Cənubi Qafqazda döyüşləri nə dayandıra bilər?

66
Müəllif: Cavid Vəliyev

Cənubi Qafqaz regionunda sentyabrın 27-də yeni müharibə başlayıb – Ermənistanla Azərbaycan arasında. Bu, dünyanın diqqətini yenidən 30 ildir həll edilməyən Dağlıq Qarabağ münaqişəsinə cəlb edib. Xatırladaq ki, bu problemin həllilə 26 ildir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri – Fransa, ABŞ və Rusiya məşğul olur. Lakin onların səyləri heç bir nəticə vermir.

Təxribatçı addımlar
Nikol Paşinyan Ermənistanın baş naziri seçilən zaman bir çoxları onun problemin həllinə yardım göstərəcəyinə ümid bəsləyirdi. O, 2018-ci ildə Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşmüşdü. Sonradan məlub olub ki, Paşinyan həmin görüşdə Azərbaycanın dövlət başçısından hakimiyyətini möhkəmləndirmək üçün vaxt istəyibmiş – guya bundan sonra o, münaqişənin həlli istiqamətində yaradıcı addımlar atacaq, substantiv danışıqlara başlayacaqmış.

Lakin çox keçmədən daxili siyasi amillər Nikol Paşinyana güc gəlib və o, əksinə, təxribatçı addımlar atmağa başlayıb. Baş nazir hətta “Qarabağ klanı”nı təmsil edən Robert Koçaryan və Serj Sarqsyandan belə, sərt və radikal bəyanatlar verməyə başlayıb. Ermənistanın bu addımları isə Azərbaycanı təhrik edib və ölkədə müharibə ideyasını gücləndirib. Artıq azərbaycanlıların sülhə olan son ümidləri də puça çıxmışdı…

Beləliklə, tərəflər arasında miqyaslı hərbi toqquşma bərpa olunub. Doğrudur, beynəlxalq ictimaiyyət münaqişə alovlanar-alovlanmaz, müəyyən addımlar atmağa başlayıb. Onlar döyüşlərin tezliklə dayanacağına ümidli olsalar da, bu, belə olmayıb. Toqquşmaların başladığı vaxtdan bu yana tərəflər arasında ABŞ, Rusiya və Fransanın vasitəçiliyilə müvəqqəti humanitar atəşkəsə dair razılaşmalar əldə edilib. Amma nəticə yoxdur… Əksinə, humanitar atəşkəsin qüvvəyə minməsindən sonra Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərinə balistik raketlər atmağa başlayıb ki, bu da 61 mülki azərbaycalının həyatına son qoyub.

Maraqlıdır ki, Yerevan özü atəşkəsin qeyd-şərtsiz, dərhal bərpa olunmasını tələb edir. Bakıda isə bildirirlər ki, atəşkəsin bərpası üçün Ermənistan ordusunun işğal altındakı ərazilərdən çıxarılma cədvəli təqdim olunmalıdır.

Azərbaycan tərəfinin təklif etdiyi plan əslində, BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının qətnamələrinə (2008) tam uyğundur. Amerikalı diplomat, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Ceyms Uorlik də “Twitter”də sülhün işğal altındakı ərazilərin Azərbaycana qaytarılmasından sonra mümkün olduğunu yazıb.

Yerevan isə təklifi qəbul etmir. Baş nazir Nikol Paşinyan müsahibələrində və erməni xalqına müraciətlərində Ermənistanın bu şərtləri qəbul etməyəcəyini deyir: “Biz ya sona qədər mübarizə aparmalıyıq, ya da Azərbaycanın şərtlərini qəbul etməliyik”.

Bu azmış kimi, o, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Moskva görüşlərindən sonra problemin diplomatik həllinin olmadığını, odur ki, sonadək mübarizə aparacaqlarını bildirib.

Beynəlxalq diqqət və dəstək yetəri qədər deyil

Bu gün istər Ermənistan, istərsə də Azərbaycan problemə beynəlxalq diqqətin, onun həllinə qlobal dəstəyin lazımi qədər olmadığından şikayətlənir. Vaşinqtonun bu məsələyə diqqətini ölkədə keçirilən prezident seçkisi azaldıb. Bununla yanaşı, ekspertlər hesab edir ki, ümumiyyətlə Obama və Trampın dövründə Birləşmiş Ştatların Cənubi Qafqaz regionuna marağı azalıb.

Lakin ABŞ prezidentliyinə hər iki namizəd tərəfləri müharibəni dayandırmağa çağırıb. Co Bayden bəyan edib ki, Yerevanla Bakı arasında dayanıqlı atəşkəs rejiminin bərqərar olması üçün Ermənistan ordusu Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı işğal olunmuş ərazilərindən çıxmalıdır. ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison da “ermənilərin Azərbaycanın suveren ərazisindən çıxmalı olduğunu” bildirib. “Buna nail olmaq mümkündür və bu halda münaqişə sona çatacaq”, – deyə o, qeyd edib.

Avropa İttifaqına (Aİ) gəlincə, quruma üzv dövlətlərin Qarabağ münaqişəsinə yanaşmalarında fərqlər var. Məsələn, Macarıstan və İtaliya Azərbaycanın mövqeyini dəstəkləyir. Fransa prezidenti Emmanuel Makron isə “Fransanın Azərbaycana Dağlıq Qarabağa daxil olmaq imkanı verməyəcəyini” deyir. Bu bəyanat əlbəttə ki, Ermənistanı sevindirib. Lakin Azərbaycanda hesab edirlər ki, Paris bu cür bəyanat verməklə, ATƏT-in Minsk qrupunun həmsədri kimi neytrallığına zərbə vurur.

Yəqin bu üzdəndir ki, Fransanın xarici işlər naziri Jan-İv le Drian prezident Makronun bəyanatına düzəliş etməyi lazım bilib. O, deyib ki, Fransa bu məsələdə neytral qalmalıdır.

Aydındır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistan ilk günlərdən prosesə Rusiyanın hərbi müdaxiləsini gözləyirdi. Amma Rusiya prezidenti Vladimir Putin Paşinyanla 4-cü telefon danışığından sonra məsələyə tam aydınlıq gətirib. O, bildirib ki, hərbi əməliyyatlar Ermənistan ərazisində aparılmır və bu üzdən də KTMT münaqişəyə müdaxilə etməyəcək.

Bundan sonra Yerevan regiona rusiyalı sülhməramlıların göndərilməsinə çağırış edib. Amma bu region beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Odur ki, Bakının razılığı olmadan regiona sülhməramlıların yerləşdirilməsi mümkün deyil.

Azərbaycanın dövlət başçısı da bildirib ki, sülhməramlı qüvvələr regiona yalnız münaqişənin həllindən sonra, ən son mərhələdə yerləşdirilə bilər. ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza isə hesab edir ki, bölgəyə yerləşdiriləcək sülhməramlılar Minsk qrupunun həmsədr ölkələrini təmsil etməməlidir.

Bütün bunların fonunda Bakı danışıqlar prosesinı Türkiyənin də qoşulmasına israr edir. Azərbaycanda əmindirlər ki, bu, prosesin irəliləməsinə yol açacaq.

Qeyd edək ki, Türkiyə ATƏT-in Minsk qrupunun üzvü olsa da, həmsədr ölkə deyil.

Türkiyə Dağlıq Qarabağ müharibəsində iştirak etmir

Bəziləri iddia edir ki, Azərbaycanın Ermənistan ordusuna qarşı apardığı hərbi əməliyyatlarda Türkiyə qüvvələri də iştirak edir. Lakin bu, belə deyil. Rəsmi Bakı bildirir ki, Azərbaycan Ordusu Ermənistanın hərbi birləşmələrini işğal altındakı ərazilərdən təkbaşına çıxarmaq üçün kifayət qədər gücə malikdir.

Bəzi ekspertlərin fikrincə, Türkiyənin hərbi əməliyyatlarda iştirakı ilə bağlı iddialar 3 məqsəd güdür: birincisi, regionda Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşdirilməsi. İkincisi, Yerevanın Qərbin dəstəyini qazanması. Üçüncüsü, Paşinyan hökuməti bununla erməni xalqını həm Azərbaycan, həm də Türkiyə ilə döyüşdüklərinə inandırmağa çalışır.

Hərbi əməliyyatlarda suriyalı yaraqlıların da iştirak etdiyinə dair iddialar var. Amma sübut kimi təqdim edilən bütün video və fotolar Dağlıq Qarabağa deyil, Suriyada çəkilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu iddiaları rədd edərək bildirib ki, suriyalı döyüşçülərin Suriyanın özündə işləri çoxdur.

Həqiqətən də, Azərbaycanın kifayət qədər hərçisi var. Odur ki, onun xarici muzdlulara ehtiyacı yoxdur. Bundan başqa, Azərbaycan dünyəvi dövlətdir və Bakı Suriyada döyüşdüyü məlum olan vətəndaşlarını ölkəyə qayıdar-qayıtmaz, həbs edir. Bu da qeyd olunan iddiaların əsassız olduğunu göstərir.

Regionun daha bir dövləti – İran münaqişənin BMT Təhülkəsizlik Şurasının qətnamələri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bəyan edib.

Bir sözlə, ATƏT-in Minsk qrupunun 26 illik vasitəçiliyindən sonra sülh danışıqlarında heç bir irəliləyiş əldə olunmayıb. Nəticədə Ermənistanla Azərbaycan arasında miqyaslı hərbi qarşıdurma yenidən başlayıb. İndi Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri icra edir. Bu zaman o, həm də BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanır – Azərbaycan özünümüdafiə hüququndan istifadə edir.
Bir sözlə, münaqişə Ermənistanın Azərbaycan ərazisindən silahlı qüvvələrini çıxarmasından sonra başa çatacaq. Əks təqdirdə, atəşkəs müvəqqəti, işğal isə daimi olacaq.

(İngilis dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: The Budapest Times