Ceyhun Bayramovun ABŞ səfərinin pərdəarxası…

147

“Rusiya narahatdır ki, ABŞ-da Ermənistan qoşunlarının çıxarılması və baza sənədlərinin qəbulu reallaşa bilər”

Məhəmməd Əsədullazadə: “Moskva və Vaşinqton görüşləri Azərbaycanın hərbi əməliyyatlarının qarşısının alınması üçün ciddi bir proses deyil”

Şahin Cəfərli: “Azərbaycanın baza prinsiplərindən danışması və bütün görüş təşəbbüslərinə razılıq verməsi bu mərhələdə ağıllı diplomatiya kimi görünür”

Nazim Cəfərsoy: “XİN rəhbərlərinin Rusiya və ABŞ səfərləri, Qarabağın həllinə dair siyasi müzakirələrin başlayacağından xəbər verir”

Oktyabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ-ın dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur. Bu barədə Amerikanın nüfuzlu “Politico” nəşrində yer alan məlumata görə, Pompeo Ceyhun Bayramovla yanaşı, Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanı da qəbul edəcək, lakin dövlət katibi nazirlərlə ayrı-ayrılıqda görüşəcək. O da bilidirilir ki, iki nazirin üzbəüz görüşünün və ya üçtərəfli danışıqların keçirilib-keçirilməyəcəyi hələlik bəlli deyil.

Ceyhun Bayramovla Zohrab Mnatsakanyanın ABŞ-a eyni gündə dəvət olunmasının Vaşinqtonun münaqişənin həllində daha dərin rol oynamaq planlarından xəbər verdiyini vurğulayan “Politico” yazır ki, bu görüş həm də 3 noyabr seçkisi ərəfəsində Donald Tramp administrasiyasının dünya liderliyinə sadiq qalmasını nümayiş etdirərdi. Nəşrin iddiasına görə, Azərbaycanın xarici işlər naziri ABŞ dövlət katibi ilə oktyabrın 23-də səhər görüşəcək, bundan sonra Pompeo Ermənistan xarici işlər naziri ilə danışıqlar aparacaq.

Onu da diqqətinizə çatdıraq ki, dünən Ceyhun Bayramov, o cümlədən Zohrab Mnatsakanyan Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskvaya səfər edib. Ermənistanın prezidenti Armen Sarkisyan isə təcili olaraq Brüsselə gedib. Bu barədə axar.az-da yer alan informasiyada deyilir ki, Qarabağ məsələsinin müzakirə etmək üçün Sarkisyanın NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell, Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə və digər şəxslərlə görüşü planlaşdırılır.

“Mnatsakanyanın Moskva səfərinin əsas məqsədi Pompeonun vasitəçiliyi ilə Azərbaycan XİN rəhbər ilə birgə görüşdən əvvəl Lavrovdan təlimatlar almaqdır”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın Moskva səfərinin əsas məqsədi Mayk Pompeonun vasitəçiliyi ilə Azərbaycan XİN rəhbər ilə birgə görüşdən əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan təlimatlar almaqdır: “Bu illər ərzində Qərbdə aparılan Qarabağ danışıqları fonunda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən əvvəl, erməni nazir Moskvaya dəvət edilir və təlimatlandırılırdı. Rusiya narahatdır ki, Vaşinqtonda Ermənistan qoşunlarının çıxarılması və baza sənədlərinin qəbulu reallaşa bilər. Tərəfləri bir masada anlaşmaya gətirə bilməyən Moskva, Vaşinqtonda müzakirələrin formatından tam arxayın olmaq istəyir.

Ona görə də Lavrov-Mnatsakanyan görüşü əvvəlki qaydada deyil, tərəflər bir-birlərinin mövqeyini dəqiqləşdirmək üçün görüşür. Çünki iki tərəf arasında etimad mühiti əvvəlki qaydada deyil”.

Politoloq hesab edir ki, rəsmi İrəvan Azərbaycanı atəşkəsə gətirə bilmədiyi üçün Moskvadan əlini üzüb: “Sadəcə, hazırda Ermənistan Mehri dəhlizini qorumaq üçün Moskvanın çağırışlarına gedir və onun istəklərinin qəbuluna məcburdur. Odur ki, Sergey Lavrovla Zohrab Mnatsakanyan görüşü Qarabağ məsələsində həlledici deyil. Bundan əlavə, Zəngilan istiqamətində Azərbaycan ordusunun Ermənistan sərhədinə çıxması Mnatsakanyanın Lavrovla görüşündə müzakirə ediləcək. İrəvan narahatdır ki, Azərbaycan Mehri dəhlizinə girərsə, Moskva susqunluq göstərə bilər. Rusiya sərhədçilərinin bu istiqamətdə gücləndirilməsini istəyəcək. Bundan əlavə, Rusiya “sülhməramlı” qüvvələrinin Xankəndiyə yerləşdirilməsi müzakirə edilə bilər. Lakin Moskva məhz Türkiyə faktoruna görə buna getməyəcək. Moskva və Vaşinqton görüşləri Azərbaycanın hərbi əməliyyatlarının qarşısının alınması üçün ciddi bir proses deyil. Azərbaycan ordusunun qısa müddətdə Ermənistan qoşunlarını mühasirəyə alması reallaşa bilər. Ermənistan növbəti dəfə Moskvadan yardım istəyəcək. Odur ki, Azərbaycanın qısa müddətdə hərbi əməliyyatları bitirməsi mütləqdir. Çünki artıq regionda yeni siyasi konfiqurasiya qurulur”.

“Görünür, həmsədr ölkələrinin cəbhədəki real vəziyyətdən xəbərləri yoxdur, ya da xəbərləri var, sadəcə, missiyalarının iflasa uğradığını etiraf etməmək üçün özlərini o yerə qoymurlar”

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin hələ də baza prinsiplərindən danışdığını vurğulayan siyasi şərhçi Şahin Cəfərli isə bu fikirdədir ki, görünür onların cəbhədəki real vəziyyətdən xəbərləri yoxdur:

“Ya da xəbərləri var, sadəcə, missiyalarının iflasa uğradığını etiraf etməmək üçün özlərini o yerə qoymurlar. Azərbaycanın baza prinsiplərindən danışması və bütün görüş təşəbbüslərinə razılıq verməsi isə bu mərhələdə ağıllı diplomatiya kimi görünür. Cəbhədəki real vəziyyətə gəldikdə, erməni tərəfinin məlumatına görə, hazırda döyüşlər Qubadlının Xanlıq kəndi istiqamətində gedir. Xanlıq Həkəri çayının sahilində, Qubadlı rayon mərkəzindən 18 km aralıda və Laçın yolunun üstündə yerləşir. Ermənilər İşxanadzor adlandırdıqları bu kənddə qanunsuz məskunlaşdırma aparmışdılar və tütünçülüklə məşğul idilər. Azərbaycan Müdafiə Nazirliyi Qubadlı istiqamətində əməliyyatlar aparıldığını açıqladığı üçün bu məlumatı açıqladım. Bu istiqamətdə strateji hədəfin hara olduğunu yəqin ki, anladınız. O hədəf nəzarətə götürüldükdən sonra məsələ, demək olar ki, bitir”.

“Hərbi kampaniyanın axır mərhələsindəyik, fikrimcə, bu prosesdə hərbi-siyasi və strateji hədəflərin böyük bir hissəsi tamamlandı”

“Hürriyyət”in məlumatına görə, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy isə qeyd edib ki, torpaqların azad edilməsi ilə bağlı texniki 3 mərhələ var: “Birincisi, nəzarət: Bu mərhələdə düşmənin oradakı varlığı məhv edirsən və ancaq müəyyən səbəblərlə əraziyə daxil olmursan. Bu daxil olmama hərbi səbəblə ola biləcəyi kimi, hərbi-siyasi, ya da strateji səbəblə ola bilər. İkincisi, hərbi olaraq ələ keçirmə;

Bildiyimiz əraziyə hərbi gücünüzlə daxil olma və bayraq sancma. Üçüncüsü isə aad etmənin elanı: Bu mərhələdə ərazinin tam təhlükəsizliyini təmin etmək, diversiya qrupları, pusqular və mina tələlərini zərərsizləşdirmək. Prezidentin xalqa açıqlaması bu mərhələdən sonra olur. Kəlbəcərdəki yolun nəzarəti Murov alınandan bizdədir. Fikrimcə, Laçın koridoruna nəzarət də bizdədir. Ancaq hər ikisini strateji səbəblərlə açıq saxladıq. Artıq ehtiyac azaldı, məncə nəzarəti hərbi azad edilmə prosesinə keçirmə başlayıb. Hətta ordumuzun sürətini və “realtime” nəzərə alsaq, artıq azad edilmə mərhələsində olduğumuzu demək yanlış olmaz. Deməli, çıxışlar da son mərhələsindədir. Mülki əhalinin çıxmasına mane olmuruq, ancaq artıq düşmənin hərbi gücü üçün belə bir şeyə imkan verəcəyimizi zənn etmirəm. “Qurd qapanı” bağlanmaq üzrədir və başda Ağdam olmaqla mühasirədə qalacaqlar, ya tam təslim olacaqlar, ya da məhv ediləcəklər. Müəyyən səbəblərlə çoxunun təslim olmaya biləcəyini düşünürəm, o zaman da nəticə aydındır”.

XİN rəhbərlərinin Rusiya və ABŞ səfərlərinə gəlincə, QAFSAM-ın sədr müavininin qənaətincə, bu, Qarabağın həllinə dair siyasi müzakirələrin başlayacağından xəbər verir: “Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın TASS agentliyinə müsahibələri tamamilə siyasi müzakirə mövzularındadır. Bu mesaj və müsahibələr bu konteksdə artaraq davam edəcək. Yəni hərbi kampaniyanın axır mərhələsindəyik. Fikrimcə, bu prosesdə hərbi-siyasi və strateji hədəflərin böyük bir hissəsi tamamlandı. Ancaq sülh müzakirəsini Paşinyanla etmək üçün siyasi motivlərlə bəzi şeylər gec-gec açıqlanır. Düzü, 2-3 gündür Şuşa və Xankəndi kimi yerlərə dair açıqlamaların Paşinyanı müzakirə masasında oturtduqdan sonra mərhələli elan edilə biləcəyini düşünürəm. Beləcə, Paşinyanın iqtidarda tutunaraq qarşımıza oturulması təmin ediləcək. Müzakirə başlayandan sonra Ermənistan siyasətinin Paşinyanı göndərməsi bir neçə baxımdan çox çətin olacaq. Birincisi, heç kim məğlubiyyət anlaşmasını imzalamaq istəməz. Onun yerinə müxalifətdə qalıb sərt tənqid edib, məsuliyyətdən qaçmaq daha məsləhətdir. İkincisi, arzu etmədiyimiz biri, məsələn Koçaryan hakimiyyətə gəlmək istəsə, Xocalı və müharibə cinayətləri üzərindən qarşı olduğumuzu elan edəcəyik. Üçüncüsü, göndərsələr, Ermənistanın son 26 ildə etdiyi kimi, şərtlərimizi elan edib müzakirəni neçə il uzada bilərik. Amma blokadadakı Ermənistan buna nə qədər dayana biləcək, onu deyə bilmərəm. Odur ki, olduqca həssas olan savaş boyunca diplomatik prosesi yetərincə peşəkar idarə edən Azərbaycan dövlətinin sahədə bu qədər güclü ikən müzakirə masasındakı mövqeyi üçün narahat olmuram”.

Vazeh BƏHRAMOĞLU