Cavad Zərifin qalmaqal doğurmuş açıqlamaları –ƏFQANLAR KÖNÜLLÜLƏR SURİYAYA ÖZ İSTƏYİ İLƏ GEDİB?

717

Əli Lətifi
“Middle East Eye”, 23.12.2020

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Əfqanıstanda tənqidlərə məruz qalıb. O, terrorizmə qarşı mübarizədə rəsmi Kabilə İranın qurduğu və Suriyaya yerləşdirdiyi əfqan qaçqınlardan ibarət milisdən istifadəni təklif edib.
“TOLONews”-a verdiyi müsahibədə Zərif «Fatemiyun” briqadasını İŞİD-ə qarşı ən yaxşı mübariz kimi tərifləyib və ölkə daxilindəki terrorizmlə mübarizədə Kabilin ondan faydalana biləcəyini söyləyib.

Müsahibə tam olaraq yayımlandıqda, Zərifin açıqlamaları qəzəbi şərhlər yaradıb.
Uruzqan əyalətinin millət vəkili Reyhanə Azad, Zərifin təklifini xarici yüksək səviyyəli bir məmurun “uğursuz” və “utancverici hərəkəti” adlandırıb.
Azad, həmçinin, İranın Suriyaya xarici döyüşçü göndərməməsi ilə bağlı Zərifin israrlı sözlərinə (“Əfqan qardaşlarımız Suriyaya könüllü olaraq gediblər”) də hiddətlənib.

Millət vəkili bildirib: “Cənab Zərifin ailələrini dolandırmaq üçün xaricdə döyüşməyə gedən bu kasıb insanları könüllü adlandırması məsuliyyətsizlikdir”.

1980-ci illərdə sovet işğalından bəri sənədli-sənədsiz ən azı 3 milyon əfqan qaçqın İrana sığınıb, əfqanlara qarşı pis rəftar və sui-istifadə halları dəfələrlə insan haqları qruplarının tənqidlərini doğurub.

Reyhanə Azad Əfqanıstan hökumətinin vətəndaşlarının xarici müharibələrə cəlbi praktikasına qarşı ciddi addım atmalı olduğunu söyləyib. Millət vəkili Zərifin müsahibə boyu bütün davranışının on illərdir “özlərini və dünyanı terrorçulara qarşı qorumaq üçün mübarizə aparan” əfqan xalqına “təhqir” olduğunu vurğulayıb. Onun sözlərinə görə, “insanlarımızın xarici hökumət tərəfindən istifadəsinə və sonra bizə, bir növ, hədiyyə kimi geri göndərilməsinə ehtiyac yoxdur”.

İctimai rəyin sınanması
Azadın açıqlamaları əfqanların qəzəb və məyusluğuna dəlalət etsə də, iranşünas analitiklər və jurnalistlər həyəcan üçün daha az səbəb görüblər.
İllərdir İran mövzusunda yazan Avstraliya-İran jurnalisti Sürəyya Lenni müsahibənin, ehtimal ki, ABŞ-ın öz qüvvələrini geri çəkmək niyyətində olduğu bir zamanda Zərif və ümumiyyətlə, Tehran üçün Əfqanıstanı sınamaq yolu olduğunu söyləyib. Həm də “Taliban” ilə Qətərdə danışıqların ilbiz sürətiylə davam etdiyi bir məqamda.

Lenninin sözlərinə görə, Zərif, ehtimal ki, “İranın mövqeyini ictimaiyyətə açıqlayır və Əfqanıstanın ictimai rəyini sınaqdan keçirir”.
Analitik qeyd edib ki, “bu, «Fatemiyun»u İran kuklası olmaqdan, bəlkə də, öz vətəninə və xalqına sadiq qüvvəyə çevirəcək”.
Müsahibə zamanı Zərif deyib ki, “bəzi «fatemiyun»çular Suriya torpaqlarında vuruşarkən, Əfqanıstan bayraqlarını və Əfqanıstan prezidentinin fotolarını başları üzərinə qaldırıblar”.

Nişanların saxlanılması
Bundan əlavə, Lenni bildirib ki, «Fatemiyun»un Əfqanıstana yerləşdirilməsi Tehrana böyük logistik kömək olacaq. “Əfqanıstan hökumətinin göstərişi ilə Əfqanıstana qayıtsalar, o zaman İran onların nə etdiklərini dəqiq biləcək”.

“Nə qələbə, nə məğlubiyyət: İranın Milli Təhlükəsizlik Siyasəti” kitabının müəllifi Arian Təbatəbainin fikrincə, Zərif Tehranın «Fatemiyun»u silahlandırması və İranda yaşayan ailələrinə fayda təmin etdiyini etiraf edərkən, “İran rəsmisi kimi etirafda bir qədər irəli gedib”.
Təbatəbainin sözlərinə görə, Zərif “İranın «Fatemiyun»la əlaqələrini qəsdən azaldıb”, o cümlədən İran rəsmiləri və təhlükəsizlik qüvvələrinin əfqanların Suriyaya işə götürülməsində, təchiz edilməsində, təlimləndirilməsində və yerləşdirilməsində rolunu.
«Fatemiyun» haqqında geniş araşdırma aparan Təbatəbai, Azadın bu döyüşçülərin xeyli hissəsinin Suriyaya könüllü göndərilməməsi ilə bağlı şərhlərini təkrarlayıb. “Çoxları yetkin yaşa çatmadığı üçün qanlı müharibədə iştiraka razılıq vermək iqtidarında deyildi”.
Keçmişdə hüquq qrupları da 14 yaşında olan əfqan oğlanların müharibəyə çağırıldığını iddia ediblər.

Azad bildirib ki, İran Əfqanıstan dövlətinə dəstəkdə səmimi olmaq istəyirsə, «Fatemiyun»un imicini yaxşılaşdırmağa ehtiyac yoxdur. Bunun əvəzinə, o, Əfqanıstanda və bütövlükdə bölgədə terrorla mübarizə barədə öhdəlik götürə bilər. “Əgər İran, həqiqətən, dürüst bir qonşu olmaq istəsəydi, “Taliban”ı maliyyələşdirməni və təlimləndirməni dayandırmalıdır”. \\Strateq.az