“Ceyhun Bayramovla Mayk Pompeonun görüşü ABŞ seçkilərinə hesablandığına görə görüntü üçün idi” -NATİQ CƏFƏRLİ

66

“Bu gün Azərbaycanın həm hərbi, həm mənəvi, həm hüquqi, həm diplomatik üstünlüyü, həm də dövlət-xalq-ordu birliyi qələbənin təminatına çevrilib”

“ABŞ-da görüş başa çatdı, gözlənilən kimi heç bir sənəd imzalanmadı, imzalanması mümkün də deyildi. Birincisi, Rusiya kənarda hansısa sənədin imzalanmadını istəmir. İstəmirlər lap yaxşı, mane olmasınlar, biz də kənarda sənəd imzalamayaq”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.

Politoloqun fikrincə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşü ABŞ seçkilərinə hesablandığına görə görüntü üçün idi ki, ABŞ da işin içindədir, Tramp bu işlə məşğuldur: “Amma Ağ Ev Qarabağ məsələsində həm də ona görə aktiv deyil ki, zatən Kaliforniya ştatı Demokratlara səs verir – bir neçə on min erməni səsi bir şey həll etmir, o zaman nədən dərinə gedib Azərbaycanla, Türkiyə ilə aranı pozsun ki?! Tramp bu məsələdə də daha praqmatik davranır. Ermənistan tərəfinin indi ən çox istədiyi odur ki, 3-5 gün savaş dayansın, bunlar silah-sursat, canlı qüvvə toplayıb hücuma keçib Hadrutu, ya da başqa işğaldan azad edilmiş böyük şəhər və ya qəsəbənin birini yenidən işğal edib sınmış dirənişlərini bir az bərkitsin, mənəvi çöküş yaşayan ordusunu və xalqını ayaqda tutmağa çalışsın. Amma görünən odur ki, öz axmaq siyasətləri və Azərbaycanın “de-facto” bağladığı ittifaqlar, doğru xarici siyasət, güclü Ordu onları ortada tək qoyub. Bu gün Azərbaycanın həm hərbi, həm mənəvi, həm hüquqi, həm diplomatik üstünlüyü, həm də dövlət-xalq-ordu birliyi qələbənin təminatına çevrilib. Allah Əsgərimizi və Ordumuzu qorusun! Yağı düşmən o qədər torpaq işğal edib ki, azad etməklə bitmir, amma yaxın günlərdə tam bitəcək”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org