“Çeçen ağsaqqalların bu təklifi mütləq dəyərləndirilməlidir”

210

Sərdar Cəlaloğlu: “Bu barədə dövlət başçısına müraciət edəcəyəm”  

Elşad Musayev: “Onların bura qayıdıb, döyüşə qoşulmaq istəməsinin heç bir zərəri yoxdur”

“Lazım olsa, məktub da göndərəcəyəm ki, siyasi motivlərlə həbs olunan, sonra isə ölkədən gedən OMON-çular və başqalarının qayıtmasına icazə verilsin”

İki gün əvvəl 90-cı illərin rus-çeçen müharibəsi nəticəsində Çeçenistanı tərk etməyə məcbur qalmış və Avropaya mühacirət etmiş çeçen xalqının nümayəndələri tərəfindən Azərbaycan prezidentinə müraciət olunub. Müraciətdə müharibə dövründə onlara uzadılan yardım əlinin unudulmadığı vurğulanıb, həmçinin dövlət başçısına təklif də yer alıb. Belə ki, Avropada yaşayan Çeçenlərin Milli Assambleyasının Ağsaqqallar Şurasının üzvləri Azərbaycan prezidenti İlham Əliyeva müraciət ünvanlayaraq 90-cı illərdə yaşanmış rus-çeçen müharibəsi zamanı Çeçenistanı tərk etmək zorunda qalmış çeçenlərə Bakının o zaman sığınacaq verməsinə görə təşəkkürlərini bildirib. Həmçinin Avropaya mühacirət etmiş azərbaycanlıların Qarabağda döyüşməsi üçün ölkəyə qayıtmasına icazə verməsinə çağırış etdilər. Maraqlıdır ki, çeçen ağsaqqalların İlham Əliyevdən Avropda mühacir həyatı yaşayan azərbaycanlıların Qarabağ savaşı getdiyi indiki ərəfədə Azərbaycana qaytarılması ilə bağlı xahişi müxalif partiya sədrləri tərəfindən necə qarşılanıb?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilkl olaraq çeçenlərə təşəkkürünü bildirdi: “Əvvəla biz o çeçenlərə çox təşəkkür edirik. Bu onların necə qədirbilən olduğunu göstərir. O zaman biz çeçenlərə çox ciddi dəstək vermişik. Yaralıları burada müalicə etmişik. Onların ailələri-uşaqları burada illərlə yaşayıblar. Onlara bir dəfə də güldən ağır söz deyən olmayıb. Bizim müsəlman qardaşımız olduqları üçün hər cür maddi-mənəvi yardım olunub. Bu gün də bizim onların dəstəyinə ehtiyacımız var, amma mənəvi dəstək. Biz bura başqa qüvvələrin cəm olmasını istəmirik. Onlar nə qədər də istəsələr ki, nələrsə etsinlər, biz buna razı olmarıq. Amma bu çox ağılı təklifdir. İcazə verilsin deyəndə ki, OMON-çular, Rusiyadan müxtəlif əsaslarla ordudan çıxarılanlar var. Bu barədə dövlət başçısına müraciət edəcəyəm. Lazım olsa, məktub da göndərəcəyəm ki, siyasi motivlərlə həbs olunan, sonra isə ölkədən gedən OMON-çular və başqalarının qayıtmasına icazə verilsin”.

ADP sədri hesab edir ki, prezidentin bu addımı ölkədə siyasi barışıq mühitinin formalaşmasına çox böyük töhfə verə bilər: “Qarabağ məsələsi ortada varsa heç bir umu-küsüdən, düşmənçilikdən, ayrı-seçkilikdən söhbət gedə bilməz. Çünki bu vətən də bizi birləşdirə bilmirsə deməli biz millət deyilik”.

“Həmin adamlar Qarabağ müharibəsində canını vermək istəyirsə, bu məqam onların əfv edilməsinə, onlara bir şans verilməsinə əsas verə bilərmi”, – sualına cavab olaraq S.Cəlaloğlu bildirdi: “Əlbəttə, hətta kimlərsə cinayət təqibindən qaçıb gediblərsə indi bunlar ölümə gəlmək istəyirlər. Bunlar istəyirlər Qarabağda könüllü döyüşsünlər. Ermənilər gedib başqa ölkələrin vətəndaşlarını yığıb gətirsin, biz ölkəmizin vətəndaşlarının vətənə qayıtmasına qapıları açmalıyıq. Onlar bu məqamda dövlətin yanında olmaq istəyirlər. Bu onların bağışlanmasına haqq qazandıracaq bir məqamdır. İnsan özünün ölümü müqabilində bir yol seçirsə bu  nə deməkdir? Bu ölümə razıdırsa ona hansı cəzanı verə bilərsən? O ölümə razıdır. Bundan artıq nə cəza verilə bilər? Bu addım onların bağışlanmasına mütləq haqq qazandırmalıdır və prezident bununla bağlı qərar qəbul edib addım atmalıdır. İkinci dünya müharibəsi başlayanda həbsxanaları açdılar və onlar gedib xarüqələr yaratdılar. Onların içindən neçə-neçə milli qəhrəman çıxdı. Rusiyanın özünün də Sovet İttifaqı qəhrəmanları var ki, onlar həbsxanadan çıxıb qəhrəmanlıqlar ediblər. Ziya Bünyadovun özü cərimə batalyonundan çıxmışdı. Bu təklif mütləq dəyərləndirilməlidir”.    

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirdi ki, azərbaycanlı mühacirlərin ölkəyə qayıtmasına şərait yaradılmalıdır: “Rus-çeçen müharibəsində çox sayda çeçen var idi ki, yaralanmışdılar. Qadınlar, uşaqlar var idi. Onlar bu addımı unutmayıblar. Çeçen qardaşlarımız sağ olsunlar, onlara təşəkkür etmək lazımdır. Qarabağda döyüşmək istəyən azərbaycanlı mühacirlərdən kim döyüşmək istəyirsə gəlib döyüşsün. Onların bura qayıdıb, döyüşə qoşulmaq istəməsinin heç bir zərəri yoxdur”.

Ülviyyə ŞÜKÜROVA