Çavuşoğlunun Azərbaycan səfərində məqsəd nədir? (ŞƏRH)

93

“Çavuşoğlunun Azərbaycan səfəri dünya dövlətlərinə, beynəlxalq təşkilatlara ciddi mesajdır”.

BunuQaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Bakıya səfərini şərh edərkən deyib. Politoloq hesab edir ki, bu səfərin çox böyük əhəmiyyəti var:

“Çünki Türkiyə Azərbaycanın strateji müttəfiqidir və bütün istiqamətlərdə Azərbaycana dəstəyi var. Çavuşoğlunun Azərbaycan səfəri dünya dövlətlərinə, beynəlxalq təşkilatlara ciddi mesajdır ki, Türkiyə Azərbaycanı tək qoymayacaq. Müəyyən bəyanatlar, açıqlamalar var ki, orada Azərbaycanı atəşkəsə məcbur etmək istəyirlər. Türkiyə isə bunun əleyhinədir. Türkiyə məsələnin birdəfəlik həllini istəyir. Bu baxımdan səfərin əhəmiyyəti beynəlxalq dövlətlərə ciddi mesajdır”.

 

Elxan Şahinoğlu bildirib ki, səfərdə həmçinin iki dövlət arasında diplomatik siyasətin necə qurulması da müzakirə olunacaq:

“İkinci önəmli məsələ isə məsləhətləşmələrə olan ehtiyacdır. Bundan sonra iki dövlət arasında diplomatik siyasət necə qurulmalıdır? Bu məsələlər Bakıda müzakirə olunacaq. Bundan başqa NATO-nun Baş katibi Türkiyədə idi. Müzakirədə Dağlıq Qarabağ məsələsi də müzakirə olunub. Ola bilər ki, Çavuşoğlu həmin görüşlə bağlı bəzi detalları Azərbaycan tərəfi ilə müzakirə etsin”.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana işgüzar səfərə gəlir.