Çap mediasının taleyi – dünyada və Azərbaycanda vəziyyət

54

Pandemiyanın ziyan vurduğu sahələrdən biri də çap mediası oldu. İnternet media ilə rəqabətdə uzun zamandır çətin günlər yaşayan print mediaya daha bir zərbə dünyada pandemiya səbəbindən elan olunan karantin rejimi və qəzetlərin çap, yayım, satış imkanlarının azalması oldu.

Bununla da qəzetçilik ənənələri operativ və çatımlı olan onlayn medianın kölgəsində qaldı. Lakin hələ də, dünyanın bir çox ölkələrində o cümlədən Azərbaycanda fəaliyyətini davam etdirən qəzetlər var. Hər kəsi düşündürən əsas məqam isə print medianın gələcəyi və bununla bağlı dünyada gedən tendensiyadır.

Mövzu ilə bağlı açıqlama verən “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan bildirdi ki, hazırda print medianın bu günü və sabahı haqda qızğın müzakirələr gedir: “Azərbaycan dövləti medianın bu seqmentini ayaqda saxlamaq üçün 11 ildir KİV DF xətti ilə qəzetlərə yardım edir. Amma bu yardım o qədər kifayət etmir, üstəlik effektiv deyil. Bu sahənin saxlanması və inkişafı üçün kompleks tədbirlərə ehtiyac var. Bunun başında dövlətin atmalı olduğu addımlar gəlir.

Dövlət indikindən daha artığını etməli, daha təsirli addımlara getməlidir. Bunun başında Azərbaycanda yeni nəşriyyatın qurulması gəlir. Bizim ölkədə rəngli qəzet çıxmır. Qəzetlərin rəngli çıxması üçün çap sənayesi, mətbəə sistemi modernləşdirilməli, inkişaf etmiş ölkələrin standartlarına yaxınlaşdırılmalıdır.

Pulla Quran oxumaq olar, pulla başsağlığı dərc etmək olmaz ...

Azər Ayxan: “Mətbuata azadlıq verilməli, jurnalistlərin yaradıcılıq meydanları genişləndirilməlidir”

Paralel olaraq qəzetlərin reklam bazarının formalaşmasında maraqlı olmalıdır. Üstəlik mətbuata azadlıq verilməli, jurnalistlərin yaradıcılıq meydanları genişləndirilməlidir. Nəhayət, müstəqil yayım sistemi yaradılmalıdır. Küçələrdə, ictimai nəqliyyatda, əsasən də metro və elektrik qatarlarında qəzet satışına icazə verilməlidir. Bunlar olmadan çap mediasının nə bu günündən danışmaq olar, nə sabahı haqda nikbin proqnozlar vermək mümkündür. Azərbaycanda çox peşəkar və təcrübəli qəzet redaktorları var. Onların içində Sovet dövründə gizli yolla qəzet çıxaranlar olub. Bu sahəyə ən xırda elementlərinə qədər bələddirlər. Bu adamlara – bizlərə azadlıq verilsə, pul qazanmağa şərit yaradılsa, özümüzü də, mətbuatı da çətin vəziyyətdən çıxararıq”.

Aydın Quliyev: "Azərbaycanda Heydər Əliyevlə bağlı yazılan ilk ...

Aydın Quliyev: “Çap mediası bu gün çox əhəmiyyətli ideoloji missiyanı aparır”

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, çap medianın fəaliyyət dairəsi bir qədər də daralıb: “Pandemiya dövründə də biz xeyli dərəcədə vəziyyətin pisləşməsinin şahidi olduq. Həm də təkcə Azərbaycanda yox, bütün dünyada  çap mediası ilə bağlı bu proses gedir. Belə rəylər var ki, artıq çap mediasının dövrü bitib. Ancaq çap mediasının dövrünün bitməsi və onun bir informasiya daşıyıcısı olaraq cəmiyyətin tələbatını ödəyib-ödəməməsi ilə müəyyən olunmur. Burada başqa məsələlər də var. Hər bir dövlətin məsələyə öz baxışı var. Cəmiyyətin baxışları var, ümumi olaraq bunu qəbul edib-etməməsi var. Azərbaycanda qəzetçiliyin 145 illik tarixi var, onun gələcəyini müəyyənləşdirmək bizdən asılı deyil. Çap mediası Azərbaycan milli sivilizasiyasının nailiyyəti kimi bundan sonra da yaşamalıdır. Dövlət də onun intellektual fəaliyyət sahəsi kimi qorunub saxlanılmasında maraqlı olmalıdır. Çap mediası bu gün çox əhəmiyyətli ideoloji missiyanı aparır, dövlət də onun yaşamasında maraqlı olmalıdır. Dünyada ümumi tendensiya bundan ibarətdir ki, hələlik dünya dövlətlərindən heç birinin çap mediasından imtina etmək cəhdləri gözə dəymir. Bütün dünya dövlətləri qəzetlərin hansısa şəkildə fəaliyyət göstərməsində maraqlıdır. Elə ölkələr də var ki, orada çap mediasının inkişafında yeni bir mərhələnin başlandığını deyənlər də var. Ancaq heç bir dövlətin çap mediasının varlığına son qoymaq iradəsi yoxdur”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də “Yeni Müsavat”a danışarkən qeyd etdi ki, çap mediasının sıradan çıxacağı ilə bağlı proqnoz vermək çətindir: “Qəzetlərin tamamilə sıradan çıxması mümkün deyil. Çünki çap mediası həm də səlnamə xarakteri daşıyır, yazılı tarixdir, bütün dünya üçün də bu əhəmiyyətlidir. Elektron daşıyıcılar tam təhlükəsiz deyil, müəyyən müddətdən sonra sıradan çıxırlar. Yaxın 50 ildə çap mediasının tamamilə sıradan çıxması üçün əsas yoxdur. Forma və mahiyyət olaraq dəyişir, yenilənir, daha çox analitik yazılara üstünlük verilir, xüsusi oxucu kütləsinə hesablanmış materiallar üstünlük təşkil edir. Qəzetilərin müxtəlif əlavələri olur. Azərbaycanda poliqrafiya imkanlarının eyni zamanda , qəzetlərin maddi-texniki bazasının yaxşı səviyyədə olması lazımdır. Pandemiya şəraitində əsasən yayım problemi oldu. Yayım problemi əslində Azərbaycanda hər dövrdə olub, təkcə indi yox. Xüsusilə də son 10 ildə bu problem daha da intensivləşib. Təkcə yayım şirkətləri reallıqlara cavab vermirlər, bölgələrimizin böyük əksəriyyətində qəzet köşkləri yoxdur və ya insanların gur olmadığı ərazilərdədir. Bu tendensiyanı hər kəs görür, bunun aradan qaldırılması üçün də işlər görülməlidir”.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Elçin Mirzəbəyli: “Daha irəliyə getmək üçün ciddi gəlir mənbələrinin olmasına ehtiyac var”

E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycan çap mediasının problemlərinin həlli kompleks şəkildə aparılmalıdır: “Poliqrafiya keyfiyyətinin yüksəldilməsi, qiymət siyasətinə yenidən baxılması, reklam bazarının liberallaşdırılması, bir neçə reklam agentliyinin yaradılması, reklamların qəzetlərə yönəldilməsi istiqamətində müəyyən stimullaşdırıcı addımların atılması lazımdır. Qanunvericiliyin qadağan etməsinə baxmayaraq bu gün bir çox nazirlik  və komitələrdə hətta təsərrüfat hesablı olsa da qəzetlər fəaliyyət göstərirlər. Sosial reklamlara və digər sahələrə ayrılan vəsaitlər əksər hallarda digər istiqamətlərə yönəldilir. Bu tendensiya  aradan qalxsa, tender məlumatlarının, rəsmi məlumatların bölgüsü ilə məşğul olan müvafiq qurum yaradılsa, qəzetlərin dəstəklənməsi üçün addımlar atılsa  bir çox problemlərin həllinə nail olmaq olar. KİV DF-nin dəstəyi ilə sadəcə fəaliyyətin davam etməsi , ayaqda durmaq mümkündür, ancaq məhdudiyyətlər çərçivəsində davam etmək olur. Daha irəliyə getmək üçün qəzetlərə üçün ciddi gəlir mənbələrinin olmasına ehtiyac var. Mən mütəmadi olaraq dövlət tərəfindən vəsaitlə təmin olunmağı arzulamıram, ancaq gəlirlərin əldə olunması üçün müəyyən şərtlər yerinə yetirilməlidir. Metroda yayım bərpa olunmalıdır, sahibkarlar bu prosesə cəlb olunmalıdırlar. Türkiyədə kiçik bir əyalətdə çıxan qəzetin tirajı da, reklam gəlirləri də onun yaşamasına bəs edir, Azərbaycanda isə bu şərait yoxdur”.

Nərgiz LİFTİYEVA
“Yeni Müsavat”