“Əlimizdə sadəcə Türkiyədən göndərilən 25 ədəd süni tənəffüs cihazı var” – Çad Respublikasının Səhiyyə naziri

168

“Əlimizdə sadəcə Türkiyədən göndərilən 25 ədəd süni tənəffüs cihazı var”.

Hurriyyet.org xəbər verir ki, bu sözləri Çad Respublikasının Səhiyyə naziri Mahmud Yusif Xəyal yeni növ koronavirusla (COVID-19) mübarizədə tibbi avadanlıq çatışmazlığından bəhs edərkən deyib.

Mahmud Yusif Xəyal parlament iclasında COVID-19-a qarşı mübarizə və tibbi ləvazimatların vəziyyəti ilə bağlı suala cavab olaraq, paytaxt Ncamena və bir neçə əyalətdə 2 milyondan çox maska ​​paylandığını söyləyib.

Səhiyyə işçilərinə yardımçı olacaq süni tənəffüs cihazı kimi kifayət qədər avadanlıqları olmadığını vurğulayan nazir əllərində sadəcə Türkiyədən göndərilən 25 ədəd süni tənəffüs cihazı olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə təcili yardım maşını da daxil olmaqla Səhiyyə Nazirliyi tərəfindən hazırlanan tibbi ləvazimatlar Milli Müdafiə Nazirliyinə məxsus A400M tipli yük təyyarəsi ilə may ayının 26-da Çad Respublikasına göndərilib.

Bildirilib ki, prezident Ərdoğanın Çad dövlət başçısı İdriss Debi İtnoya yazdığı məktub yardım ləvazimatları ilə birlikdə çadlı rəsmilərə təhvil verilib.

Çadda bu günə qədər 850 nəfər koronavirusa yoluxub, 73 nəfər həyatını itirib.