“Cəmi bir nəfərin mandat qazanması məsələsi REAL-ı çətin duruma saldı” – NATİQ CƏFƏRLİ

    3

    “Çətin qərar idi, amma düzgün qərar verdik”

    “Azərbaycan hakimiyyəti 9 fevralda bərbad seçki keçirməklə, ölkənin sağlam təməllər üzərinə oturma şansını qaçırdı, seçkilər total saxtalaşdırıldı, insanların seçki institutuna inamı kökündən sarsıldı. Ölkəmiz bunun fəsadlarını hələ çox çəkəcək”. Hurriyyet.org xəbər verir ki, bu barədə REAL Partiyasının icra katibi Natiq Cəfərli deyib.

    “REAL olaraq bu seçkilərə yerli və beynəlxalq müşahidəçilərin verdiyi qiyməti bölüşürük, seçkilərin saxtalaşdırılması faktlarını ortaya çıxarılmasında REAL-dan olan namizədlər də mühim rol oynadılar”,-deyə Cəfərli əlavə edib.

    “İndidən iştirakçılığın və ya imtinanın üstün və ziyanlı tərəflərini görmək mümkün deyil”

    Cəfərlinin sözlərinə görə, bu seçkilərdə Erkin Qədirlinin parlament təmsilçiliyi qazanmasına hökumət mane olmayıb, cəmi bir nəfərin mandat qazanması məsələsi REAL-ı çətin duruma salıb: “Çoxsaylı daxili müzakirələrdən sonra bu gün məsələ ilə bağlı bəyanat qəbul etdik, sənədin məğzi budur ki, indidən iştirakçılığın və ya imtinanın üstün və ziyanlı tərəflərini görmək mümkün deyil. Rasional düşüncəni önə çəkərək belə bir qərar qəbul etdik ki, Erkinin 1 illik iştirakına sürənin tamamında bir daha qiymət verək, 1 ildən sonra iştirakın lüzumluluğunu və ya imtinanı yenidən qərara bağlayaq. Erkinin uğurlu fəaliyyət göstərməsi üçün vercəyimiz intllektual və institusional dəstəyin də mühüm rolu olacaq. Cəmiyyəti maraqlandıran məsələlərin Milli Məclisin tribunasından səsləndirmək, yeni qanunvericilik təşəbbüsləri, həmin təkliflərin yaradacağı ictimai rezonans 1 ildən sonra verəcəyimiz qərarın əsas indikatorları olacaq. Çox ağır və çətin qərar idi, amma düşünürəm ki, doğru olanı etdik, düzgün qərar verdik.

    “Bəri başdan imtina etmək, məntiqsiz qərar olardı”

    Cəfərlinin fikrincə, mandatdan imtinanın öz üstünlüyü var idi, amma emosional qərar olacaqdı: “İştirakın da öz riskləri var, amma daha rasionaldır. Bir də ki, mandatdan istənilən zaman imtina etmək mümkündür, amma iştirakın verə biləcəyi ictimai tövhədən bəri başdan imtina etmək, məncə, məntiqsiz qərar olardı. Hər şeyi zaman göstərəcək, hamımıza uğurlar”.

    Şamo EMİN, Hurriyyet.org