Cənubi Koreyada karantin tədbirləri sərtləşdirilir

39

Cənubi Koreyada son günlər yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının çoxalması hökuməti karantin tədbirlərini sərtləşdirməyə vadar edib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi yoluxma hallarını azaltmaq üçün sosial məsafənin qorunması ilə bağlı qaydaları bir qədər də sərtləşdirməyi qərara alıb. Avqustun 30-dan başlayaraq paytaxt Seulda və ətrafda yerləşən şəhərlərdəki kafe və restoranların fəaliyyətinə məhdudiyyət qoyulacaq. Belə ki, ictimai iaşə obyektləri müştərilərə yerində xidmət göstərməyi dayandıracaq, yalnız al-apar və çatdırılma qaydasında fəaliyyət göstərəcək. Al-apar xidməti zamanı növbələrdə ara məsafəsinin qorunmasına və müştərilərin qoruyucu maska taxmasına da nəzarət artırılacaq. Bundan başqa, restoranların iş vaxtı da azaldılaraq (8 saata endirilib), qapalı məkanlarda 10 nəfərdən çox adamın toplaşması qadağan edilib. Bütün idman zallarının fəaliyyəti, ahıllar evinə ziyarətlər dayandırılıb. Dövlət və ictimai qurumlardakı işçilərin ən azı üçdəbirinin evdən işləməsi əmr olunub. İlkin olaraq bu qaydaların sentyabrın 6-dək qüvvədə olması nəzərdə tutulub, amma epidemik vəziyyət yaxşılaşmasa, bu qadağa və məhdudiyyətlər davam edəcək və bütün ölkəni əhatə edəcək.

Qeyd edək ki, avqustun 14-dən bəri Cənubi Koreyada gündəlik yoluxma hallarının sayı üçrəqəmli həddə çatıb. Ötən gün isə yoluxma sayı mart ayından sonra ilk dəfə 400-ü aşıb. Hökumət vəziyyəti nəzarət altına almaq üçün avqustun 26-dan paytaxt Seulda, habelə ətrafdakı İnçon şəhərində və Gyongi vilayətində orta məktəblərdə dərsləri dayandırıb, qapalı əyləncə-istirahət mərkəzlərinin fəaliyyəti qadağan edilib. Paytaxt Seulda bütün ictimai məkanlarda qoruyucu maska taxılması məcburidir. Virusa yoluxma sayının çoxalmasının əsas səbəbi kimi Seuldakı kilsədə ibadət mərasimləri və avqustun 15-də paytaxtda mühafizəkar qrupların, siyasətçilərin və dini icma üzvlərinin iştirakı ilə keçirilmiş kütləvi yürüş göstərilir.