“Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatına gəlmək üçün Əli Həsənova 30 min dollar verdiyini deyib”

1356

Eldar İsmayılov: “Əli Həsənov Dadaş Rzayevi kabinetinə dəvət edib və Cəlil Xəlilovun adını çəkərək, bildirib ki, o, sənin müavinin olmalıdır”

“Əli Həsənov vəzifədə olduğu müddətdə müxtəlif yollarla mənim Respublika Veteranlar Təşkilatında fəaliyyətimi əngəlləməyə, hətta təmənnasız gördüyüm işlərə mane olmağa çalışıb”

“Onu da qeyd edim ki, bu gün Respublika Veteranlar Təşkilatı heç də yaxşı vəziyyətdə deyil, çoxlu pul yeyintiləri var”

“Bizim başlıca vəzifələrimizdən biri Türk dünyasının lider və böyük şəxsiyyətlərini bir arada birləşdirmək, Türk xalqları arasında əlaqələri daha da möhkəmləndirməkdir”

Bugünkü sayımızda “Dədə Qorqud” Milli Fondunun prezidenti, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının baş redaktoru, “Qızıl Qələm”in sahibi, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Rəyasət Heyətinin üzvü olmuş Eldar İsmayılovla rəhbəri olduğu fondun gördüyü işlər, adıçəkilən jurnalın fəaliyyəti, eyni zamanda son günlər Respublika Veteranlar Təşkilatı ilə bağlı mətbuatda yer alan bir sıra xoşagəlməz informasiyalar və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.

“”Dədə Qorqud” Milli Fondu təsis etdiyi “Vətən övladı”, “Mehriban ana”, “Qızıl ürək” ordenləri və “Dədə Qorqud” mükafatları ilə layiqli insanları, Vətənə, xalqa və öz köklərinə bağlı olan adamları müntəzəm olaraq təltif edir”

– Eldar bəy, ilk öncə “Dədə Qorqud” Milli Fondu ilə bağlı bir qədər məlumat verməyinizi xahiş edərdik. Prezidenti olduğunuz fond hansı sahədə və nə kimi işlərlə məşğul olur?

– Hər kəsə bəllidir ki, Dədə Qorqud bütün Türk dünyasının ortaq dəyəri, milli və mənəvi sərvətidir. Belə ki, Dədə Qorqud Türk dünyasının əsrlər boyu davam edən ənənələrinin, mədəniyyətinin, məişətinin, təfəkkürünün və milli dilinin banisidir. Məhz bu səbəbdən də onun obrazı Türk xalqlarının müqəddəs simvoludur. Qeyd edim ki, bütün bunlar fondumuza Dədə Qorqud adının verilməsini şərtləndirən əsas amillərdəndir. Odur ki, “Dədə Qorqud” Milli Fondu hər şeydən öncə Türk xalqlarının ideallarını tərənnüm edən ənənələri təbliğ etməklə məşğuldur. Fondumuz uzun illərdir ki, bu sahədə ciddi işlər görüb və bu gün də görməkdədir. Onu da bildirim ki, fondun özünəməxsus proqramı, məqsədləri var və o, təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də Türk dünyasının və onun bir parçası olan ölkəmizin maraqları naminə nəzərəçarpacaq iş aparır. Bizim başlıca vəzifələrimizdən biri Türk dünyasının lider və böyük şəxsiyyətlərini bir arada birləşdirmək, Türk xalqları arasında əlaqələri daha da möhkəmləndirməkdir.

Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, “Dədə Qorqud” Milli Fondu üzərinə düşən vəzifələri layiqincə icra edir və artıq böyük işlərin mərkəzinə çevrilib. Qeyd etmək lazımdır ki, artıq fondumuz öz ətrafında Azərbaycanın xeyli ziyalısını toplaya bilib. Bundan başqa, “Dədə Qorqud” Milli Fondu təsis etdiyi “Vətən övladı”, “Mehriban ana”, “Qızıl ürək” ordenləri və “Dədə Qorqud” mükafatları ilə layiqli insanları, Vətənə, xalqa və öz köklərinə bağlı olan adamları müntəzəm olaraq təltif edir.

“”Azərbaycan Dünyası” jurnalı dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız üçün mədəni və maarifləndirici körpü rolunu oynayır”

– Bəs, baş redaktoru olduğunuz “Azərbaycan Dünyası” jurnalının fəaliyyəti nədən ibarətdir?

– 1998-ci ildə yaradılan “Azərbaycan Dünyası” jurnalı ölkədə ilk çoxtirajlı və 3 – Azərbaycan, rus və ingilis dilində çıxan jurnaldır. Jurnal beynəlxalq aləmdə “Dədə Qorqud” Milli Fondunu və onun fəaliyyətini işıqlandırır. Həmçinin, bu jurnal dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız üçün mədəni və maarifləndirici körpü rolunu oynayır, Azərbaycan diasporu və həmvətənlərimizi ruhlandırır. Onu da əlavə edim ki, “Dədə Qorqud” Milli Fondunun təsisçiliyi ilə nəşr olunan jurnal ilk gündən geniş dünya məkanında soydaşlarımızın birləşməsi, Türk dünyası ilə əlaqələrin genişləndirilməsi kimi xeyriyyəçi bir məqsədə xidmət edir. Qeyd edim ki, jurnalın idarə heyətinin fəxri üzvləri ölkənin sayılıb-seçilən şəxsləri, akademiklər, ziyalılar və görkəmli ictimai-siyasi xadimlərdir.

“Sonradan bir nəfərdən öyrəndim ki, Cəlil Xəlilov sədr olmaq üçün gəlib və onun fikri vardı ki, Dadaş Rzayevdən sonra təşkilata rəhbərlik etsin.

– Bildiyimiz qədər siz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Rəyasət Heyətinin üzvü olmusunuz. Bu səbəbdən də son günlər Respublika Veteranlar Təşkilatı ilə bağlı mətbuatda yer alan bir sıra məlumatlarla bağlı fikirlərinizi öyrənmək istərdik. Qeyd olunur ki, adıçəkilən təşkilatın rəhbərliyində dəyişikliklərin edilməsi üçün müəyyən işlər görülür və burada bir sıra genaralların adı hallanır. Bu barədə nə deyə bilərsiniz? Deyilənlər nə dərəcədə doğrudur?

– Bəli, mən bu təşkilatın aktiv üzvü olmuşam. O vaxtlar biz Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayevlə yaxşı layihələr hazırladıq. Məqsədimiz o idi ki, ölkədəki bütün veteranları bir bir araya toplayaq, onların problemlərinin həlli istiqamətində əlimizdən gələni edək. Qeyd edim ki, Dadaş Rzayev məni Surxay Tağızadə ilə bir yerdə dəvət etdi. Beləliklə, biz Respublika Veteranlar Təşkilatından aktiv şəkildə fəaliyyətə başladıq. Baş redaktoru olduğum “Azərbaycan Dünyası” jurnalı təşkilatın fəaliyyətini daim geniş şəkildə işıqlandırıb. Bir müddət sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin o zamankı müdiri Əli Həsənov təşkilata Cəlil adında bir zabiti göndərdi. Söhbət Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovdan gedir. Bildiyim qədər o, müharibədə olmayıb, döyüş yolu keçməyib. Şəxsən məndə o zaman onun haqda demək olar ki, heç bir məlumat yox idi.

Buna görə də Cəlil Xəlilovdan hardan gəldiyini soruşdum, ancaq sualımdan yayınmağa çalışdı. Bir müddət sonra təşkilat daxilində lazımsız söz-söhbətlər başladı. Buna əhəmiyyət vermədən öz işimdə idim. Təşkilatın işinə kömək etmək məqsədiylə təmannasız “Azərbaycan veteranı” qəzetini bərpa etdim və məni onun baş redaktoru təyin etdilər. Daha sonra Respublika Veteranlar Təşkilatının saytını qurdum və fəaliyyətinə yardımçı oldum. Eyni zamanda, veteranların təltifi üçün döş nişanını hazırlatdım. Bunun üçün Kiyevə getdim və tərtib olunmuş nişanı Azərbaycana gətirdim. Qeyd edim ki, buna görə 140 min manat xərc çəkdim. Ancaq bir qədər sonra məlum oldu ki, yuxarıdan kimsə təşkilatın rəhbərliyinə narazılığını bildirib və nədən icazəsiz döş nişanı hazırladığıma görə irad tutub. Halbuki müvafiq qərarda da var ki, Azərbaycan veteranının döş nişanı və sənədi olmalıdır. Bu gün dünyanın əksər ölkələrində veteranların bu cür döş nişanı var. Ümumiyyətlə, atam da müharibə iştirakçısı olub və bu səbəbdən də Respublika Veteranlar Təşkilatı mənə çox yaxın oldu. Odur ki, həm təşkilatın fəaliyyətinin gücləndirilməsi, həm də veteranlara diqqət və qayğının daha da artırılması istiqamətində əlimdən gələni edirdim. Amma sonra gördüm ki, bunu gözü götürməyənlər mənim işimdən narahatdırlar. Bir qədər sonra mənə məlum oldu ki, Əli Həsənov Dadaş Rzayevi dəvət edib kabinetinə və deyib ki, mən ora sənə adam göndərmişəm.

Cəlil Xəlilovun adını çəkib və Dadaş Rzayevə bildirib ki, o, sənin müavinin olmalıdır. Mənə gəlincə, Əli Həsənov deyib ki, Eldar İsmayılovun işi çoxdur, onun fondu, jurnalı var, iş adamıdır, bu nədir orden, döş nişanı hazırlatdırıb verir? Beləcə, Əli Həsənovun əliylə Respublika Veteranlar Təşkilatında qalmaqallar başladı. Bir gün Cəlil Xəlilova dedim ki, sən özünü niyə bu cür aparırsan? Ona dedim ki, qadınları təhqir edirsən, təşkilat daxilində üzvləri bir-biri ilə küsdürür, vuruşdurursan. Axı, məqsədin nədir? Cavabında dedi ki, bilirsən Eldar müəllim mən bura elə-belə gəlməmişəm, pul verib gəlmişəm. Kimə və nə qədər verməsi ilə bağlı maraqlandıqda, bildirdi ki, Əli Həsənova 30 min dollar vermişəm. Dedim ki, burda nə qazanc var ki, sən pul verib gəlmisən? Dedi ki, sən bilmirsən, burda başqa məsələlər var. Sonradan bir nəfərdən öyrəndim ki, Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatına sədr olmaq üçün gəlib. Onun fikri vardı ki, Dadaş Rzayevdən sonra təşkilata rəhbərlik etsin. Lakin Dadaş Rzayev səhhətində yaranmış problemlərlə əlaqədar sədrlikdən getdikdən sonra onun yerinə general-polkovnik Tofiq Ağahüseynov təyin olundu. Elə o vaxtdan Cəlil Xəlilovun qol-qanadı açıldı. İş o yerə çatıb ki, artıq bu gün Respublika Veteranlar Təşkilatının faktik idarəsi onun əlindədir.

“Cəlil Xəlilovun müavin təyin olunması bir çoxlarının, əsasən də təşkilatın üzvü olan generalların ciddi narazılığına səbəb olmuşdu”

– Dediklərinizdən belə çıxır ki, Cəlil Xəlilovun Respublika Veteranlar Təşkilatında vəzifə tutmasında birbaşa Əli Həsənovun rolu olub…

– O, özü bunu deyib ki, Əli Həsənova 30 min dollar verib təşkilata gəlib. Ümumiyyətlə, Əli Həsənov vəzifədə olduğu müddətdə müxtəlif yollarla mənim Respublika Veteranlar Təşkilatında fəaliyyətimi əngəlləməyə, hətta təmənnasız gördüyüm işlərə mane olmağa çalışıb. Hazırlatdırdığım döş nişanları, ordenlərlə bağlı əsassız narazılığını bildirib, bunun lazım olmadığını deyib. Ümumiyyətlə, Cəlil Xəlilov təşkilata Əli Həsənova xəbər vermək üçün qoyulub. Beləcə, bir dəfə Əli Həsənov Dadaş Rzayevi çağırıb və deyib ki, ya sən, ya da Eldar İsmayılov. Daha sonra Dadaş Rzayevə bildirib ki, sən mənim ora göndərdiyim adamla – Cəlil Xəlilovla işləməlisən. Bu barədə mənə danışanda və belə bir problemi olduğunu dedikdə, Dadaş Rzayevə bildirdim ki, belədirsə, onda iclas elə, mən çıxım gedim. Beləliklə iclas çağırıldı və bu zaman Cəlil Xəlilov sədrin müavini təyin olundu. Onu da nəzərinizə çatdırım ki, Cəlil Xəlilovun müavin təyin olunması bir çoxlarının, əsasən də təşkilatın üzvü olan generalların ciddi narazılığına səbəb olmuşdu. İclasda çıxış etdim və onun mənə, bu vəzifəyə gəlmək üçün Əli Həsənova 30 min dollar verdiyini dediyini bildirdim. Bu zaman Cəlil Xəlilov başını aşağı saldı və danışmadı. Onu da qeyd edim ki, bu gün Respublika Veteranlar Təşkilatı heç də yaxşı vəziyyətdə deyil, çoxlu pul yeyintiləri var. Odur ki, son günlər təşkilatla bağlı mətbuatda gedən məlum yazılarda əks olunanların heç bir əsası yoxdur. Bunlar hamısı Cəlil Xəlilovun sifarişi ilə yazılır. Halbuki, təşkilatı bərbad vəziyyətə salan və sədr olmaq istəyən məhz Əli Həsənovun yardımı ilə gələn Cəlil Xəlilovdur. Bunu təşkilat daxilində çoxu bilir.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU