CIA-nin yeni rəhbərinin əsas vəzifəsi bəlli oldu: Türkiyə-Rusiya yaxınlaşmasını əngəlləmək

    18

    ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni direktoru Gina Haspelin agentlik karyerana dair nəşr olunan daha bir sənəd ortaya çıxıb.

    Hurriyyet.org xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, bu sənəd xanım baş kəşfiyyatçının indiki vəzifəsinə gətirilməsinin əsl səbəbinə işıq tutur.

    Bildirilir ki, Gina Haspel 2000-2001-ci illərdə Ankarada MKİ-nin büro sədrinin müavini olarkən, Rusiya-Türkiyə yaxınlaşmasına mane olmaqla mükəlləf imiş. Həmin illərdə türkcə səlis danışmaq qabiliyyətinə yiyələnən Gina Haspel rus dilini isə ondan əvvəl xidmət etdiyi Orta Asiyada öyrənib.

    “Habertürk”ün Vaşinqton nümayəndəsi Sərdar Turqut yazır:

    “Mənə deyilənə görə, Haspelə MKİ içində 1985-ci ildən sonra xüsusi Rusiya təhsili verilib. Ona rus dilində də öyrədilib. Yəni anlayacağınız kimi, Haspel tam Rusiyaya qarşı işləyəcək xüsusi xidmət agenti olaraq yetişdirilib.

    Rusiya haqqında əks-kəşfiyyat sahəsində ixtisaslaşmış bir agentin nə üçün Ankaraya təyin olunduğunu soruşanda maraqlı cavabla qarşılaşırıq.

    Zaman Bill Klintonun prezidentliyi dövrü. Prezident Klinton və Amerika rəhbərliyi xüsusilə enerji transferi kontekstində Türkiyə ilə Rusiya arasında yaxın münasibətlər qurmasından narahatdırlar. İki ölkə arasında başlayan yaxınlaşmanın bu gün olduğu kimi Amerikan maraqlarına zidd olacağı düşünülür.

    Türkiyə o günlərdə Rusiya ilə “Mavi axın” layihəsi üzərində işləyir və iki ölkə arasında çox yaxın əlaqə qurulur. Haspelə də Türkiyə ilə Rusiyanın arasını pozmaq vəzifəsi həvalə edilir.

    O illərdə ABŞ-ın Ankaradakı səfiri Mark Parris idi. O da 1982-85 illərində ABŞ-ın Moskva səfiri olduğundan Rusiya mövzusunda çox savadlı birisiydi. ABŞ rəhbərliyi həmin vaxt Parrisi səfir, Haspeli isə MKİ büro rəisinin müavini kimi Ankaraya təyin etməklə Rusiya ilə Türkiyənin daha çox yaxınlaşmasının qarşısı alınması istiqamətində müəyyən addımların atılmasını hesablamışdılar.

    Haspel 2 il ərzində o vəzifədə qaldı, amma iki ölkənin enerji kontekstində apardığı birgə fəaliyyətin bu günlərə gəlməsinin təməlləri sayılan siyasi yaxınlaşmalara mane ola bilmədi".

    Son zamanlar ABŞ-ın gündəmində yenə Türkiyə-Rusiya yaxınlaşması var. İsrarla iki ölkənin hərbi və iqtisadi əməkdaşlığına qarşı çıxan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bu məsələləri ən yaxşı bilən kəşfiyyatçıya tapşırılır. Belə çıxır ki, yenə iki dövlətin arasını pozmaq ABŞ kəşfiyyatının əsas prioritetinə çevrilib.