Çayçılıqdan icra başçısı vəzifəsinə, oradan isə DTX zirzəmisinə… – MAHİR QULİYEVİN KARYERASI VƏ ƏMƏLLƏRİ

144

Xəbər verildiyi kimi ötən gün DTX Biləsuvar rayonunda xüsusi əməliyyat keçirib, icra hakimiyyətinin başçısı Mahir Quliyevi və onun müavinlərini, bəzi digər rayon məmurlarını həbs edib.

Mahir Quliyevin karyerası haqda ötən gün bəzi məlumatları çatdırmışıq. Xatırladırıq ki, o, 1958-ci ildə Kəlbəcərdə anadan olub. Təhsili faktiki olaraq yoxdur, Bakıdakı hansısa “Naxçıvan” adlı universitetdən diplom alıb. Karyerasına əvvəllər kolxozda fəhlə, daha sonra Bakının Dənizkənarı Milli Parkındakı “Sahil” restoranında çayçı-ofisiant olaraq başlayıb.

Lakin Mahir Quliyevin çayçı-ofisiant işlədiyi vaxtlarda karyerasında başgicəlləndirici sıçrayış baş verib. O, 2005-ci ildə Səbail bələdiyyəsinin sədr müavini olub və çox keçmədən, cəmi bir neçə ay sonra bələdiyyədən birbaşa Astara rayon icra hakimiyyətinin başçısı vəzifəsinə “sıçrayıb”. 2006-cı ildən 2011-ci ilə qədər bu rayona başçılıq edib, daha sonra Biləsuvar rayonuna başçı təyin edilib.

Saytlarda və sosial şəbəkələrdə Mahir Quliyevin həm Astarada, həm Biləsuvardakı fəaliyyəti barədə çoxsaylı kompromatlara, şikayətlərə və narazılıqlara rast gəlmək olar. Habelə onun icra başçısı işləməyə başladığı vaxtlarda ofisiantlıq vərdişlərini tərgidə bilmədiyi haqda maraqlı əhvalatlar da var.

Məsələn, belə əhvalatlardan birində deyilir ki, Mahir Quliyev Astaraya təzə rəhbərlik etməyə başlayanda o, Bakıdan gələn qonaqları qarşılamalı olur. Və ardınca qonaqların iştirakı ilə müşavirə keçirir və ona agah olur ki, rəsmi müşavirə keçirmək “Sahil” restoranında qonaqlara qulluq eləməkdən fərqlənirmiş. M.Quliyev iclasda pozuq nitq irad edir, dili topuq çalır və ciddi səhvlərə yol verir. Amma Prezident Administrasiyadan gedən qonaqlar onun “təcrübəsizliyini” nəzərə alırlar və məsələnin üstündən keçirlər.

Daha sonra iş gəlib çatır qonaqlara yeyib-içmək verməyə. M.Quliyev restoranlardan birinə əvvəlcədən ziyafət üçün sifariş veribmiş və o, rəsmi tədbiri birtəhər başa vuran kimi qonaqları İcra Hakimiyyətinin binasında qoyaraq tələsik həmin restorana yollanır. M.Quliyev içəri daxil olan kimi başlayır masanın üstündəki qabları, çəngəl-bıçağı nizama salmağa. Bu vaxt icra başçısının müavini ziyafəti hazırlamaq üçün orada idi və o, başçının hərəkətlərini görüb ona ofisiant olmadığını xatırlatmalı olur. “Bu işlər sizlik deyil, ofisiantlar məşğul olur. Bura “Sahil” restoranı deyil”,-müavin ona deyir. M.Quliyev ofisiant yox, rayon rəhbəri olduğunu xatırlayır və yenidən tələsik İcra Hakimiyyətinin binasına dönür.

M.Quliyevin Biləsuvardakı fəaliyyəti barədə isə  bunları deyirlər ki, adam rayonda özünə sözün əsl mənasında “dana oğrularından” ibarət komanda yığıb. Onun ətrafındakı adamlar bir vaxtlar mal-qara oğurluğuna görə məhkum ediliblər. M.Quliyev rayonda minlərlə hektar əkin sahəsini zəbt edərək orada özünə feodal təsərrüfatı qurub, onun adamları İrandan Biləsuvara ucuz ərzaq və tələbat malları daşıyıb başçının mağazalarında və bazarında satdırmaqla məşğul idilər. Habelə Mahir Quliyevin rayonda abadlıq işləri üçün yerli sahibkarlardan və büdcə təşkilatlarının işçilərindən pul toplaması, büdcədən ayrılan pulları isə basıb yeməsi haqda çoxsaylı şikayətlərə rast gəlinir. O cümlədən onun rayondakı bütün gəlirli biznes sahələrini öz nəzarətinə alması barədə şikayətlər eşidilirdi.

Saytlarda habelə ayrı-ayrı vaxtlarda Biləsuvar sakinləri adından ölkə rəhbərliyinə ünvanlanmış çoxsaylı şikayətlər oxuyuruq. Orada deyilirdi ki, Mahir Quliyev kəndlilərin əkin sahələrini susuz qoyub, suyu özünün minlərlə hektarlıq əkin sahələrinə yönəldir, nəticədə kəndlilərin əkinləri məhv olur.

Habelə şikayətlərdə deyilirdi ki, icra başçısının və rayonun digər məmurlarının yüzlərlə balıqçılıq təsərrüfatları var və əkin sahələri üçün nəzərdə tutulan su həmin süni göllərə axıdılır.

M.Quliyevin və onunla birlikdə həbs olunanların əməlləri, onların nədə ittiham olunduqları yəqin ki, DTX tərəfindən tezliklə açıqanacaq./virtualaz.org/