Cənub Qaz Dəhlizi yekunlaşır – Azərbaycanın regional mövqeyi daha da güclənəcək

219

Vüqar Bayramov: “Layihə ölkəmizə 100 milyard dollara yaxın gəlir gətirəcək”

Azərbaycan qazını Avropa bazarına çatdıracaq Cənub Qaz Dəhlizinin sonuncu əsas komponenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə kommersiya əməliyyatlarına başlanıb. SOCAR-ın yaydığı açıqlamaya görə, 878 kilometrlik hissəsində qaz xətti əməliyyat mərhələsinə daxil olur.

Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarim sonra boru kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək, kommersiya əməliyyatlarına başlayıb: “Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışmışdır.

TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir”.

TAP-la nəql olunan Azərbaycan təbii qazı gələn il yanvarın 1-dən Bolqarıstana çatdırılacaq. Bolqarıstan mətbuatının yazdığına görə, ancaq bu qaz Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB) boru kəməri layihəsi çərçivəsində olduğu kimi, Komotini birləşmə nöqtəsindən deyil, digər birləşmə nöqtəsindən veriləcək. Bununla da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Bolqarıstanın “Bulgargas” şirkəti arasında imzalanmış sazişə riayət ediləcək (Report).

Bolqarıstanın “Nova TV” telekanalına açıqlamasında Bolqarıstanın energetika naziri Temenuşka Petkovanın dediyinə görə, 110 km uzunluğunda olan marşrut boyunca çəkilən borular ilin sonuna qədər qaynaq ediləcək və daha 20 km boru kəmərinin inşası tamamlanacaq.

Bolqarıstan və Yunanıstan arasında qaz boru kəmərinin ümumi uzunluğu 182 km-dir. Bunun 150 km-i Bolqarıstan ərazisindədir. İGB boru kəməri Yunanıstanın Komotini şəhərindən başlayır və Stara Zagora şəhərinin yaxınlığındakı Bolqarıstan qaz ötürmə sisteminə qoşulur. Boru kəmərinin texniki ötürücülük gücü ildə 3-5 milyard kubmetr arasındadır. Layihənin ümumi dəyəri isə 220 milyon avrodur.

İGB-nin işə salınması Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) fəaliyyətə başlaması ilə paralel olaraq reallaşdırılmalı idi. Ancaq T. Petkova bildirib ki, pandemiya müəyyən problem yaradıb. Bu, əsasən tədarüklə bağlı olub. Ancaq əsas məsələ Azərbaycan qazının başqa bir giriş nöqtəsindən ölkəyə daxil olmasıdır: “Bir neçə aydan sonra isə Komotini giriş nöqtəsi artıq hazır olacaq”.

Qeyd edək ki, Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans-Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanır. Onun təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilib. Kəmərin 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür.

Layiheler

TAP-ın icraçı direktoru Luca Schieppatini bildirib ki, “Azərbaycan qazı Bolqarıstanın, Yunanıstanın və İtaliyanın daxili bazarlarının təbii qaza olan tələbatının müvafiq olaraq 30 faiz, 20 faiz və 12 faizini qarşılayacaq.

L.Schieppati həmçinin Azərbaycan qazının həmin ölkələr üçün digər əhəmiyyətini də açıqlayıb: “TAP layihəsi Yunanıstanın Cənub-Şərqi Avropanın qaz tranzitində rolunu artıracaq və İtaliyanın enerji qiymətlərində rəqabətlilik yaradacaq”.

Noyabrın əvvəlində SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib ki, ümumi dəyəri 5 milyard ABŞ dolları olan, “Şahdəniz” yatağından qaz nəqlinin illik 10 milyard kubmetrə qədər qaldırılmasına imkan verəcək Cənub Qaz Dəhlizinin genişləndirilməsi layihəsi bu ay tamamlanacaq.

BP-Azərbaycan şirkətinin yaydığı məlumatda qeyd olunur ki, “Şahdəniz” yatağından qaz hasilatını artırmaq istiqamətində işlər qrafikə uyğun həyata keçirilməkdədir. Belə ki, bu ilin üçüncü rübü ərzində “Şahdəniz 2″ komandası ”Xankəndi” sualtı tikinti gəmisi vasitəsilə sualtı quraşdırma işlərini plana uyğun davam edib. Bildirilir ki, “İsrafil Hüseynov” borudüzən gəmisi şərq-cənub cinahına bağlanan axın xətlərinin mexaniki quraşdırılmasını 8 oktyabrda təhlükəsiz şəkildə başa çatdırıb, bu isə layihə üzrə mühüm bir işdir.

“Dərinsulu” şərq-cənub cinahından (suyun 540 m dərinliyində) hasilatın başlanması dənizdə quraşdırma və istismar sınaqları bitdikdən sonra 2021-ci ilin birinci yarısına planlaşdırılır. Digər iki dərinsulu cinahdan (qərb-cənub və şərq-şimal) hasilatın başlanması gələcək illərə planlaşdırılır və hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmağı təmin edəcək.

Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf edilib.

Cənub Qaz Dəhlizi Azərbaycanın növbəti böyük tarixi qələbəsi olacaq –  Caspian Barrel

Artıq TAP Konsorsiumu tərəfindən təqdim edilmiş hərraclar vasitəsilə sərbəst güclərin bölüşdürülməsi prosedurları İtaliya və Yunanıstan hökumətləri tərəfindən təsdiq edilib.  İtaliya enerji, enerji şəbəkələri və ətraf mühit üzrə milli tənzimləyici qurumunun (ARERA) bununla bağlı açıqlamasında bildirilir ki, reqlamentə əsasən, hesablama üsulu və sərbəst güclərin istifadəsi qaydalarına uyğun olaraq, boru kəməri ilə bağlı hər bir hərrac prosesi birləşmə nəqtələrini nəzərə alaraq boru kəmərinin operatorları ilə razılaşdırılaraq həmin ölkənin milli tənzimləyici qurumlar tərəfindən təsdiq ediləcək. Bu zaman boru kəmərinin keçdiyi hər bir ölkənin milli tənzimləyici orqanının mövqeyi nəzərə alınacaq.

Qeyd edək ki, bu il avqustun 10-da 3 ölkənin – Yunanıstan, Albaniya və İtaliyanın tənzimləyici qurumları (müvafiq olaraq RAE, ERE və ARERA) tərəfindən təsdiq edilmiş TAP kəmərinin şəbəkə kodeksi dərc edilib.

Kodeksə əsasən, rəqabətli hərraclar boru kəmərinin keçiricilik qabiliyyətinin bölüşdürülməsi məqsədilə boru kəmərinin hər çıxış nöqtəsi üzrə həyata keçiriləcək. Artıq bu prosedurları hər 3 ölkənin milli operatorları – TSO TAP, “SNAM Rete Gas” və DESFA da razılıq məktubu ilə təsdiq ediblər.

Cənub Qaz Dəhlizi Azərbaycanın növbəti böyük tarixi qələbəsi olacaq –  Caspian Barrel

TAP-ın istismara verilməsini şərh edən Gürcüstanın Neft və Qaz Korporasiyasının Müşahidə Şurasının sədri, texniki elmlər doktoru, professor Temur Qoçitaşvili BPN nəşrinə müsahibəsində bildirib ki, bu hadisə Gürcüstanın Avropa üçün geosiyasi rolunu artıracaq və birbaşa iqtisadi mənfəət gətirəcək.

Onun sözlərinə görə, Gürcüstan TAP vasitəsilə beynəlxalq oyunçuya çevriləcək: “Bu vaxta qədər Gürcüstan təbii qaz tranziti üçün regional əhəmiyyətli ölkə idisə, bundan sonra Avropa da Gürcüstan üzərindən qaz əldə edəcək. Ölkə ərazisi ilə ixrac olunacaq qaz Avropa İttifaqının enerji bazarlarının şaxələndirilməsi və tədarük təhlükəsizliyinin artırılmasında mühüm rol oynayacaq”.

Onu da bildirək ki, Cənub Qaz Dəhlizinin Türkiyədən keçən hissəsi – TANAP-la qaz nəqlinə 2018-ci ildən başlanılıb. Bu ilin yanvar-sentyabr aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,3 faiz çox, yəni 7,9 milyard kubmetr qaz ixrac edilib. Energetika Nazirliyinin operativ məlumatlarına əsasən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə bu müddətdə 3,2 milyard kubmetr qaz nəql olunub.

2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin oktyabr ayının 1-dək isə TANAP-la ümumilikdə Türkiyəyə təqribən 7,1 milyard kubmetr qaz nəql edilib.

Dövlət Gömrük Komitəsinin statistikasına əsasən bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 11,1 milyard kubmetr həcmində təbii qaz ixrac edib. 10 aylıq ixracın dəyəri 2 milyard dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunmuş “mavi yanacağ”ın həcmi 16,2 faiz, dəyəri isə 8,6 faiz artıb. Hesabat dövründə qaz ixracı Azərbaycanın ümumi ixracında 16,7 faiz paya malik olub.

Vugar Bayramov - Wikipedia

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Cənub Qaz Dəhlizi Azərbaycan üçün, eyni zamanda Avropa üçün mühüm əhəmiyyət kəsb edən layihədir: “Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Artıq onun bir hissəsi olan TANAP vasitəsilə qazımız Türkiyə bazarına çatdırılır. TAP vasitəsilə isə onun Avropaya çatdırılması təmin olunur. TAP-la nəql olunan qaz Bolqarıstanın, Albaniyanın ərazisinə çatdırılacaq. İlkin mərhələdə TAP-ın ötürücülük gücü 10 milyard kubmetr təşkil etsə də, onun 20 milyard kubmetrə qədər artırılması imkanları var. Bu isə yaxın gələcəkdə daha çox Avropa ölkəsinin Azərbaycan qazını əldə etməsinə şərait yaradacaq”.

Millət vəkili bildirir ki, CDQ-nin Azərbaycan üçün əhəmiyyəti xüsusilə böyükdür: “Bu, bizim üçün vacib layihədir. Çünki ölkəmizə 100 milyard dollara yaxın gəlir gətirəcək. Bu gəlirlər neft ixracının azalmasına görə azalan gəlirlərimizin bir hissəsini kompensasiya etməyə imkan verəcək. Layihə həm də Azərbaycanın Avropada mövqeyinin güclənməsinə gətirib çıxaracaq. Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkə olaraq Azərbaycanın regionda da mövqeyi güclənmiş olacaq”.

Dünya SAKİT,

“Yeni Müsavat”