“Çin dünya iqtisadiyyatının zəifləməsinə görə “günah keçisi” ola bilər”

54

Natiq Cəfərli: “ABŞ yenə də yaranacaq yeni konfiqurasiya oyunqurucu olacaq”

“Son iki ildə ABŞ-la Çin arasında ticarət savaşları qızışmağa başlayıb”

“Dünya ölkələri Çinin qızıl-valyuta ehtiyatlarının bir qismini məhkəmə davaları ilə ala bilərlər”

ABŞ dövlət katibi Mayk Pompeo bugünlərdə verdiyi açılamasında koronavirus pandemiyasının Çinin Uhan şəhərində heyvanların satıldığı bazarda deyil, laboratoriyada meydana gəldiyini bildirib. Bu barədə “Amerikanın Səsi”ndə yer alan informasiyada qeyd olunur ki, Pompeo ABŞ-ın virusun bilərəkdən yayıldığına inanıb-inanmadığını deməkdən imtina edib: “Unutmayın ki, Çinin dünyada yoluxmalara səbəb olmasının tarixi var, onların standartlardan aşağı səviyyədə laboratiyaları var. Bu, ilk dəfə deyil ki, dünya Çindəki laboratoriyalarda pozulmalar nəticəsində virusların təsirinə məruz qalır”.

Pompeo həmçinin, pandemiyanın Uhanda yarasalarda virusun mövcudluğu ilə bağlı tədqiqat aparılan laboratoriyadan gəldiyinə dair “yüksək inam” olduğunu vurğulayıb: “Bunun məhz burada başladığına dair çoxsaylı dəlillər var”. ABŞ dövlət katibi ölkəsinin kəşfiyyat icmasının virusun “insan tərəfindən yaradılmadığı və ya genetik modifikasiya edilmədiyinə” dair çıxardığı nəticə ilə bağlı şübhələnməsinə heç bir əsas olmadığını bildirib. Ancaq o, Çini dünyanın COVİD-19 təhlükəsi ilə bağlı məlumatlandırılmasında gecikməkdə ittiham edib. Pompeonun sözlərinə görə, hazırda dünyada 3.4 milyon yoluxma və 245.000 ölüm halları kimi saylar, Çinin “üstünü örtmək, gizlətmək və çaşdırmaq” cəhdləri olmasaydı, bu səviyyədə çatmazdı: “Biz təsdiq edə bilərik ki, Çin Kommunist Partiyası dünyanın nə baş verdiyini daha erkən öyrənə bilməməsi üçün hər şeyi edib. Buna dair çox dəlil var”. Pompeo ABŞ və beynəlxalq alimlərin Uhan laboratoriyasını ziyarət etməsinə icazə verilmədiyini və Çinin original virus nümunələrini hələ təqdim etmədiyini qeyd edib.

Koronavirus pandemiyası ABŞ-ın dünya liderliyinə son verir?

Bu arada, ABŞ kəşfiyyatı isə öz növbəsində, Çinin koronavirus barəsində məlumatları qəsdən gizlətdiyini bəyan edib. Belə ki, “Assoşieyted Press” agentliyinin sənədlərə istinadən yaydığı informasiyata görə, Amerika kəşfiyyatı Çinin yeni tipli koronavirusun yayılma miqyasını və yoluxma dərəcəsinin böyüklüyünü gizlətməsinin səbəbinin epidemiya ilə mübarizə aparmaq üçün lazım olan tibbi məhsulların ehtiyatını tədarük eləmək olduğunu iddia edib. Kəşfiyyatın hesabatında deyilir ki, Çin koronavirusun ciddilik dərəcəsini azaltdığı dövrdə, tibbi təyinatlı məhsulların idxalını artıraraq, ixracını azaldıb. Hesabatda o da bildirilir ki, Çin demək olar ki, bütün yanvar ayı boyunca koronavirusun yoluxuculuğu barəsindəki informasiyanı Ümumdünya Səhiyyə Təşkilatından gizlədib.

Nəzərinizə çatdıraq ki, məsələ ilə əlaqədar fikirlərini bölüşən rusiyalı senator Aleksey Puşkovun sözlərinə görə, ABŞ-ın koronavirus pandemiyasının Çində yaradılması ilə bağlı son açıqlaması iki ölkənin müharibəyə qədəm qoyduğunu göstərir. Bununla bağlı axar.az-da yer alan məlumata görə, Puşkov bildirib ki, burada əsas məsələ Vaşinqtonun münaqişədən nə əldə edəcəyidir: “Əsas məsələ odur ki, müharibə ABŞ-a daxili hədəfinə çatmaq üçün lazımdır. Trampın seçkilərdə qələbəsi… ABŞ hakimiyyəti “xarici düşmən” effekti yaratmağa çalışır”. Fransanın ən nüfuzlu qəzetlərindən olan “Le Monde”də yayımlanan məqalədə isə deyilir ki, koronavirus pandemiyası İkinci Dünya müharibəsindən sonra qurulan dünya düzənini və ABŞ liderliyini sona çatdırdı. Məqalədə qeyd olunur ki, yeni dünya düzənində yer almaq üçün Avropa Birliyi öz strukturuna yenidən nəzər yetirməlidir: “Vaşinqton son illər lider rolundan getdikcə uzaqlaşmışdı. ABŞ-ı gücdən salan bu böhran (pandemiya) nəhayət, onu liderlikdən uzaqlaşdırdı. Pandemiya Avropa Birliyinə də ciddi zərbə endirdi. Pandemiyanı öncədən təxmin edə bilməyən Avropa virusda əziyyət çəkən ölkələrə yardım belə edə bilmədi”.

“Çinlə ABŞ arasında birbaşa təmasla müharibə mümkün deyil”

Avropa Məhkəməsi Natiq Cəfərliyə görə Azərbaycan hökumətini ...

Beləliklə, mövzu ilə bağlı mövqeyini öyrənmək məqsədiylə müraciət etdiyimiz Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli “Hürriyyət”ə açıqlamasında qeyd etdi ki, Çinlə ABŞ arasında isti müharibə, yəni birbaşa təmasla müharibə mümkün deyil: “Çünki 21-ci əsrdə belə böyük müharibələr mümkünsüzdür. Həm ABŞ, həm də Çin nüvə dövlətidir. Nüvə silahının yaranmasından sonra böyük müharibələrin qarşısı alındı. Çünki bu, çəkindirici gücə malikdir. Odur ki, iki ölkə arasında birbaşa təmasla müharibə olmayacaq. Əslində, indiki dövrdə müharibələrin fəlsəfəsi də dəyişib. Belə ki, indi müharibə əlində silahla bir-birinə atəş açmaqla olmur. Müharibə birjalarda, bazar uğrunda mübarizədə, iqtisadiyyatda, siyasi və geosiyasi maraqların müxtəlif yollarla təminatında, valyuta məzənnələrində olur. Odur ki, artıq müharibə anlayışını dəyişməyimizdə yarar var”.

“Sübut olunsa ki, Uhandakı laboratoriyaların birində təsadüf və ya qeyri-təsadüf nəticəsində bu virus yayılmağa başlayıb və Çin zamanında bununla bağlı dünyaya məlumat verməyib, onda Çinin başı çox ağrayacaq”

Çinlə ABŞ arasında münasibətlərin gərginləşməsinin dünənin məsələsi olmadığını vurğulayan politoloqun sözlərinə görə, son iki il ərzində adıçəkilən ölkələr arasında ticarət savaşları qızışmağa başlayıb: “Belə ki, iqtisadi sahədə gömrük rüsumları, vergi dərəcələri ilə bağlı ciddi mübarizə gedirdi. Yəni ABŞ-la Çin arasında münasibətləri gərginləşməsi pandemiyanın nəticəsi deyil. Bu, çoxdan başlamış prosesdir və bu prosesin nəticəsi olaraq, son dövrlər dünya iqtisadiyyatının zəifləməsinə görə bir “günah keçisi” axtarılır. Həmin “günah keçisi” isə Çin ola bilər. Əgər sübut olunsa ki, doğrudan da Uhandakı laboratoriyaların birində təsadüf və ya qeyri-təsadüf nəticəsində bu virus yayılmağa başlayıb və Çin zamanında bununla bağlı dünyaya məlumat verməyib, onda Çinin başı çox ağrayacaq. Bu halda beynəlxalq məhkəmələrdə təzminat davaları açılacaq. ABŞ ştatlarından biri artıq bu istiqamətdə ilk addımı atıb. Bütün bunların fonunda düşünürəm ki, dünyada hüquq müstəvisində çox maraqlı çəkişmələr olacaq. Əgər hansısa beynəlxalq məhkəmə ya ştatlardan, ya dövlətlərdən birinə, ya da ABŞ-ın özünə Çin tərəfindən təzminatla bağlı qərar versə, bu zaman bir çox ölkələr bu cür təzminat davası açacaq. Yəni presedent yaranacaq və bu, Çin iqtisadiyyatına, onun liderlik ambisiyalarına ciddi zərbə olacaq”.

“Rusiya daim Qərbə, ABŞ-la sözlü mücadilədə olsa da, əsas rəqib kimi Çini görür”

Çinin təqribən, 3,2 trilyon dollar qızıl-valyuta ehtiyatlarının olduğunu deyən Natiq Cəfərli hesab edir ki, indi dünya ölkələri həmin ehtiyatların bir qismini məhkəmə davaları ilə ala bilərlər: “Məhz bu nöqteyi-nəzərdən baxdıqda, Çin-ABŞ qarşıdurması getdikcə daha da qızışa bilər. Hətta burda Rusiyanın da marağı var. Belə ki, Rusiya daim Qərbə, ABŞ-la sözlü mücadilədə olsa da, əsas rəqib kimi Çini görür. Çünki Çinin strateji yol xəritələrində 50 ildən sonra Amur çayı və Baykal gölü ətrafları Çin əraziləri kimi göstərilir. Yəni Çin ora iddialıdır. Buna görə də maraqlı geosiyasi oyun gedir. ABŞ-ın mövqeyinin zəifləməsinə, İkinci Dünya savaşından sonra yaranmış düzənin pozulmasına gəlincə, hazırda bunun heç bir əlaməti yoxdur. Çünki ABŞ dolları hələ də dünyada ən güvənilən valyutadır. Pandemiya dövründə ən çox dəyər qazanan yenə ABŞ valyutası oldu. Dünya ölkələrində dollara tələbat artıb və buna görə də onlar xahiş edirlər ki, birbaşa Federal Ehtiyat Sistemi ilə müqavilələr bağlamaqla nəğd dollar əldə etsinlər. Çünki bütün ölkələrdə dollar qıtlığı yaşanır, milli valyutalar dəyərdən düşür. Bir çox ölkələrdə bu prosesi gürürük. Yəni hələ ki, ABŞ-ın iqtisadi gücü, dolların maliyyə gücü və Amerika bamklarının gücü kifayətdir ki, dünya iqtisadiyyatında və siyasətində dominantlığını qorusun”.

Bununla belə, yeni konfiqurasiyanın yarana biləcəyini qeyd edən politoloqun fikrincə, ABŞ yenə də burda oyunqurucu olacaq: “Yəni indiki halda ABŞ-ın oyunqurucu rolundan kənarda qalması mümkünsüz görünür. Düşünürəm ki, ABŞ-Çin qarşıdurmasının hələ bir çox nüanslarını görəcəyik. Çin də anlayır ki, əgər presedent qərar çıxsa və ABŞ təzminat alsa, onda digər ölkələr də təzminat davası aça bilər. Ona görə də Çin münaqişəsiz, hətta məhkəmə getmədən ABŞ-la anlaşa bilər. Belə ki, ABŞ-ın bir sıra gömrük və vergi rüsumları ilə bağlı tələbləri vardı. Çin həmin tələbləri qarşılamaq, yəni müəyyən dərəcədə anlaşmaya getmək məcburiyyətində qalacaq. Hazırda Çinin problemi tamam başqadır. Belə ki, artıq ölkənin siyasi sistemi və idarəetmə mexanizmləri iqtisadi artımın potensialını tükədib. Yəni siyasi sistemin problemləri iqtisadiyyatı daha sürətlə inkişaf etdirməyə imkan vermir. Odur ki, Çində struktur, idarəetmə və siyasi islahatlarının olması, çoxpartiyalı sistemə keçidlə bağlı müəyyən addımların atılması, yazın gələcəkdə gözlənilən addımlardan ola bilər”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org