“Çalışmalıyıq ki, növbəti il iqtisadiyyatda və cəmiyyətdə itkilərin bərpası ilinə çevrilsin” – QUBAD İBADOĞLU

573

“2021-ci ildə hər kəs korrupsiya və rüşvətxorluğa qarşı amansız olmalı, inhisarçılıq aradan qaldırılmalı, gizli iqtisadiyyat leqallaşmalı, dövlət qanunun aliliyini təmin etməli, məhkəmələrə müstəqillik verməlidir”

“İqtisadiyyat və insanlar üçün çox ağır olan 2020-ci il başa çatır. Nüfuzlu “Time” jurnalı 2020-ci ili dünya tarixinin ən pis ili elan edib. Azərbaycan üçün 2020-ci il özəl il oldu. Xilaskar ordumuz Dağlıq Qarabağın bir hissəsini və ətraf rayonları işğaldan azad etdi, yeni və şərəfli tarixi 2020-ci ilə yazdı. 2020-ci il həmçinin, rus qoşunlarının “sülhməramlı”lar adı ilə Azərbaycanda yenidən məskən salması tarixinə də çevrildi”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

Onun sözlərinə görə, bu il ərzində Azərbaycanın ən azı 2796 (2783+13) igid oğlu şəhid oldu, bu günə qədər koronavirus ən azı 1675 vətəndaşın canını alıb: “Bu illə bağlı hələ çox dəyərləndirmələr aparacağımızı nəzərə alıb, burda dayanaraq, diqqətinizi gələn ilə yönəltmək istəyirəm. Qismət olsa 23 gündən sonra 2020-ci illə vidalaşacağıq. Qarşıda bizi gözləyən həmin günlər arasında diqqəti çəkən fakt odur ki, dekabrın 10-da Bakıda hərbi parad keçirilir, dekabrın 12-dən hərbi vəziyyət ləğv edilir. Bunlardan sonra qarşımızda yeni və həlledici 2021-ci il gəlir. Bu ildən gözləntilər çoxdur. Çalışmalıyıq ki, növbəti il iqtisadiyyatda və cəmiyyətdə itkilərin bərpası ilinə çevrilsin. Bunun üçün gerçək və hərtərəfli islahatlar aparılmalıdır. Belə islahatlara müharibədən sonra yaranmış yeni situasiya zərurəti hər gün daha çox artırır. Hesab edirəm ki, 2021-ci ildə ilk növbədə prezidentdən tutmuş sıravi vətəndaşa qədər hər kəs korrupsiya və rüşvətxorluğa qarşı amansız olmalı, inhisarçılıq aradan qaldırılmalı, gizli iqtisadiyyat leqallaşmalı, dövlət qanunun aliliyini təmin etməli, məhkəmələrə müstəqillik verməli, şəffaflığı və hesabatlığı artırmalıdır”.

ADR Hərəkatının sədri hesab edir ki, bütün bunlar müstəqil vətəndaş cəmiyyəti və azad mətbuat bərqərar olmadan baş verməyəcək: “Hər iki institutun təşəkkülü vətəndaş fəallığından və ictimai şüurun inkişafından asılıdır. Buna da yalnız təhsili inkişaf etdirməklə, insan haqlarına və azadlıqlarına hörmət etməklə nail ola bilərik. Sadalanan nəticələrin əldə edilməsi Azərbaycanın beynəlxalq inteqrasiyası ilə gücləndirilməlidir. Azərbaycan Açıq Hökümət Tərəfdaşlığında qeyri-aktiv üzvlük fazasından çıxmalı, Mədən sənayesində şəffaflıq təşəbbüsünə (MSŞT) geri qayıtmalıdır. Əgər 2017- ildə MSŞT Beynəlxalq Koalisiyasını tərk etməsəydik, gələn ildən 55 üzv dövlətdə olduğu kimi Azərbaycanda da sazişlərin açıqlanması məcburi standarta çevriləcəydi, bundan əlavə ölkəmiz mülkiyyət sahibliyinə dair hesabatlar dərc edəcəydi. Nə etməli? İlk növbədə cəmiyyətdə birliyi və həmrəyliyi qorumalı, idarəetmədə struktur islahatları aparmalı, demokratiyanı və bazar iqtisadiyyatını dəstəkləyən dövlət və qeyri-dövlət institutları qurulmalı, rəqabət bütün sferalarda dəstəklənməli, maliyyə amnistisiyası elan olunmalı, regional və beynəlxalq iqtisadiyyatdan faydalanmaq üçün milli iqtisadiyyat liberallaşdırmalı və xarici ticarət açıq aparılmalı, özəl sahibkarlar üçün baryerlər aradan qaldırılmalı, iri dövlət şirkətlərinin və bankları yenidən strukturlaşmalı və özəlləşdirilməli, fiskal və inzibati əksmərkəzləşdirmə islahatları aparmalıdır. Daha konkret təkliflər Azəbaycan Demokratiya və Rifah Hərəkatının “Azərbaycanın Firavan Gələcəyi Naminə İqtisadiyyatda Əsas və Təxirəsalınmaz Tədbirlər Paketi: böhran əleyhinə 8 istiqamətdə 64 addım Planı”da təqdim olunub”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org