Cəsarətiniz çatırsa öz güzəranınızdan da iki kəlmə deyin

402
Ramiz Mehdiyev

Ən təhlükəli kəsim Moskvanın aftafa gəzdirənləridir, bunların içində nə qədər istəsəniz məmur, biznes əhli, siyasətbazlar var

Qayda belədir, məhkəmənin hökmü, qərarı olmadan heç kimin ixtiyarı yoxdur ki, birisinə cani, quldur, xülasə vələdüzina desin. Allahın dərgahına şükürlər olsun, ölmədik, Ramiz Mehdiyev – Əli Həsənov tandeminin bəd əməlləri barədə məlumatları üzə çıxartdılar. İlahi, bəni-Adəmin doğrudan da gözü doymazmış! Villaların, torpaq sahələrinin, obyektlərin sayı-hesabı yox, xarici banklarda yatırılmış kapitalın qədəri də bilinmir…

Ramiz Mehdiyev istədiyi adamı xarı-zəlil edə bilirmiş. Alçaldılmış, təhqir olunmuş insanların dad-fəryadının Prezidentə çatmaması üçün Əli Həsənov dəridən-qabıqdan çıxırmış və istədiyini də edərmiş.

Cəlayi-vətən edilmiş, min fırıldaqla işdən çıxarılmış adamların hamısı barədə danışa bilməsəm də, amma, aralarında elələri vardı ki, Prezidentin, vətənin naminə min ölümə getməyə hazır idilər. İndi isə açıq danışaq, deyilənə görə hakim partiyanın 700 min (!!) üzvü var.

Ramiz Mehdiyev – Əli Həsənov tandeminin törətdikləri əməllər bu neçə yüz minlik qoşun-ləşkərin gözləri qarşısında baş verdi. Bu illər ərzində nəhəng partiyanın içində, yəni, beş nəfər də kişi tapılmadı ki, qabağa çıxıb dişlərinin dibindən çıxanı bu cütlüyə desin? Özünü gülməşəkər şərhçi, analitik sayan Aydın Mirzəzadənin öz “partayqennosesi” Əli Həsənovun əməllərindən xəbəri olmayıb? Olub, özü də yaxşı olub. O da fikirləşib, əşşi, kim fırıldaqla sərvət qazanmır, Əli müəllim özümüzünküdür.

Kişi az qala hər gün prezidentlə görüşür. Kim də artıq-əskik eləsə, verərik məhkəməyə, deyərik ki, yandırın bunun atasını, qoy bir daha bizlərə çəp gözlə baxmasın. “Yeni Müsavat” qəzetində Aydın ağanın növbəti sentensiyalarını oxuyanda, yadıma rus jurnalistlərinin tez-tez işlətdikləri bir söz düşdü: “Kağız nəyə desəniz dözür” . Çox sərrast və düzgün sözdür partiyasının “vəsfə gəlməz” xidmət və şücaətlərindən danışmağı xoşlayan Aydın ağaya bir müraciətim var, o kişi kimi özünün, partiyasının yuxarı eşalonunda təmsil olunan həşəmətli ağaların gəlirləri, əmlakları, var-dövlətləri barədə iki kəlmə açıqlama verə bilərmi?

Məsələn, mən, ayda 230 manat pensiya alıram. Bu məbləğ mənim adi insan kimi dolanmağıma çatmır, mən kommunal xərclərdən, dava-dərmandan danışmıram. 83 yaşım var, bir neçə xəstəlik də öz yerində, pullu poliklinikalara müraciət etmək yuxuma da girmir. Bir-iki dəfə pulsuz poliklinikaya gedəndən sonra utandığımdan, xəcalət çəkməyimdən bunu qatlayıb qoydum qırağa. Belə ki, indi əzablarımla baş-başa qalmışam… Çoxdan qəzetlərdə yazmışdım ki, rizə-rizə doğransam da iqtidardan kömək ummaram. İndiyə qədər həyasızcasına aldadılmış adi insanlardan fərqli olaraq, mən, dövlətimin, bu quruluşun, bayrağımın mənfur düşmənlərini bir-bir lap çoxdan tanıyırdım. Çox əsrarları bilirdim…

…Təxribatçıların qısqırdıb Milli Məclisin üzərinə yönəltdikləri qaragüruh qarşısına çıxmayan hakim partiya nümayəndələrinin nə haqqı var bizlərə vətəndən, milli qeyrətdən vəzəriyyat oxusunlar?

Sosial şəbəkənin, qəzetlərin sayəsində bilirik ki, rayonlarda orta əsr valiləri kimi tam ixtiyar sahibi olan icra başçıları vaxtlı-vaxtında Ramiz ağaya bac çatdırırlarmış. Əlbəttə ki, bac yığan özü, qohum-əqrəbası üçün də gün ağlamalı idi. Ağlayırdılar da, kimin hünəri vardı bunlara söz deyəydi? Burada rəhmətlik Sirusun vaxtilə dediyi sözlər yada düşür: “Rayonlarda hakimiyyət simasız quldurların əllərindədir”. Bir müddət keçəcək, tədbirlərin birində o qorxmadan, çəkinmədəm Ramiz Mehdiyevin saman altından su yeritməsindən, bəd əməllərindən danışacaq və bir azdan kişini öz yaratdığı partiyadan uzaqlaşdıracaqlar. Bu şərəfsizliyin pik həddi idi… Çox istərdim ki, hakim partiyada söz sahibi olan Əli Əhmədov necə çörək, dərman dərdi çəkməyindən, su, işıq pulunu verə bilməməyindən, təmirsiz, yöndəmsiz bir evdə yaşamasından danışıb bizləri ağlatsın.

Respublikada elə adam yox idi, Ramiz Mehdiyevin özünün, sadiq “yeniçərilərinin” əməllərindən bixəbər olsun. Əminəm ki, mizan – tərəzi qurulanda illər boyu Prezidentin, dövlətin nüfuzuna arxadan zərbə vurub var-dövlət qamarlayanlar sorğu-suala çəkiləndə Əli Əhmədov daş atıb başını tutacaq, mən paklıq mücəssəməsiyəm, mən hara, Ramiz Mehdiyev hara? Ümumiyyətlə, bizim YAP rəhbərliyinin nə Ramiz Mehdiyevlə, nə də Əli Həsənovla alış-verişi olmayıb.

… Fikrimi davam etdirmək istəyirdim ki, maraqlı xəbərdən agah oldum. Bəli, Zamirə Hacıyevanın ixtiyarında olan milyonlardan əlimizi üzməliyik. Ölmüşdü ingilisin anası ki, bu qədər havayı puldan əl çəksin. Hörmətli qarelərimə xatırlatmaq istərdim ki, ingilislər kral ailəsinə qohum olan çar II Nikolayın London bankında qorunan pullarını da mənimsəmişdilər.

Birinci dünya müharibəsinin böyük fəlakətlər gətirəcəyini duyan bizim bəzi ağıllı zənginlərimiz, neftxudalar İsveçrə, Fransa banklarına külli miqdarda pul köçürə bilmişdilər. Oktyabr çevrilişindən sonra bəziləri yaxınlarını götürüb mühacirətə getdilər. Qalanların da nəinki özlərinin, hətta qohum əqrəbalarının başlarına o oyun qalmadı ki, çıxartmasınlar. Xalq daxili işlər komissarlığına, baş siyasi idarəyə çağrılan şəxslə söhbət belə başlayardı:

Vətəndaş filankəs, aldığımız səhih məlumata görə, ailənizin Cenevrə bankında bu qədər pulunuz var, üstünə bu qədər də faizlər gəlib, indi isə zəhmət olmasa bu sənədə imza atın ki, siz fəhlə-kəndli hökumətinin nəfinə bu pullardan imtina edirsiniz.

… Çəm-xəm edənin ailəsi Sibirə sürgünə göndərilir, özünü də bir bəhanə ilə həbs edərdilər.

Dəqiq bildiyimə görə, orqanların tələbi fövrən yerinə yetirilirdi. Çünki hamı bilirdi ki, sovet hökuməti ilə zarafat etmək baha başa gələr. Əgər sərvət sahibi xaricdə tək idisə, ona ultimatum verilirdi, əzizlərinin güllələnməsini istəmirsənsə dinməz-söyləməz kapitalı bizim hesaba keçirt, vəssəlam.

Yırtıcıya dönən Xalq Daxili İşlər Kommisarlığı rəhmin nə olduğunu bilmirdi. Bizdə isə daha o vampir qalmayıb ki, taladığı milyonları xaricə ötürməsin. O milyardlardan Azərbaycana bir qara qəpik də verilməyəcək. Niyə? Sadəcə, ona görə ki, bizim binamuslar səlib dünyasının cahangirləri qarşısında öhdəçilik götürüblər, bizi qanadınız altına alın, qoymayın pulları əlimizdən alsdınlar, biz də lakey kimi əmrinizə müntəzir duracayıq, nə vaxt istəsəniz Azərbaycanda qarşıdurma yaradarıq, iğtişaşlar törədərik. Xalqın öz hökumətinə inamını qırarıq. Bəziləri sadəlövhcəsinə düşünəcək, əşşi, bu ki, əsl xəyanətdir, niyə iqtidar bunların nazı ilə oynayır?

Oynamağa məcburdur, çünki ölkənin daxilində ellik zəmanətlə bir-birinə bağlı olan müftəxorların zümrəsi formalaşıb. Bu zümrə çoxdan cah-cəlallı həyata öyrəşib, dədə-babalarının yuxularda belə görmədikləri səfanı sürürlər, nəinki aşnaları, əhli-əyyalları, hətta qapı nökərləri də ən bahalı kurortlarda kefə baxırlar. Dəbdəbəli ziyafətlərdə, toylarda YAP-ın “tuzları” ilə bir süfrə arxasında oturub badə-badəyə vurub sədaqət andı da içirlər, yeri düşəndə rəiyyəti də ələ salıb gülürlər.

Bizi bir-birindən kəskin surətdə fərqlənən iki sferada yaşayırıq. Bir tərəfdə indiyə qədər tariximizdə görünməmiş vüsətlə göz oxşayan yollar çəkilir, yeni-yeni müəssisələrin təməli qoyulur, az qala hər  gün möhtaclara mənzillər verilir, təzə-təzə məktəblər tikilir, köhnələrinin də təmirinə söz ola bilməz, pandemiyaya qarşı uğurlu mübarizəmizdən bütün dünya danışır, bazarlar, dükanlar, ərzaqdan aşıb-daşır, həyətlərdə şəxsi maşınların çoxluğundan tərpənmək olmur və s. Bu biri sferada isə əsl marodyorlar hələ də fironluq edirlər. Ən təhlükəli kəsim Moskvanın aftafa gəzdirənləridir, bunların içində nə qədər istəsəniz vəzifəli məmur, biznes əhli, qırmızı lampaslı şalvar geyənlər və siyasətbazlar var.

Moskva irticası bu ziyanəvər sürüsünə çoxdan təhlükəsizlik təminatı verib. Yəni yüz faiz arxayın olun, işinizdən qalmayın, nə qədər ki, Azərbaycan prezidentinin ətrafı Ramiz Mehdiyev – Əli Həsənov tandeminin tör-töküntülərindən təmizlənməyib sizlərə zaval yoxdur. Ruhdan düşüb eləməyin, yaxşı baxın, görün son bir-iki ildə biz kimlərin dadına çatmışıq.

Yeri gəlmişkən, indi beş-altı kəlmə deməsəm Aydın Mirzəzadə düşünəcək ki, qarşısına çıxan yoxdur, o nə istəsə deyə bilər. Xeyr Aydın ağa, yanılırsınız. Əvvəlcə onu deyim ki, “Yeni müsavat” , “Müxalifət”, “Azadlıq” qəzetlərinin (mən daha başqalarının adlarını çəkməyi lazım görmürəm) səhifələrində yazarlar Heydər Əliyev üsul-idarəsinin üzərinə gedib ağızlarından od tökəndə cənabınızın səsi heç yerdən eşidilmirdi. Hamı qorxurdu. Qorxurdular ki, artıq-əskik eləsələr, Rauf Arifoğlu ona qəsdən verilmiş kompromatlara arxalanıb onları rüsvay edəcək. Daha heç kimin ağlına gəlmirdi ki, əndazədən çıxanları susdurmaq üçün Rauf Arifoğluna kompramat verənlər, qəzet səhifələrində də tənqid olunanlar eyni adamlardır. İllər keçəcək, üsuli-idarə qarşısında müstəsna xidmətlərinə görə Rauf Arifoğlu orden-medala layiq görüləcək. Şahidlərim var, mən lap çoxdan səhv eləmirəmsə, 25 il bundan əvvəl hadisələrin belə sonluqla bitəcəyini demişdim. Onda bəziləri mənə inanmadılar.

Mətləbdən uzaqlaşmayaq, əcəldən aman olsa, yəni məni bir bəhanə ilə aradan götürməsələr, bir neçə iblisin maskasını cıracağam. Onsuz da mənə dəyən dəyib, həm də ömrümün sonudur, atalar demişkən ölmək ölməkdir, xırıldamaq nə deməkdir?

Aydın Mirzəzadə, dönün keçdiyiniz yola baxın, görün sizin camaata nüsxəbəndlik etmək haqqınız varmı?

Firuz Haşımov