Ceyhun Bayramovun həmsədrlərlə görüşü nə vəd edir?

69

Şahin Cəfərli: “29 oktyabr münaqişənin həlli məqsədiylə substantiv danışıqların başlanğıc nöqtəsi olacaq”

“Xarici təzyiqləri dəf etmək üçün Azərbaycanda xalq-dövlət birliyinə bəlkə də heç vaxt olmadığı qədər ehtiyac yaranıb”

“Rusiyanın Zəngilan-Qubadlı-Laçın zolağında bayraq nümayişi, İranın cənub-qərb sərhədimizdə hərbi təlimləri və SEPAH komandirlərinin bəyanatları Azərbaycana açıq təhdiddir”

Dünən ATƏT-in Minsk Qrupunun həmsədrləri – İqor Popov, Stefan Viskonti və Andryu Şofer bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ dövlət katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Məlumata görə, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də görüşlərdə iştirak edib.

“Bu problemin hərbi həlli ilə bağlı mövqeyi dəstəkləmədiyimizi gizlətmirik”

Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Həmsədrlər tərəflərə hərbi əməliyyatları dərhal dayandırmağa və ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsində Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün əsaslı danışıqları bərpa etməyə çağıran ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putinin 1 Oktyabr 2020-ci il tarixli ortaq bəyanatını, həmçinin ABŞ-ın dövlət katibi Mayk Pompeonun, Fransanın Avropa və xarici işlər naziri Jan-İv Le Drianın və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun 5 oktyabrdakı birgə bəyanatını xatırladıblar. Həmsədrlər və xarici işlər nazirləri intensiv müzakirələr zamanı təcili humanitar atəşkəsin tətbiq olunmasını, atəşkəsin monitorinqinin mümkün parametrlərini və 10 oktyabrdakı birgə bəyanata uyğun olaraq hərtərəfli həll yolunun əsas substantiv elementlərinin müzakirəsinə başlamağı müzakirə ediblər. Eyni zamanda, həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə görüşərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək, razılığa gəlmək və həyata keçirməyə başlamaq üçün Azərbaycan və Ermənistan liderləri tərəfindən qəbul edilən baza prinsiplərinə uyğun olaraq yenidən bir araya gəlməyi qəbul ediblər.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Qarabağ probleminin hərbi yola həlli imkanları ideyasını dəstəkləmədiyini vurğulayıb. Belə ki, Lavrov Rusiya və Türkiyənin mübahisəli regional məsələlərin həlli ilə bağlı yanaşmalarının obyektiv səbəblər ucbatından fərqli ola biləcəyi bildirib: “Rusiya və Türkiyənin Dağlıq Qarabağla bağlı tarixə cəlb olunmasının öz nüansı var. Bu problemin hərbi həlli ilə bağlı mövqeyi dəstəkləmədiyimizi gizlətmirik. Hər iki xalqa – Azərbaycan və erməni xalqlarına dost və qardaş kimi nəzər yetirdiyimizə görə biz bu cür cəhdləri bölüşə bilmərik”.

“Azərbaycan prezidentinin əsas şərti – işğal olunmuş ərazilərin boşaldılması üçün qrafik müəyyənləşdirilməsi məsələsi nəhayət ki, müzakirə mövzusu kimi rəsmən gündəmə gəldi”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun oktyabrın 29-da ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək məqsədiylə İsveçrəyə səfər edəcəyini xatırladan siyasi şərhçi Şahin Cəfərli həmsədrlərin məlum bəyanatındakı qəliz cümləyə diqqət çəkib: “Azərbaycan prezidentinin əsas şərti – işğal olunmuş ərazilərin boşaldılması üçün qrafik (zaman çərçivəsi) müəyyənləşdirilməsi məsələsi nəhayət ki, müzakirə mövzusu kimi rəsmən gündəmə gəldi. Həmsədrlərin yaydığı bəyanatda deyilir: “Həmsədrlər və xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycan liderləri tərəfindən qəbul olunmuş baza prinsiplərinə uyğun həlli üçün razılaşdırılacaq müvafiq zaman çərçivəsinə uyğun bütün lazımı addımların müzakirəsi, razılıq əldə olunması və həyata keçirilməsinə başlanması məqsədilə oktyabrın 29-da yenidən görüşməyi qərara alıb”. Bir az qəliz cümlədir. Bu qədər vacib məsələnin müzakirəsi və razılaşdırılması bir günün işi deyil. Belə çıxır ki, 29 oktyabr tarixi münaqişənin həlli məqsədiylə başlayacaq substantiv danışıqların başlanğıc nöqtəsi olacaq”. Onun sözlərinə görə, əsas məqam budur ki, Ermənistan qrafik məsələsinin müzakirəsinə razılıq verib: “Artıq masada Azərbaycanın əli güclüdür, buna şübhə yoxdur. Amma sual və narahatlıq doğuran bir məqam var ki, işğal olunmuş ərazilərin çox hissəsi hələ də onların nəzarətində qaldığı bir şəraitdə başlayacaq danışıqlarda mədəni muxtariyyət şərtini erməni tərəfi qəbul edəcəkmi?..”

“Prezident bu təhdidlərə qarşı açıq mətnlə bildirdi ki, siz müdaxilə etsəniz, Türkiyə də edəcək”

Siyasi şərhçi onu da əlavə edib ki, Rusiyanın Zəngilan-Qubadlı-Laçın zolağında bayraq nümayişi, İranın cənub-qərb sərhədimizdə hərbi təlimləri və SEPAH komandirlərinin bəyanatları Azərbaycana açıq təhdiddir: “Prezident bu təhdidlərə qarşı açıq mətnlə bildirdi ki, siz müdaxilə etsəniz, Türkiyə də edəcək. İranın Xəzərdəki provokasiyalarına cavab olaraq, Türkiyə F-5 döyüş təyyarələrinin 2001-ci ilin avqustunda Azərbaycana gəlib, Xəzər və Bakı üzərində uçuşlar keçirməsini xatırlatmaq yerinə düşər. Xarici təzyiqləri dəf etmək üçün Azərbaycanda xalq-dövlət (hökumət) birliyinə bəlkə də heç vaxt olmadığı qədər ehtiyac yaranıb. Bu baxımdan, prezidentin çıxışında bir məqam diqqətimi çəkdi. O, Mütəllibov iqtidarını milli olmamaqda ittiham etdiyi halda, bu dəfə Elçibəy dövrünün (AXC-Müsavat) üzərindən sükutla keçdi. Bu da həmin qüvvələrin hazırda toplumda müəyyən çəkiyə və mövqeyə sahib olması ilə əlaqədardır. Yəni, bu qüvvələrə qarşı əvvəlki ritorika və siyasətin heç yeri deyil, faydası da ola bilməz. Tarixi mərhələdən keçirik və nə qədər şablon səslənsə də, yalnız birlik və bərabərliklə bu sınaqdan maksimum qazancla, hərbi-siyasi qələbə ilə çıxmaq mümkündür”.

Vazeh BƏHRAMOĞLU