Canni De Byazi: “Hamısının səsi eşidilirdi”

57

“Ən vacib məsələ odur ki, bu gün meydanda sonadək 11 futbolçu ilə qaldıq. Eyni zamanda, ötən matçla müqayisədə bir neçə dəyişiklik etdik”. Bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi səfərdə Kiprə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, ilk turda Lüksemburqa 1:2 hesabı ilə uduzduqları görüşdə bəzi məqamlar xoşuna gəlməyib: “Baxmayaraq ki, bu, Azərbaycan millisində ilk matçım idi. Heç yoldaşlıq görüşlərində belə oynamaq imkanımız olmamışdı”.

De Byazi Kiprlə görüşdə qələbədən əlavə, digər müsbət məqamlara da diqqət çəkib: “Yeni iki oyunçumuz – Abbas Hüseynov və Rəhim Sadıxovun çıxışı çox xoşuma gəldi. Belə futbolçularımız çoxdur, onları yavaş-yavaş heyətə qatacağıq. Mənim üçün daha bir vacib məsələ oyunçularımın komandaya kömək etmək üçün istəkli olmalarıdır. Tribunadakı futbolçularımız da bizə çox dəstək oldular. Hamısının səsi eşidilirdi. Bu da vacib məqamdır. Komanda 11 nəfərdən ibarət deyil. Bu gün bütün 25 futbolçumuzun səsini eşitdik”.