Cavad xanın nəticələri – Ziyadxanov qardaşları

    33

    Şəxsiyyətlər cəmiyyətin aparıcı qüvvəsi, millətin simasında əsas cizgilər sayılır. Öz əməlləri ilə vətənlərinin tarixinə imza ata bilənlər, xalqına son nəfəsinə qədər sədaqətlə xidmət edənlər tarixin səhnəsində yaşamaqdadırlar və bu yaşamaq haqqını heç kim onların əlindən ala bilməz.

    Azərbaycanda qədim tarixi köklərə, şərəfli şəcərəyə mənsub şəxsiyyətlər az deyil. Belə şəxsiyyətlərdən olan İsmayıl xan və Adil xan Ziyadxanov qardaşları Demokratik Cümhuriyyət zamanında tanınmış dövlət və hökumət xadimlərindən olublar. Tarix elmləri namizədi, BDU-nun dosenti Boran Əziz ilə bu mövzuda ətraflı söhbətləşdik. Alimin sözlərinə görə , İsmayıl xan və Adil xan Ziyadxanov qardaşları məşhur Qacarlar sülaləsinin Ziyadoğlular qolunun siyasi mühitdə görünən sonuncu nümayəndələridir. Ziyadxanovlar Vətənə sədaqətlə xidmət göstərən ailələrdən olub. B.Əziz qeyd edir ki, bu sülalə təkcə Gəncəbasar bölgəsinin deyil, bütün Azərbaycanın siyasi həyatında mühüm rol oynayıb.

    Qacarlar sülaləsi

    İranda 1796 və 1925-ci illər arasında hakimiyyətdə olmuş Qacarlar Azərbaycan-türk sülaləsidir. Qovanlı qolundan olan Qacarlar Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salıblar. Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-türk tayfalarından biri də Qacarlardır.

    XVI əsrin əvvəllərində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışdılar. 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdi. 16-17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutublar. Ziyadlı oymağının bir qolu Qarabağda (Gəncədə), bir qolu Çuxursəddə (İrəvanda) hakimiyyətdə olub. Gəncə ziyadlıları tarixi ədəbiyyatda Ziyadoğlu kimi tanınırlar. Onların tayfa başçıları bu yörədə öncə bəylərbəyi, sonra müstəqil xan olublar.

    Tarixçi Məhəmməd Məsum ibn Xocəki-İsfahani "Xülasət əs-səyyar" adlı əsərinin "Ziyadoğlu nəsli və Gəncənin xüsusiyyətləri haqqında qısa məlumat" başlığında yazır: "Mən – Allahın yazıq bəndəsi uğurlu tale sahibi olan bu alicənab şəxsin süfrəsinin kənarında oturanlardan biri kimi zati-alilərinin əmri ilə bu kitabı yazmağa məşğul olarkən özümə vacib bildim ki, qüdrətli və əzəmətli xanın nəsli, əcdadı haqqında da qısaca məlumat verim. Bu qısa məlumatı sidq-ürəklə hazırladım ki, zəmanə adamları xanın nəsil şəcərəsini bilsinlər. Düzdür, bu nəslin şəxsiyyətlərinin layiqli xidmətləri gün kimi aydındır və heç bir tərifə ehtiyacı yoxdur. Lakin bununla belə, mənim ürəyimdən belə bir fikir keçdi ki, arif adamların bu nəslin işləri haqqında məlumatları olsun deyə onları bu kitaba daxil edim. Bu mübarək insanın babalarının məskəni Rum vilayəti olmuşdur. Qəriməş Xızr adı ilə tanınan Xızr bəy o diyarda mötəbər bir şəxs olmuşdur. O, Səfəviyyə təriqətinə sidq-ürəklə etiqad etdiyi və o müqəddəslərin işığına ürəkdən bağlandığı üçün eli, qohum-əqrabası ilə birgə vətənini tərk edib Azərbaycana və İraqa köçmüşdür. Xızr bəy bir müddətdən sonra dünyasını dəyişmiş və onun böyük oğlu Ümmət bəy Lahican vilayətində şahənşaha səcdə etmək şərəfinə nail olmuşdur, o, zəmanəsinin yeganəsi olan bu şəxslə şahənşahla yaxınlıq mərtəbəsinə yüksəlmişdir. Ümmət bəy hörmət və izzət sahibi Sufi Lahicinin xidmətində olmuş şahənşahlıq lütfü və diqqəti həmişə onun üzərinə kölgə salmışdır. Xalq üçün qorxulu, təhlükəli vəziyyətlərdə bəşəri gücü çatan işləri daha çox o, gördüyü üçün, eləcə də saf etiqadına, fədakarlığına və çoxlu xidmətlərinə görə Ziyadoğlu ləqəbini qazanmışdır". Məşhur tarixçi Mirzə Adıgözəl isə bəy yazır ki, "Ziyadoğlular təkcə Gəncə bəylərbəyi kimi tanınmır. Tiflisdən Xudafərinə qədər olan ərazidə hər kəs onların nüfuzu ilə hesablaşır".

    Ziyadoğluların ən parlaq nümayəndəsi

    Ziyadxanov qardaşları Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın nəticəsidirlər. Onlar Azərbaycan Rusiyaya birləşəndən sonra Ziyadxanov soyadını almışlar. Anaları Azər Humayun xanım da Abbas Mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən Mirzənin qızıdır.

    "Rus işğalına sonadək müqavimət göstərən Gəncənin sonuncu xanı Cavad xan Ziyadoğluların ən parlaq nümayəndəsidir. Rus ordusunun generalı Sisianova "Yalnız meyitimin üstündən keçib Gəncə qalasına daxil ola bilərsən" deyən və bir ay qanlı döyüşlər aparıb son nəfəsinədək qərarına sadiq qalan Cavad xanın şücaəti və mərdliyi qarşısında bu gün də hər bir azərbaycanlı baş əyir. Cavad xan 1804-cü il yanvarın 3-də qətlə yetirilib. O Sisianovun qərarı ilə Gəncədə Cümə Məscidində dəfn olunub. Vətən yolunda canından keçənlərə düşmən də öz rəğbətini etiraf etməkdən çəkinmir. Çar Rusiyasının Qafqaz üzrə komandanı Markiz Pauliççi 1812-ci ildə Cavad xanın ev dustaqı olan ailəsini azad edib mərkəzə belə bir məktub göndərmişdi: "Öz vətəninə layiqincə xidmət edən adamları sevdiyim üçün Cavad xana haqq qazandırıram. O, şəhəri müdafiə edərək əlində silah ölmüşdür. Mən Cavad xana dərin hisslərimi və xüsusi hörmətimi nəzərə alaraq onun nəslindən olanların hamısına azadlıq verdim".

    Qacarlar tayfasından olan xanları başqa xanlardan fərqləndirən cəhətlərdən biri də onların elmə olan münasibəti idi. Cavad xan tarixi mənbələrdə elm sevən bir insan kimi təqdim olunur.

    "Cavad xanın hakimiyyəti dövründə Gəncə çiçəklənir. Ticarət genişlənir, müxtəlif sənət sahələri inkişaf edir. Yaşayış binaları, karvansaralar, məscidlər tikilir. Cavad xanın sarayında alimlər, yazıçılar və şairlər toplaşırdı".

    Ziyadxanov qardaşları rus-çar işğalı dönəmində Azərbaycanda ictimai-siyasi proseslərdə çox yaxından iştirak ediblər.

    B.Əzizin fikrincə, İsmayıl xan ilk növbədə imperiyanın mərkəzində, Dövlət Dumasının tribunasından Rusiyanı Azərbaycanı işğal etməkdə ittiham eləyən bir cəsur şəxs kimi xarakterizə oluna bilər.

    – Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra istər rus tarixşünaslığında, istərsə də Azərbaycan tarixşünaslığında bu işğala maksimum dərəcədə yumşaq don geyindirməyə çalışıblar. Məsələn, Sovet dövründə Azərbaycanın güya könüllü birləşdiyi deyilirdi. Hətta Mirzə Fətəli Axundzadə öz əsərlərində qeyd edirdi ki, "təxti-himayəsinə sığındığımız Rusiya"… Yəni guya biz özümüz könüllü Rusiyanın təxti-himayəsinə sığınmışıq.

    İsmayıl xan Ziyadxanov 15 avqust 1867-ci ildə Gəncə şəhərində anadan olmuşdu. İlk təhsilini Gəncə gimnaziyasında alıb, daha sonra Moskva Universitetinin Hüquq fakültəsinə daxil olub. Moskva Universitetini müvəffəqiyyətlə bitirdikdən sonra Tiflis dairə məhkəməsində prokuror müavini vəzifəsində işə başlayıb.

    İsmayıl xan 1905-ci ildə erməni daşnaklarının törətdiyi dəhşətli qətliamlara məruz qalan azərbaycanlıların acısını dərindən duyaraq siyasi fəaliyyətə qoşulub. Azərbaycanın milli istiqlal hərəkatının fəal üzvləri sırasında yer alan İsmayıl xan 1906-cı ildə Yelizavetpol quberniyasının 1-ci Dövlət Dumasının deputatı seçilib. Dumanın müsəlman fraksiyasının büro üzvü və "Xalq Azadlığı" partiyasının üzvü olub.

    Dumadakı fəaliyyəti dövründə çarizmin ucqarlarda köçürmə siyasətini, Qafqazda törədilmiş milli qırğınları, müstəmləkəçilərin xalqımızın başına açdığı bəlaları kəskin tənqid edib.İsmayıl xan təkcə Qafqazda deyil Baltikyanı bölgələrdə də baş verən haqsızlıqlara qarşı çıxıb və öz etirazını bildirib.

    B.Əziz İsmayıl xan Ziyadxanovun Dövlət Dumasında Çar Rusiyasının müstəmləkəçilik siyasəti əleyhinə çıxışlarından bir neçə maraqlı nüansları bizimlə bölüşdü:

    – O, Çar Rusiyasının Azərbaycanda həyata keçirdiyi müstəmləkəçilik siyasətinin iqtisadi,siyasi və mənəvi sahədə həyata keçirilmə üsulları və formalarını olduqca kəskin şəkildə tənqid edirdi. İsmayıl xan Ziyadxanov1906-cı ildə dövlət dumasında çıxışında bildirir : "100 il bundan əvvəl Rusiya Qafqazı işğal etmişdir. 100 il ərzində biz bir növ hərbi əsir hesab olunurduq və hərbi əsir kimi daimi nəzarət altındaydıq. Heç bir hüququmuz yox idi. Biz 100 il ərzində sözün əsl mənasında qul idik.Siz sosial,iqtisadi, siyasi həyatın hansı sahəsinə baxsanız hər yerdə yalnız hüquqsuzluq görərsiniz. Bizi işğal edəndə bizim ən həssas və yaralı yerimizə belə toxundular. Bizim dini işlərimizə müdaxilə etdilər. Hətta ruhaniləri seçməyə belə imkan vermədilər". Yəni İsmayıl xan rus işğalının bütün sahələrdə Azərbaycana olduqca ağır təsir göstərdiyini çəkinmədən qeyd edib.

    İsmayıl xan Rusiyanın Azərbaycanda həyata keçirdiyi müstəmləkəçilik siyasətindən bəhs edərkən bildirirdi: "Uzun illər ərzində Azərbaycan türklərinin ali müsəlman təbəqəsinin nəinki siyasi hətta mülkiyyət hüququnu da tanımırdılar". İsmayıl xan Dumadakı çıxışlarında bildirirdi ki, "Bizi müsəlman və türk olduğumuza görə bir çox ali məktəblərə qəbul etmirlər. Ali məktəbləri bitirəndə isə hökumət idarələrində yüksək vəzifə tutmağımıza qətiyyən icazə vermirlər. Çar hökumət orqanları bizi bisavad, geridə qalmış adlandırır. Halbuki çar senzurası dövründə biz ən yaxşı halda cəmi bir qəzet buraxa bilirdiksə, bu gün (1906-cı ili nəzərdə tutur) bizim 30-dan artıq qəzet və jurnallarımız çap olunur… Çar hakimiyyət orqanları o qədər də böyük səlahiyyətləri olmayan şəhər bələdiyyələrinə seçkilərdə də ayrı-seçkilik yaradır. Müsəlmanlara ikinci növ adamlar kimi baxırdılar".

    O dövrdə Çarın verdiyi fərmana görə müsəlmanlar şəhər bələdiyyələrinin ən yaxşı halda yarısını təşkil edə bilərdi. Rus hökumətinin verdiyi qanuna görə 499 xristianın səsi 2900 müsəlmanın səsinə bərabər idi. İsmayıl xan bunu da çox kəskin tənqid edib.

    Müsəlmanların çarizmə qarşı mübarizəsini rəsmi ərizələrdən və xahişnamələrdən Dumadakı etiraz səviyyəsinədək yüksəldib. Onun Rusiya Dövlət Dumasının tribunasından erməni müsəlman qırğını barədə söylədiyi fikirlər öz aktuallığını bu gün də qoruyub saxlayır: "Çar hakimiyyət orqanları azərbaycanlı və ermənilərin öz azadlığı, haqq və hüriyyətləri uğrunda mübarizəyə qalxdığını görərək onları bu fikirdən yayındırmaq üçün iki xalqın arasında qarşıdurma yaratmışdır. Rusiya imperiyası iki xalqı bir-birini ölüb-öldürməyə sövq etmişdir ki, burada da daha çox əziyyət çəkən məhz müsəlmanlar olmuşdur". Ona görə ki, çar hakimiyyət orqanları erməniləri bu ərazilərdə özlərinin əsas dayaqlarından biri sayırdı. İsmayıl xan çar hökumətindən belə bir qırğının dərhal dayandırılmasını və günahkarların cəzalandırılmasını tələb edirdi.

    Çar hakimiyyət orqanlarının Azərbaycanda həyata keçirdiyi müstəmləkəçilik siyasətindən biri də köçürmə siyasətidir.Çar buraya təkcə erməniləri və rusları köçürməklə kifayətlənməmişdir. Yerli azərbaycanlıları xüsusilə də ali müsəlman təbəqəsini buradan baş götürüb getməyə məcbur edirdi. İsmayıl xan Ziyadxanov dumadakı çıxışlarında köçürmə siyasətini də kəskin şəkildə pisləyirdi: "Azərbaycan kəndliləri onsuzda az torpaqlılıqdan əziyyət çəkirdi. İrandan və Türkiyədən qeyri azərbaycanlıları bura köçürməklə sosial vəziyyət bir az da ağırlaşdırılıb. Bu, dolayısı ilə azərbaycanlıların ruslaşdırılması və xristianlaşdırılmasına xidmət edir".

    İsmayıl xan ermənilərin Azərbaycanda törətdikləri qırğınlar ilə əlaqədar Dumadakı çıxışlarının birində deyib: "Hər dəqiqə ölkəmdən qorxulu xəbərlər alıram. Bu dəqiqə İrəvanda silah səsləri eşidilməkdədir. Cənablar iki ildən bəri qan içində üzən ölkəmizdə cəsədlərin üstündən keçirik. Artıq səbrimiz tükənib. Bizə də acıyın. Biz anaların qucağından alınıb havaya atılan südəmər uşaqların havada ikən xəncərlərə keçirildiklərini görmüşük. Biz hamilə qadınların qarnına salınan xəncərlərin açdığı yaralardan uşaq əllərinin bayıra sallandığının şahidi olmuşuq. Qoy mətbuat və təbliğat vasitələrilə aramıza nifaq toxumu səpən provokatorlar utansınlar, yanğın və alovlardan xoşlananlar iş başından çəkilsinlər, dəlik-deşik edilən cəsədlərin, anaların, uşaqların fəryadından, iniltisindən həzz alanlar rədd olsunlar".

    İsmayıl xan Ziyadxanov Dumanın buraxılmasına etiraz edən deputatların (onların arasında Əlimərdan bəy Topçubaşov da vardı) Vıborq müraciətnaməsini imzaladığına görə üç aylıq həbs cəzasına məhkum olunmuş və Dumaya seçilmək hüququndan məhrum edilmişdi.

    Erməni-müsəlman qırğınının qarşısının alınması məqsədilə 1906-cı ilin fevralında Tiflisdə barışıq qurultayı çağırılmışdı. Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Xəlil bəy Xasməmmədov qardaşları ilə yanaşı Ziyadxanov qardaşları da bu barışıq qurultayında iştirak edirdilər. Orada müsəlmanların əsas tələblərini dilə gətirən və onların mövqeyini əks etdirən əsas sənədin hazırlanmasında hər iki qardaşın böyük rolu olmuşdu.

    Məhz bundan sonra Ziyadxanov qardaşları Gəncədə "Müdafiə" adlı təşkilat yaratmışdılar. Bu təşkilat gizli olaraq fəaliyyət göstərirdi. Onlar çağırış adlı bir vərəqə buraxmışdılar. Bu vərəqədə təşkilatın əsas məqsəd və məramı qeyd olunmuşdu. Çağırışın aşağısında möhür var idi. Möhürdə tərəzi, kitab, saman topası və bir-birini kəsən iki qılınc təsvir edilmişdi. Bu isə əslində təşkilatın qarşısına qoyduğu vəzifələri əks etdirirdi.Yəni burda ədalət uğrunda mübarizə, əkinçinin mənafeyinin qorunması habelə tamahkarlığının və amansızlığının həddi olmayan məmurlara qarşı mübarizə aparılması, hətta lazım gələrsə, onların cəzalandırılması eyni zamanda müsəlman əhalisinin azadlığına qəsd edənlərin cəzalandırılmasına nail olunması başlıca məqsədlərindən biri idi. "Müdafiə" təşkilatı müsəlmanlar arasında maarif mədəniyyət işlərinə qayğı göstərirdi. O dövrdə müsəlmanların əksəriyyəti savadsızlığı ucbatından öz hüququnu düzgün başa düşə bilmirdilər. Təşkilat çar məmurlarının da bu insanları incitməsinə qarşı mübarizə aparırdı, onlara hüquqi yardım göstərirdi. O dövrdə buraxılan çağırışda deyilirdi ki,"Partiya cəmiyyətin sağlam düşüncəli və alicənab hissəsini ədalət və azadlıq uğrunda apardığı çətin mübarizəyə köməyə çağırır. Müdafiə sülh yolu ilə işləsə də hüququ, ədaləti və vicdanı tapdalayanları amansızcasına cəzalandıracaqdır. Xalqın fəlakətlərində dərin günahı olanlar amansız qisasdan qaça bilməyəcəklər" .

    1907-ci ilin martında Qafqaz və Krım müsəlmanlarının nümayəndələrinin Gəncədə keçirilmiş qurultayında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Zaqafqaziya Ümummüsəlman İttifaqının yaradılması qərara alınmışdı.

    1917-ci il Rusiya fevral burjua inqilabından sonra Gəncədə ictimai təşkilatların icraiyyə komitəsini təşkil edib və şəhər milisinin rəisi təyin edilib. Gəncə şəhərinin asayişi İsmayıl xan Ziyadxanlının rəhbərlik etdiyi milis dəstələri tərəfindən qorunub.

    B.Əziz qeyd edir ki, 1918-ci ilin 18-22 martında Stepan Şaumyan yaxın dostu Stepan Lalayevin başçılığı altında Daşnak ordusunu Şamaxıya göndərdi. Şamaxıya girən ermənilər şəhəri top atəşinə tutdular. Evlər yandırıldı, evlərdən qaçan qadınlar, uşaqlar və küçələrdə görünənlərin hamısı güllələndi. Şəhərdə qırğın və talanlar Gəncədən müsəlman dəstəsi gələnə qədər davam etdi. Martın 28-də İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Şamaxının müdafiəsinə yetişən milis dəstələri qısa vaxt ərzində Şamaxını rus və erməni dəstələrindən azad etdi. Ermənilər Malakan kəndi olan Qozlu çaya çəkildilər. İsmayıl xan bu kəndin ağsaqqallarını dəvət edərək erməniləri təhvil vermələrini, ya da onları kənddən çıxarmalarını tələb etdi. Malakanlar iki gün vaxt istədilər. İki gün sonra Bakıdan əlavə kömək gələndən sonra verdikləri sözdən imtina etdilər. İsmayıl xan əhalini xəbərdar etdi ki, ermənilər geri qayıda bilər. Ona görə də ayıq-sayıq olsunlar. S. Şaumyan İsmayıl xan Ziyadxanovu Azərbaycanda Sovet hakimiyyəti üçün ən təhlükəli adam adlandırmışdı. Halbuki, İsmayıl xan özgə millətlərə nifrət hissi olmayan, bütün insanlara kömək etmək düşüncəsilə yaşayan bir adam idi".

    Sovet dövrü tarix kitablarında Gəncə mülkədarı, əks-inqilabçı kimi qələmə verilən bu adamın adı Fövqəladə Hallar Komissiyasının sənədlərində bir neçə dəfə xatırlanır. Ancaq həmin xatırlamalarla bu insana qarşı bir məhəbbət və xalq sevgisi hiss olunur. Dar gündə kiçik bir dəstə ilə Şamaxılı qardaşlarının harayına yetişən bu igid azərbaycanlı xalq arasında böyük rəğbət qazanır. Arxiv sənədlərində göstərilir ki, "Xan dəstəsi" gedəndən sonra Şamaxının əsl müsibəti başladı. Şamaxı qəzasının 58 kəndi yerlə-yeksan edildi. 7 minə yaxın azərbaycanlı amansızcasına qətlə yetirildi. Öldürülənlərin 1653 nəfəri qadın, 965 nəfəri uşaq idi. Həm bu qırğın və talanlar ağlasığmaz bir qəddarlıqla həyata keçirilir, müsəlmanlar nəinki diriykən, hətta öldürüldükdən sonra vəhşicəsinə təhqir edilirdi.

    İsmayıl xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkil olub, daha sonra xarici işlər nazirinin 1-ci müavini təyin edilib.

    İstiqlal bəyannaməsindəki qonşu dövlətlərlə qarşılıqlı münasibətlərin qurulması zərurəti prinsipləri Azərbaycanın cənub qonşusu olan İranla da normal əlaqələrin yaranmasını tələb edirdi.

    Yusif Vəzir Çəmənzəminli "Xarici siyasətimiz" əsərində yazır: "Rusla İranın arasında Azərbaycan dövləti təşəkkül etdi. Rus qorxusuna qarşı Qafqaz orduları sinəsini sipər edərək durdular və duracaqlar. İran da asudə nəfəs almağa başladı. Bundan sonra iki qonşu və müsəlman dövlətləri arasında dostluq hasilə gəlməlidir. İranla aramızda məchul və ixtilaflı bir məsələ yoxdur. İki qonşu dövlətin tərəqqisi yalnız dostluq ilə ola bilər. İran bizi tutarsa və bizi müstəqil deyə tanırsa, özü üçün şimal tufanına qarşı sipər qazanar".

    Təqdim etdi: Məmməd MİRZƏLİYEV