“Çaşdırıcı cavablar, çətin suallar”-qəbul imtahanları bitsə də, şikayətlər səngimir

150

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 13-14-də II və III ixtisas qrupları üzrə, avqustun 20-21-də isə I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirildi. İmtahanlar bitər-bitməz valideyn və abituriyentlərin test tapşırıqları ilə bağlı şikayətləri səngimək bitmir. 

Kimi sualların cavab variantlarının bir-birınə çox oxşar olduğunu, bununla da abituriyentlərdə çaşqınlıq yaratdığını, sanki tələyə saldığını iddia edir. Kimi ayrı-ayrı günlərdə keçirilən imtahanlarda test tapşırıqlarının fərqli olduğunu- birində nisbətən asan, digərində çətin olduğunu bildirir. Abituriyentlərin cavab verə bilmədiyi 10-a yaxın sualın isə olduqca çətin, yeni və proqramdan kənar olduğunu deyənlər də var.

Görəsən, bu şikayətlərin hər hansı bir əsası varmı, nədən bu il narazı olanların sayı çoxdur?

“Yeni Müsavat” məsələyə aydınlıq gətirmək üçün ilk olaraq Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətindən bununla bağlı araşdırma aparılacağı və yaxın zamanlarda cavablandırılacağı bildirilib.

Kamran Əsədov ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə ...

“Fizika fənnindən olan suallar çaşqınlıq yaradıb”

Mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə olunan test tapşırıqları proqram çərçivəsində olub: “Abituriyentlərin özlərinin hazırlığı zəif olduğuna görə bu iddiaları irəli sürürlər. Əslində qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının mövzuları orta məktəblərdə mart ayının 3-ə qədər keçirilən mövzulardan salınıb. Amma etiraf edək ki, mart ayının 3-dən sonra uşaqlar normal təhsil almayıblar. Ona görə də avqustun 20-21-də keçirilən imtahanlarda istifadə olunan test modelləri, xüsusilə fizika fənnindən olan suallar çaşqınlıq yaradıb. Amma bu o demək deyil ki, test tapşırıqları qəbul proqamından kənar salınıb, yaxud da hər hansı bir çaşdırıcı məqsəd daşıyır. Birmənalı şəkildə deyim ki, test tapşırıqları ağırlıq səviyyəsinə görə üç kateqoriyaya bölünür: asan, orta və çətin. Abituriyentlər çətin tipli test tapşırıqlarına imtahan ilk başlayan kimi baxanda psixoloji təsirə məruz qalırlar. Əgər onlar orta və asan tipli test tapşırıqlarından başlasalar, bu zaman onlarda daha yaxşı motivasiya olacaq. Rahatlıqla həmin test tapşırıqlarının cavablarını yaza biləcəklər. Amma uşaqlar çətin test tapşırıqlarına daha çox vaxt ayırırlar. Vaxtları da gedir, psixoloji baxımdan təzyiqə məruz qalırlar və hesab edirlər ki, çətindir. Qeyd edim ki, test tapşırıqları yalnız ağırlıq səviyyəsinə görə bölünmür. Eyni zamanda burdakı doğru cavablar da təhlil olunur. Söhbət distraktorlardan gedir. 5 distraktor – ABCDE, test tapşırığının birinci cavabı yüz faiz doğru olur, ikinci cavab 71 faiz doğru olur, üçüncü 50 faiz. Distraktorların səhv və doğru cavabları o demək deyil ki, tamamilə yanlış olmalıdır. Hətta yanlış cavabların özü də elmi əsaslanmalıdır. Ona görə bəzən abituriyentlər müəyyən qədər yaşları az olduğuna görə bu tipli test tapşırıqlarında çətinlik çəkirlər. Amma o demək deyil ki, suallarda hər hansı çaşdırıcı və ya məqsəd güdən test tapşırıqları olub. Bu belə deyil”.
Ekspert ayrı-ayrı günlərdə keçirilən imtahanlarda test tapşırıqlarının asan və çətin olmasına da münasibət bildirib: “Sadəcə olaraq şagirdlər və abituriyentlər test tapşırığına baxanda evdə daha rahat olurlar. Bəzən də o sualı cavablamaq üçün kitablara baxa bilirlər. Amma imtahan prosesinin özü çətin olduğuna görə belə düşünə bilərik ki, sanki dünən imtahandakı suallar daha asan idi. İlk dəfədir ki, eyni ildə qəbul imtahanları ardıcıl keçirilir. Hər il yalnız bir gündə keçirilirdi, amma imtahanda iştirak edən abituriyentlər sual kitabçalarını sosial şəbəkələrdə paylaşıb, yaxud digər yoldaşlarına göndəriblər. Və uşaqlar psixoloji baxımdan diqqətlərini yönəldiblər həmin suallara. Sanki yenə həmin suallar düşəcəkmiş kimi o mövzuları oxuyurlar. Ona görə yeni test tapşırığını görəndə psixoloji gərginliyə məruz qalıblar. Həmişə tövsiyə edirik ki, yaxın günlərdə imtahanda iştirak edəcəksinizsə, əvvəlki imtahandakı suallara baxmayın. Bu sizi müəyyən qədər rahatlada, ya da psixoloji gərginlik yarada bilər. İmtahan təkcə bilik və bacarıqlarını nümayiş etdirdiyi məkan deyil, eyni zamanda psixoloji hazırlığın da yoxlandığı bir yerdir. Yenə də deyirəm, sualların ağırlıq səviyyəsi hər iki imtahanda eynidir, fərqli deyil”.

Məlahət Mürşüdlü: – Azərbaycanda təhsilə çox az pul ayrılır

“Şəraiti nəzərə alaraq mürəkkəb sualların sayı azaldılmalı idi”

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bu il şikayətlərin çox olduğunu bildirib: “Sualların çətin olduğunu mən də eşitmişəm, şikayətlər var ki, proqramdan kənar suallar var. Ancaq bu qəbul imtahanıdır, sualların bir az mürəkkəb olması təbiidir. Seçim olmalıdır, ali məktəbə ən layiqlilər qəbul edilməlidir. Bu il pandemiya dönəmi idi, orta məktəblərdə dərslər yüksək səviyyədə aparılmadı. Sözsüz ki, bu mütləq şagirdlərin universitet hazırlığna təsir edən problemlərdən ən başlıcası idi. İkincisi, repetitor yanına gedən abituriyentlər bu imkandan uzun müddət istifadə edə bilmədilər. Bilirsiniz ki, qadağalar var idi, qanunlar qəbul edilmişdi. Müəllimlər də bu qanunları pozmamağa çalışırdılar. Burda abituriyentlər sərbəst olaraq qəbul imtahanlarına hazırlaşmalı oldular. DİM bu problemləri nəzərə almalı idi. Mən demirəm ki, suallar proqram səviyyəsindən aşağı olmalıdır, ən azından mürəkkəb suallara yol verilməməli idi. Verilməli idisə də bu, ümumi sualların 5-10 faizini təşkil etməli idi. Təəssüf ki, şikayətlər həddindən artıq çoxdur. Güzəşt yox, təhsildə güzəşt olmamalıdır. Ancaq şəraiti nəzərə alaraq mürəkkəb sualların sayı azaldılmalı idi”.

Etibar Əliyev

Etibar Əliyev: “İmtahan nəticələri bəlli olandan sonra öz təhlillərimizi mütləq edəcəyik”

Milli Məclisin elm və təhsil komitəsinin üzvü Etibar Əliyev valideynlərin şikayətindən xəbərsiz olduğunu bildirib: “Narazılıqların hardan qaynaqlandığını bilmirəm. Müxtəlif problemlərlə bağlı müraciətlər olunub, amma bu məsələ ilə bağlı hər hansı şikayət daxil olmayıb. Əslində mən düşünürəm ki, Dövlət İmtahan Mərkəzi abituriyentlər üçün çox pozitiv addımlar atdı. Mart ayından bu yana tədris olunmayan fənlərdən qəbul imtahanlarına heç bir test tapşırığı salmadı. Yəni bunun özü abituriyentlər üçün çox yaxşı bir güzəşt idi. DİM-in saytında bütün fənlərlə bağlı onlayn videodərslər də təşkil edilir. Bu birbaşa qəbul imtahanlarına düşən və məktəb proqramını əhatə edən videodrslərdir. Mən özüm bir neçə abituriyenti həmin videodərslərə yönəltmişəm. Əlbəttə, qəbul proseslərində 2018-2019-cu ilin tədris ilindən etibarən dəyişikliklər həyata keçirilib. İki mərhələdə imtahanların keçirilməsi istiqamətində də ciddi narazılıqlar yaranmadı. Pandemiya dövrünün qəbul nəticələri əvvəlki illərdən fərqli ola bilər. Bunun üçün imtahanlar hələ başa çatmayıb. İmtahanların elmi-statistik təhlili hələ ki başlanmayıb. Bəri başdan bu quruma qarşı səsləndirilən fikirlərin böyük hissəsi ilə razı deyiləm. Proses davam edir, nəticələr bəlli olandan sonra biz öz təhlillərimizi mütləq edəcəyik. Hətta düşünürəm ki, DİM-in sədri əvvəlki illərdə olduğu kimi statistik materialların çapına nail olacaq. Bu istiqəmatdə dinləmənin keçirilməsinin tərəfdarıyam”.

Afaq Mirayiq,
Musavat.com