şimalda yerləşən və Cənubun pulu ilə inşa edilmiş ofis rejim tərəfindən məhv edilib. Səbəb odur ki, Şimali Koreya cənubdan onun ərazisinə təbliğat məqsədli vərəqələr və şarlar atıldığını, Seulun isə bunun qarşısını almadığını bildirir. Bununla əlaqədar yoldaş Kimin bacısı (“ətəkli Kim”) bir neçə gün əvvəl Cənubi Koreyaya sərt xəbərdarlıq ünvanlamış və cənubla bütün rabitə əlaqələrini (hərbçilər arasındakı rabitə xətti və siyasi rəhbərliklər arasındakı qaynar xətt) kəsdiklərini açıqlamışdı. Xanım Kim növbəti addımın Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən atılacağını bildirib. Gözlənilir ki, Şimali Koreya ordusu demilitarizasiya zonasına yeridiləcək. Pentaqon Cənubi Koreyanı müdafiə etməyə hazır olduğunu bəyan edib”. Politoloq bildirib ki, Hind-Sakit okean zonasındakı bu gərginliklər ABŞ-Çin rəqabətinin kəskinləşdiyi dövrə təsadüf edir: “ABŞ Çini balanslaşdırmaq və onun nüfuzunun yayılmasını əngəlləmək üçün Hindistanı bölgədə mühüm əks güc mərkəzi kimi görür. Vaşinqtonun strategiyası regionda Çinə qarşı iqtisadi, hərbi və kəşfiyyat potensialı baxımından çox güclü Hindistan-Yaponiya-Avstraliya üçbucağı formalaşdırmağa yönəlib. Şimali Koreyada isə son vaxtlar “ətəkli Kim”in önə çıxması diqqətdən yayına bilməz. Bu, Kim yoldaşın səhhətində problemlər olduğuna dair söz-söhbətlərə inanmağa əsas verir. Rejim güman ki, varisi rəhbər roluna hazırlayır. Çin öz sərhədlərindəki bu qardaş rejimin yaşamasında maraqlıdır. Çünki şimaldakı bu quruluşun məhvi və iki Koreyanın birləşməsi perspektivi ABŞ-ın maraqlarına uyğun, Çinin maraqlarına isə təhlükədir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org