“Camaatdan köhnə avtomobilləri yığın və onlara sərfəli şərtlərə yenilərini satın”

52

Azərbaycanın avtomobil parkının getdikcə köhnəlməsi ciddi problemə çevrilməyə başlayıb

 

Dövlət Statistika Komitəsi (DSK) ölkədə minik avtomobilləri parkının yaş strukturuna dair son məlumatları açıqlayıb. 2019-cu ildə yeni maşınların (5 ilədək istismar müddəti) ümumi minik avtomobillərində payı son 6 ildə ən aşağı həddə düşüb – 4,2%. 10 ildən çox istismar müddəti olan minik avtomobillərinin xüsusi çəkisi isə ən yüksək həddə çatıb – 77,3%.

 

Bu sahədə ən yaxşı vəziyyət 2014-cü ildə qeydə alınıb: 5 ilə qədər yaşı olanların payı 17%, 10 ildən çox olanların xüsusi çəkisi isə 62% təşkil edib. Maraqlıdır, bütün dünyada avtomobil parkı yeniləndiyi halda, niyə Azərbaycanda ildən-ilə avtomobil parkı köhnəlir?

 

İqtisadçı-ekspert Samir Əliyev də AYNA-ya açıqlamasında, həqiqətən Azərbaycanda avtomobil parkının getdikcə köhnəldiyini təsdiqləyib: “Ölkəyə çoxlu neft pulu daxil olan zaman avtomobil parkı sürətlə yenilənməyə başladı. Bu gün neft gəliri azalıb və nəticədə avtomobil parkı yenidən sürətlə köhnəlir. Bu gün avtomobil parkının sürətlə köhnəlməsinin bir neçə səbəbi var. Bunlardan biri əhalinin gəlirinin sürətlə azalmasıdır. Devalvasiyanın təsiri və pandemiya şəraiti insanların gəlirlərinə ciddi təsir etdi, həmçinin ard-arda baş verən devalvasiyalar nəticəsində avtomobillərin qiyməti qalxdı”.

Bağlanmış bankların öhdəlikləri

“Bundan əlavə, devalvasiyalardan sonra əhaliyə verilən avtomobil kreditlərinin şərtləri çox ağırlaşdırıldı. Bu da insanların yeni avtomobil alma imkanını məhdudlaşdırdı. Ən əsası isə gömrük şərtlərinin və qiymətlərinin çox olması ölkəyə avtomobil gətirilməsinə mənfi təsir göstərdi. Avtomobil parkını təzələmək üçün avtomobil strategiyasını təzələmək lazımdır. Burada təkcə benzinlə işləyən avtomobillərin gətirilməsi deyil, hibrid və elektron avtomobillərin gətirilməsi də nəzərdə tutulmalıdır”, – Əliyev bildirib.

 

Onun fikrincə, əhalidə olan köhnə avtomobillər yığılıb, onun əvəzinə xüsusi şərtlərlə faizsiz kreditlə elektron avtomobillər satıla bilər: “Bunun üçün gömrük rüsumları və əlavə dəyər vergisindən avtomobillər azad olunmalıdır ki, bu cür proqramları reallaşdıra bilsinlər. Əks halda bu problem həllini tapa bilməyəcək, vəziyyət isə getdikcə daha da pisləşəcək”.

 

Digər iqtisadçı-ekspert Natiq Cəfərli də AYNA-ya deyib ki, problemin birinci səbəbi gömrük rüsumlarının çox olmasıdır: “Bir çox dövlətlər artıq ekologiyanı təmizləmək və qorumaq məqsədi ilə dövlət proqramları həyata keçirir. Belə ki, köhnə avtomobillər yığılır, əvəzində isə xüsusi şərtlərlə yeni avtomobillər vətəndaşlara təklif olunur. Amma Azərbaycanda gömrük siyasəti elə qurulub ki, avtomobili istehsal edən şirkətdən daha çox Azərbaycan gömrüyü həmin avtomobildən qoyduğu vergilər sayəsində daha çox gəlir əldə edir”.

Natiq Cəfərli: “Venesuellada baş verənlər netf bazarına təsir edəcək”

“Biz bu barədə dəfələrlə təkliflər irəli sürmüşük. Birinci növbədə hibrid və elektrik avtomobilləri sıfır gömrük rüsumu ilə Azərbaycana idxal olunmalıdır ki, ekoloji təmiz olan avtomobillərlə avtomobil parkını yeniləmək mümkün olsun. Həmçinin, benzinlə işləyən yeni avtomobillərin də gömrük rüsumları azaldılmalıdır. Təəssüf ki, bu məsələyə hökumət və Dövlət Gömrük Komitəsi doğru yanaşmır. Nəticədə də avtomobil parkı köhnəlir, ekologiyaya daha çox ziyan dəyir”, – mütəxəssis bildirib.

 

“Üstəlik, təhlükəli avtomobillərin yollarda daha çox qəza törətdiyinin şahidi oluruq. Ən çox ölüm halları istismar müddəti 10 ildən artıq olan avtomobillərdə qeydə alınır. Rusiya istehsalı olan avtomobillər təhlükəsizlik baxımından heç də uyğun deyil. Hətta, bir çox dövlətlər Rusiya istehsal edən maşınların öz ərazisinə idxalına icazə vermir”, – Cəfərli vurğulayıb.

 

Müsahibimizin sözlərinə görə, insanlara köhnə avtomobillə yollara çıxma qadağası qoyula bilməz: “Konstitusiyaya əsasən, bizim mülkiyyət hüququmuz qorunur. Hökumət yalnız köhnə avtomobillərin əvəzini ödəyərək bizə qadağa qoya bilər. Bir sözlə, yalnız utilizasiya proqramları vasitəsi ilə köhnə avtomobilləri alıb, əvəzində asan və sərfəli şərtlərlə əhaliyə satmaq nəticəsində avtomobil parkını yeniləmək olar. Bu, mümkündür və bir çox dövlətlər də bunu edir və kifyət qədər də effekti olur”.