Cenevrə görüşü ertələndi, ümumiyyətlə, keçirilməyə bilər

48

Oktyabrın 27-si və 28-də ermənilərin Bərdəyə xain hücumu görüşə olan ümidləri tamamən alt-üst edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun oktyabrın 29-da Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə gözlənilən görüşü alınmadı. Görüş bu gün baş tuta bilər.

Bu görüş ətrafında günlər öncədən çoxsaylı müzakirələr gedirdi. Cenevrə görüşündən gözləntilərlə bağlı da bir-birindən fərqli çoxsaylı fikirlərə, təxminlərə və ehtimallara rast gəlirik. Xüsusilə, oktyabrın 27-si və 28-də ermənilərin Bərdəyə xain hücumu görüşə olan ümidləri tamamən alt-üst edib.

Politoloq, deputat Elman Nəsirov “Yeni Müsavat”a bunları dedi: “29 oktyabrda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin həmsədrlərin iştirakı ilə Cenevrədə görüşü baş tutmalı idi. Məlum olub ki, görüş bir gün sonraya təxirə salınıb. Bunun səbəbləri ilə bağlı hələ ki Xarici İşlər Nazirliyimizin bir məlumatına rast gəlməmişəm. Amma müxtəlif versiyalar var. Həmsədrlərdən birinin, daha çox da rusiyalı həmsədrin görüşdə iştirak etməyəcəyi barədə KİV-lərdə xəbərlər yayıldı. Görüşün baş tutmamasına səbəblərdən biri kimi bu göstərildi. Bunun nə dərəcədə doğru olub-olmadığı barədə nəsə söyləmək olmur. Heç şübhəsiz ki, Ermənistanın növbəti barbar addımı, hərbi cinayəti, terror addımı-Bərdəni nəzərdə tuturam-görüşün əhəmiyyətinə böyük kölgə salır. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın nüfuzlu medialarına geniş müsahibələrində dəfələrlə bu məsələlərə toxunub. Qeyd edib ki, 30 il ərzində biz danışıqlar aparmışıq, bu danışıqların heç bir nəticəsi, mənası olmayıb. Bu nöqteyi-nəzərdən qarşıdakı görüşün bir nəticə verəcəyinə ümid bəsləmədiyini bildirmişdi. Amma hər halda, Azərbaycan tərəfi hər zaman danışıqlar prosesinə sadiq qalıb. Prezident onu vurğuladı ki, biz gözləyirik ki, Kəlbəcər, Laçın və Ağdamın işğal altındakı hissəsi ilə bağlı razılaşma əldə olunsun, Ermənistan tərəfi bu istiqamətdə addım atmalıdır. Amma bütövlükdə təhlillər onu göstərir ki, Ermənistandakı siyasi hərbi rəhbərliyin belə konstruktiv addımlar atacağına ümidlər olduqca zəifdir. Birincisi, bu dövlətin baş naziri Nikol Paşinyan bir çıxışında qeyd edir ki, münaqişənin diplomatik həlli yolu yoxdur. Bunun üstündən bir qədər keçdikdən sonra deyir ki, biz artıq münaqişə ilə bağlı çox ağır güzəştlərə getməyə hazır olmalıyıq. Başqa bir çıxışında isə yenidən hərbi ritorikaya söykənən bəyanat verir, bütün erməni əhalisini uşaqdan qocaya kimi döyüşə çağırır, onları cəbhəyə göndərməklə təhdid edir. Ermənistan parlamenti hərbi xidmətdən yayınmaya görə cəzaları sərtləşdirir. Əvvəllər buna görə 4 ildən 8 ilə qədər cəzalar var idisə, indi 6 ildən 12 ilə qədər cəza müəyyən olunub. Bütün bunların hamısı onu göstərir ki, Paşinyan nə qədər sistemsiz, qeyri-ardıcıl bir mövqe ifadə edir. Bütün bunları nəzərə alıb, cənab Prezident vurğuladı ki, hansı düşmənlə biz müharibə vəziyyətindəyik, hansı bir düşmənlə danışıqlara gedirik. Səsləndirdiyi mövqeyi bir neçə saat sonra təkzib edən Ermənistan rəhbərliyi ilə danışıqlar aparmalı oluruq. Vəziyyətin qəlizliyi və mürəkkəbliyi bundadır”.

Elman Nəsirov və qardaşı qrant alır — SƏNƏD

Politoloq öz şəxsi qənaətlərini də bölüşdü: “Bir politoloq olaraq qənaətim belədir ki, Cenevrə danışıqları baş tutmaya da bilər. Hətta baş tutsa belə, ondan konstruktiv nəsə eşitmək çox çətindir. Deyərdim ki, qeyri real səslənir. Ermənistanın hərbi, siyasi rəhbərliyi özündə güc tapıb, ən düzgün addımı atmalıdır. Yəni Laçın, Kəlbəcər və Ağdamın işğalda olan hissəsini Azərbaycana qaytarmaqla bağlı üzərinə öhdəlik götürməlidir. Amma bunu, açığı, gözləmirəm. Mənə elə gəlir ki, Azərbaycan Ordusu indiyə qədər Ali Baş Komandanın rəhbərliyi altında azad edilən ərazilərimizin davamı olaraq yerdə qalan əraziləri də bu formada azad edəcək. Ermənistanın qorxaq, mənəviyyatsız hərbi-siyasi rəhbərliyindən konstruktiv mövqe gözləmirəm”.

Deputat atəşkəs məsələsinə də toxundu: “Üç dəfə belə bir qərar qəbul edilib. Dördüncü dəfə bu olsa belə, hesab edirəm ki, bu addımı atan tərəflər ilk növbədə atəşkəsin sayını saymaqla məşğul olmamalıdırlar. Düşünməlidirlər ki, üç atəşkəs nə üçün işləmədi? Bu sualın cavabını tapıb, dördüncü atəşkəslə bağlı qərar qəbul etməlidirlər. Hər üç atəşkəsdə Ermənistan tərəfi bunu kobud şəkildə pozdu. Həm də hərbi cinayətə imza atdı, mülki vətəndaşları hədəf götürdü. Ermənistan rəhbərliyi bir tərəfdən danışıqlardan bəhs edir, Moskva, Vaşinqton və Parisə yalvarır ki, atəşkəs imzalansın, amma eyni niyyətlə də atəşkəsi pozur. Azərbaycan tərəfi bütün dünya görür ki, dinc əhalini hədəfə almır. Ordumuz hərbi hədəfləri məhv edir. Ermənistandan fərqimiz bundadır. Hesab edirəm ki, indiki Ermənistan hakimiyyəti ilə nə qədər atəşkəs imzalansa da, bunun nəticəsi olmayacaq. Humanitar atəşkəsdə əsas o məsələ qoyulur ki, cəsədlər geri qaytarılsın. Əgər bu gün erməni tərəf cəsədlərinə sahib çıxmırsa, onları Azərbaycandan geri götürmürsə, o zaman hansı atəşkəsdən danışmaq olar? Elə bir vəziyyətlə üz-üzə qalıblar ki, həmin cəsədlərin Ermənistana qaytarılması orada inqilab olmasa da, hərbi çevrilişi labüd edə bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”