Cənubi Afrika vikipediyaçılara ev sahibliyi edəcək

    21

    18-22 iyul tarixlərində Cənubi Afrikanın Keyptaun şəhərində “Vikimaniya 2018” beynəlxalq konfransı keçiriləcək. Hurriyyet.org xəbər verir ki, builki konfransda ölkəmizi Vikipediyanın azərbaycanca dil bölməsinin idarəçilərindən biri olan, Eldar Əzimov təmsil edəcək.

    Vikimaniya, 2005-ci ildən etibarən ildə bir dəfə dünyanın müxtəlif şəhərlərində Vikipediya və digər əlaqəli layihələrin redaktorlarının iştirakı ilə keçirilən beynəlxalq konfransdır. Burada dünyanın onlarla ölkəsindən yüzlərlə vikipediyaçı iştirak edir, Vikipediyanın bu günü və gələcək inkişaf perspektivləri müzakirə olunur, mühazirələr və praktiki görüşlər təşkil edilir. Mühazirələrdə vikipediyaçılar öz ölkələrində və ya ümumiyyətlə Vikipediyada və onunla əlaqəli digər layihələrdə rastlaşdıqları problemlər, onların həlli yolları, saytın quruluşunda və yazılmasındakı yeniliklər və s. barədə məlumatlar verirlər. Konfransın əsas məqsədlərindən biri bütün dünyadakı aktiv vikipediyaçılar arasında təmasların qurulmasına vasitəçi olmaqdır.

    Eldar Əzimov bildirdi ki, Azərbaycandilli Vikipediyada məqalə sayı artıq 136 mini keçib və müxtəlif sahələrə aid kifayət qədər zəngin məqalələr var. Onun sözlərinə görə, hal-hazırda azvikinin təxminən 60-a yaxın fəal redaktoru var ki, bu da azərbaycandilli vikipediyanın inkişafından xəbər verir. O, eyni zamanda qeyd etdi ki, Vikipediya dünyada 5-ci, Azərbaycanda isə 6-cı ən çox daxil olunan saytdır.

    Hurriyyet.org