Canni de Byazi nə göstərəcək? Bizim proqnoz – 5 müdafiəçili oyun

57

Canni de Byazinin Azərbaycan millisinin baş məşqçisi postundakı debütünə az vaxt qalıb. İtalyan mütəxəssisin böyük zamanı yox idi və əslində “yağışdan yağmura” düşdü. Əlbəttə ki, sentyabrın 5-də meydanda olacaq oyunçularla yanaşı, onun üçün də asan olmayacaq. Lüksemburq millisində Almaniyanın “Karlsrue”, “Köln” və “Mayns”, Fransanın “Mets”, İsveçrənin “Yanq Boyz”, Ukraynanın “Dinamo” (Kiyev) və Lvov”, Rusiyanın “Ufa” klubunun oyunçuları yer alıb.

Bəs bizdə onlara qarşı kimlər var? Son altı ayda 1-3 matç keçirən Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular. De Byazinin məşqçilər korpusuna hətta rəqibi analiz etmək belə çətindir. Axı, Lüksemburq millisi çoxdandı oynamır və buna görə də dəqiq bir fəaliyyət planı qurmaq demək olar ki, mümkün deyil. Amma!..
64 yaşlı mütəxəssis hansı şəraitdə işləməli olacağını dəqiq bilirdi. Bəli, komandada Dmitri Nazarov, Eddi Israfilov və Əmir Ağayev yoxdur. Açığı, Nazarov və İsrafilovun yoxluğu hətta sevindiricidi. Demək olar ki, hamı bilir ki, Nazarov yalnız Top komandalarla matçlarda millimiz üçün bütün gücünü qoyur. İsrafilov da stabilliklə yadda qalmır. Eddi bu dəfə necə çıxış edəcəkdi, bunu yalnız Allah bilir. Yalnız Əmir Ağayevin yoxluğu itki sayıla bilər, amma bu cinah oyunçusu hələ millidə çıxış etməyib ki, onun faydalı iş əmsalına qiymət verəsən.

De Byazinin “tapmacalar”ına toxunaraq, qapı xəttinə nəzər yetirmək lazımdı. Hər kəs yeni-yeni Emil Balayevə böyük ümidlər bağlamağa başlayan kimi, onun Qazaxıstandakı karyerası başa çatdı, bundan sonra “Zirə” ilə müqavilə imzaladı, ancaq orada yalnız bir oyunda oynadı və ardından çempionat dayandırıldı. İndi Balayev “Qarabağ”dadı və yalnız bir görüşdə – “Sabah”la matçda iştirak edib. Ancaq Çempionlar Liqasında ağdamlıların çalışdırıcısı Qurban Qurbanov qapını Şahrudin Məhəmmədəliyevə həvalə etdi. “Sumqayıt”ın qapısını stabil şəkildə qoruyan Mehdi Cənnətov da var. De Byazinin kimi seçəcəyini təxmin etmək mümkün deyil.
Dəvət olunanların siyahısına baxanda, istər-istəməz sual yaranır: italyan hansı taktikanı seçəcək? Milli komandanın baş məşqçisinin siyahısının yarısı müdafiəçilərdir. Bu, yalnız bir şeydən xəbər verir, Katenaççonun Vətənindən olan mütəxəssis müdafiədən oyun seçəcək. De Byazi “CBC Sport”da olarkən buna birmənalı şəkildə eyham vurdu: “Mənim üçün nəticə daha vacibdi, hətta bunu bütün oyunu müdafiədə keçirərək əldə etsək belə”. Peşəkar bir yanaşmadı, mübahisə edə bilməzsən. Sadə bir misal çəkək. Azərbaycan – Norveç qarşılaşmasını indi kim xatırlayır? Artıq 5-ci dəqiqədə Maksim Medvedev hesabı açdı və bundan sonra skandinaviyalılar 85 dəqiqə təzyiq etdi. Tarixdə isə milli komandamızın qazandığı nəticə qaldı.

De Byazinin yanaşması sağlamdı, amma oyunçularımız onun fikirlərini reallığa çevirə biləcəklərmi? 5 müdafiəçili oyun əksər milli üzvlərimiz üçün adət etmədikləri sxemdir. Oyunçularımızın qısa müddətdə yeni üsluba uyğunlaşa biləcəyini söyləmək çətindir. Ancaq bu, artıq italyan baş məşqçinin başağrısıdır. O, milli komandanı götürdü və o da çətinliklərin öhdəsindən gəlməlidi. Baş məşqçi komandasının nəticəsinə görə cavabdehdir. Nəticə müsbətdirsə – məşqçiyə ehtiram və tərif, mənfi olduqda – de Byazi cavab verəcək.