“Cəmil Həsənli Milli Şura sədrliyindən istefa verməlidir” – ELDƏNİZ QULİYEV

72

“Milli Şuranın yaranmış pat vəziyyətindən çıxmasının yeganə yolu Cəmil Həsənlinin istefa verməsidir”

“Çünki ABŞ-da yaşaya-yaşaya onun dünyaya baxış bucağı dəyişib, mənəvi dəyərlərə münasibəti heç də ürəkaçan deyil”

“O, hörmət-izzətlə yola salınmalıdır, bu halda bir çox problemlər həll olunacaq”

Bildiyiniz kimi, Milli Şuranın Koordinasiya Mərkəzinin bir neçə gün öncə “Zoom”la keçirilən iclasında ölkənin digər siyasi təşkilat və ictimai-siyasi xadimlərinə qarşı barışmaz münasibət sərgilənib, daha dəqiq desək, Müsavat, həmçinin Respublikaçı Alternativ Partiyasının (REAL) fəaliyyətinə dair xoşagəlməz ifadələr, o cümlədən cinsi azlıqlarla bağlı kəskin fikirlər səsləndirilib. Sözgedən videonun yayılmasından sonra isə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı və hüquqşünas Namizəd Səfərov Milli Şuradan istefa verib.

Qeyd edək ki, artıq Nida Vətəndaş Hərəkatı da Milli Şuranın sıralarını tərk etməklə bağlı qərar qəbul edib və bununla yanaşı, Koordinasiya Mərkəzinin konfransında səsləndirilən fikirlər qəti surətdə pislənilib. Belə ki, bu barədə özünün “facebook” səhifəsində status paylaşan jurnalist Nurlan Libre “Nida Vətəndaş Hərəkatı üzvləri Milli Şuranı tərk edib”-deyə qeyd edib. Məhz bütün bunlardan sonra belə bir iddia irəli sürülür ki, tezliklə Milli Şurada başqa istefalar da olacaq, son nəticədə isə qurum fəaliyyətinə son vermək məcburiyyətində qalacaq.

“Cəmil Həsənlinin uzaqgörməyən siyasəti mövcud vəziyyəti yaratdı”

Mövzu ilə bağlı mövqeyini “Hürriyyət”lə bölüşən Milli Şuranın Koordinasiya Mərkəzindən istefa verən tanınmış yazıçı, rejissor Eldəniz Quliyev isə baş verən məlum olayların Milli Şuranın fəaliyyətinin dayandırması ilə nəticələnəcəyini düşünmədiyini bildirdi: “Təbii ki, Milli Şuraya zərbə dəydi. Çox təəssüf ki, bu zərbə elə Milli Şuranın öz içindən dəydi. Yəni bunu öz içindən etdilər. Daha dəqiq desəm, hörmətli professor Cəmil Həsənlinin uzaqgörməyən siyasəti mövcud vəziyyəti yaratdı. Lakin buna baömayaraq, Milli Şurasının fəaliyyətinin tam dayanmasını güman etmirəm, buna inanmıram. Çünki orda həqiqətən hələ ki, öz vətənini, dövlətçiliyini, xalqını sevən insanlar var və onlar mübarizə əzmindədirlər”.

Böyük ehtimalla, bundan sonra da istefaların olacağını deyən Eldəniz Quliyevin fikrincə, Milli Şuranın yaranmış pat vəziyyətindən çıxmasının yeganə yolu Cəmil Həsənlinin istefa verməsidir: “Çünki ABŞ-da yaşaya-yaşaya onun dünyaya baxış bucağı dəyişib, mənəvi dəyərlərə münasibəti heç də ürəkaçan deyil. Qeyd edim ki, bunu təkcə Milli Şuranın özündə yox, elə xalq da görür. Hesab edirəm ki, istənilən siyasi qurum istənilən gücə malik olsa da, əgər mənəvi, milli dəyərlərə, mental xüsusiyyətlərə laqeyd, hörmətsiz yanaşacaqsa, bu zaman onun hər hansı bir müvəffəqiyyət qazanması sual altındadır. Düşünürəm ki, Milli Şura məhz bu cür izah edərək, Cəmil Həsənli hörmət-izzətlə yola salınmalıdır. Bu halda bir çox problemlər həll olunacaq”.

“Koordinasiya Mərkəzinin hər bir üzvü Milli Şuranın sədri ola bilər”

Cəmil Həsənlinin milli-mənəvi dəyərlər mədəniyyəti sərgiləyə bilmədiyini vurğulayan tanınmış yazıçı bu qənaətdədir ki, Milli Şura sədrinin istefa mədəniyyətini nümayiş etdirməsi onun özündən asılıdır: “Onu da qeyd edim ki, Milli Şuranın nizamnaməsi var. Nizamnaməyə əsasən kiminsə qəbul olunması, ya da uzaqlaşdırılması heç kəsin səlahiyyətində deyil. Bu kimi məsələlər yalnız Milli Şuranın sessiyasının səlahiyyətindədir. Yəqin ki, sessiya çağırılar və orda bu kimi məsələlərə aydınlıq gətirilər”. Bu gün Azərbaycanda, eləcə də Milli Şurada kifayət qədər intellektə malik, siyasətini şəffaf və səmimi aparan insanların olduğunu deyən Eldəniz Quliyevin sözlərinə görə, Cəmil Həsənli istefa verərsə, onun yerini tutacaq şəxsin müəyyənləşməsində heç bir problem olmayacaq: “Çünki Koordinasiya Mərkəzinin hər bir üzvü Milli Şuranın sədri ola bilər. Onu nəzərinizə çatdırım ki, əslində, yaxşı siyasi və ictimai təşkilatda sədr olmaq mübahisəsi, sədr olmaq cəhdindən daha çox sədr olmamaq cəhdi getməlidir. Yəni kimin birinci olması davası aparılmamalıdır. Belə olan halda, həmin təşkilatda inkişaf da ola bilər. Bundan başqa, Milli Şurada sədr hamı kimi bir səsə malikdir. Sadəcə, yetər ki, o, xalqın dəyərlərinə hörmətlə yanaşsın və öz siyasi mübarizəsində səbrli olsun. Əsas məhz budur”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org