Cəhənnəmdən qaçış

258

Novella

Yolboyu maşında Abo qardaşı ilə kimləri dəyişəcəkləri barədə xeyli söhbət etdi. Xocavənddən bir az aralanmışdılar ki, qardaşı Aboya dedi ki, ətrafı görməsin deyə əsirin gözlərini bağlasınlar. O isə dedi ki, onsuz da Kürmahmudluda əsiri tikə-tikə doğrayacağıq. O, bizi aldadıb. Komandirin oğlu Beyləqanda deyil. Sən demə Abo Mameddən öyrənibmiş ki, əsirlərin arasında belə bir uşaq yoxdur və ermənilərə o an məlum olub ki, Rafiq onları aldadıb. Sonra birdən maqnitofonu işə salıb Baloğlan Əşrəfovun mahnılarını oxutmağa başladı və dedi:

-Son dəfə türk mahnılarına qulaq as, ey bədbəxt türk! Çəpik çala-çala geri dönüb Rafiqin başını qapazladı. O an Rafiq ən uzağı bir saatlıq ömrü qaldığını anladı. Keyləşmişdi. Başına ard-arda vurulan yumruqları hiss etmirdi. Elə bil döyülən cisim onun deyildi. Maşın dayandı. Çatmışdılar. Onu sürüyüb yerə atdılar. Əvvəlcə harda olduğunu anlamadı, ancaq sonra tanıdı-Kürmahmudluda idilər. Buranı əzbər bilirdi. Baş verənlər sanki bir daha gözləri önündə canlandı. Lakin tez özünü ələ ala bildi. İrəli yeriyib uşağın vurulduğu yeri göstərdi. Meyiti götürmüşdülər və bu onun xeyrinə idi. Bəlkə də onları bir az da inandıra bilərdi. Düşmənlərdə şübhə qarışıq da olsa uşağın sağ qalmasına bir inam yaranırdı, lakin Abodan heç nə anlaşılmırdı. Abonun üzündə heç bir reaksiya yox idi. Bir neçə dəqiqə sonra ratsiya ilə Mamedlə əlaqə qurdu. Danışığa əsasən 18 meyit bizimkilər, 12 meyit isə ermənilər verməli idilər. Erməni hiyləgərliyi burda da özünü göstərirdi. Yenə öz aralarında ermənicə danışırdılar. Bir “Zil” maşın da gəldi. Danışdıqlarını tam aydın eşidirdi. “Zil”in sürücüsü yanındakı əsgərə deyirdi ki, bu maşında on bir türk meyiti var. On ikinci meyit isə burdaymış. Dalağı sancdı. “Niva” ya tərəf gedirmiş kimi Abogilə yaxınlaşdı. İndi onları daha rahat eşidirdi. Abo qardaşına deyirdi ki, bunu yenə maşına oturdun və uşağı axtarmağa davam edin. Unutmayın, bu türk dəyişiləcək on ikinci meyitdir. Amma hələ mən deyənə qədər öldürməyin. Bəlkə başqa məlumat da ala bilərik. Deməli on ikinci meyit mənəm, -deyə düşünürdü. Nə etməli, mənim yazım da bura qədərmiş. Ölümdən qorxmuram, əsir düşəndə məni öldürmələri üçün düşmənə yalvarmışdım da. Sadəcə döyüşərək ölmədiyimə, daha bir neçə erməni iti öldürə bilmədiyimə görə heyifsilənirəm. Kaş ki, bircə avtomatım olaydı, bir az da gülləm. Bu yaralı, yarımcan halımda belə avtomatı bu kökü kəsilmişlərin topasına tutub bacardığım qədər bunlardan öldürəydim. Kaş ki…

Onlar yol boyu bir neçə dəfə fərqli yerlərdə maşını saxlayıb güman gələn yerlərə baxırdılar. Düşünürdülər ki, birdən uşaq qaçıb hardasa gizlənə bilər. Hər dəfə maşını saxlayanda mühərriki söndürüb açarı maşının üstündən götürürdülər. Lakin sonuncu dəfə açarı götürməyi unutdular. Deyirlər insanda ən son ölən hiss ümiddir. Hətta canını tapşıran, son nəfəsini çəkən insanın gözündə belə bir ümid nişanəsi olur. İndi yarı ölü vəziyyətində olan Rafiqin də ürəyində bir ümid yaranmışdı. Bütün bədəninə güc gəlmişdi. İçində bir inam, özünə əminlik yaranmışdı. Artıq Abogil maşından xeyli uzaqlaşmışdılar. Qarşıdakı həyətə girmişdilər. İçində yaranan ümid qığılcımları ona ruh və güc verdi. Öz-özünə -onsuz da sonu ölümdür, -deyib birtəhər sükanın arxasına keçdi. Əl-ayağı titrəyirdi. Birtəhər canını dişinə tutub zor-bəla da olsa maşını işə sala bildi. Mühərrikin səsi sanki nicat nidası idi. Ayağını qaz pedalına basdı. Maşın yerindən götürüldü. Səs-küyə həyətdən çıxan ermənilər qarşıdakı postlara ratsiya ilə məlumat verdilər. Güllələr dolu kimi yağırdı-qəzəbli, dəhşətli, ölümsaçan! Maşının oturacaqlarına gülləkeçirməz jiletlər geydlirilmişdi. Böyük ehtimalla Rafiqi ölümdən qoruyan da elə o jiletlər olmuşdu. Abonun dəstəsindən ayrılmışdı ki, qarşıda erməni dəstələri onu yenidən atəşə tutdu. Sükanın arxasına yatıb ayağını var gücü ilə qaz pedalına basmışdı. Maşın yağış kimi səpələnən avtomat güllələri altında ziqzaq yazaraq irəli şütüyürdü. Yaşam uğrunda mübarizə gedirdi. İnsanın öz kəşfinin məhsulu olan güllələrlə insan arasında savaş gedirdi. Bu savaşın qayəsi qurtuluş və yaşamaq idi. Əsirlik həyatı ömrünün acı keçmişi olaraq geridə qalmışdı. Yol yalnız irəli idi. İrəlidə isə nələr olacağı bəlli deyildi və o, bu naməlum irəliyə gedib çıxa biləcəyini bilmirdi. Bu an heç nə haqqında düşünə bilmirdi. İndi onun bütünlükdə düşüncəsi, ruhu və cismi yalnız affekt halda mübarizə aparırdı. Elə bil o, ilanın ağzından çıxıb əjdahanın ağzına düşmüşdü. Abonun dəstəsindən və qarşıdakı yüksəklikdən mərmi yağdıran ermənilərdən yenicə qurtulub asfalt yoldan sağa burulmuşdu ki, yeni erməni dəstələri yolu kəsdilər. Bu ölüm-dirim savaşında sağ qalmaq üçün məcbur asfalt yoldan çıxmalı idi. Əks təqdirdə sarsaq bir güllənin qurbanı olacaqdı. Odur ki, maşını dərəaşağı üzümlüyə saldı. Üzüaşağı ləngərləyə-ləngərləyə, torpağa dəyə-dəyə gedən maşın vurub çəpəri dağıtdı. Torpaq yolda təbii ki, hərəkət daha da çətin idi. Bir neçə yerdə maşının mühərriki söndü. O an- əcəlim yetdi, amma bunların əlində ölmək istəmirəm. Bircə qranatım olaydı, özümü bu maşın qarışıq partladaydım ‐dedi. Hər mühərrik sönəndə bunu düşündü və hər birində də “son dəfə” deyərək açarı təkrar burduqda maşın işə düşmüşdü. Demək ki, hələ əcəl zamanı deyilmiş. İndi məqam, macal zamanı idi. Əzilmiş, dəlik-deşik olmuş maşın yoncalıqla şütüyürdü, lakin əsas magistral yola çıxa bilmirdi. Səbəb isə yoncalıqdakı böyük boru kəməri idi. Nəhayət uzun-uzadı yol qət etdikdən sonra birtəhər əsas yola çıxa bildi. Maşını gedə biləcəyi qədər sürətlə sürürdü. Qarşıda kənd görünürdü. Əhmədbəyli kəndi idi. Ürəyi uçunurdu. Həm sevinirdi, həm də kədərlənir, narahat olurdu. Sevinirdi ki, azadlığa qovuşur, kədərlənməyinin səbəbi isə birdən yenə ermənilərin əlinə düşə biləcəyi idi. Yaraları bərk ağrıyırdı. Həyəcandan dolayı ağrılarını hiss etməmişdi. İndi isə canın əzablı ağrısını duyurdu. Əhmədbəylinin girişində maşın yenidən söndü. Qurtulmuşdumu, yoxsa yenidən qarşıda məşəqqətli əsirlik onu gözləyirdimi, bilmirdi?! Qəhər və göz yaşı onu boğurdu. Bütün vücudu titrəyirdi. Qarşıda xeyli adam toplanmışdı. Dinməzcə maşından endi. Bunların düşmən ya da bizimkilər olduğunu bilmirdi. Ona görə irəlidə dayanmış gənc oğlanı işarə ilə yanına çağırdı. Başı ilə salam verdi. Gənc azərbaycan dilində ,-nə lazımdır, qardaş?- deyəndə elə bil Rafiqə dünyanı bağışladılar. Özümüzünkülər idi. Sevinci yerə-göyə sığmırdı. Başına gələnləri gəncə danışıb yaralı olduğunu söylədi. -Qardaş, məni xəstəxanaya çatdır”, -dedi.

Birtəhər maşını işə sala bildilər. 3-4 km getmişdilər ki, onları Hərbi Polis saxladı. Əmr etdi ki, geriyə qayıtsın. Rafiq mat-mat bu adama baxırdı. Ona 11 gün erməni əsirliyində olduğunu, ağır yaralı olduğunu, onlardan bu maşını qaçırdığını söylədi. Lakin faydası yox idi. Adam havalı kimi ayaqlarını yerə döyüb geriyə qayıtmasını əmr edirdi. Əlacı kəsilən Rafiq yanındakı gənci maşından endirdi. Oğlan da polisə yaxınlaşıb bu adamın yaralı olduğunu söyləsə də bir xeyri olmadı. Acığından qeyzlənmiş Rafiq ayağını qaza basdı. “Qəhrəman polis” avtomatdan atəş açmağa başladı. Güllə qoluna dəymişdi. Qolu dirsəkdən qırılmışdı. Başı fırlanır, gözləri tor görürdü. Taqəti qalmamışdı, daha maşını da idarə edə bilmirdi. Bayaqkı polis maşına yaxınlaşdı. Qapını açıb onu sürüyərək yerə salıb təpikləməyə başladı. Rafiq ona yaralı olduğunu, düşməndən qurtulduğunu desə də ona söz kar eləmirdi. Elə ürəklə Rafiqi təpikləyirdi ki…

Mamed və Səfaya zəng edən Abo Rafiqi və “Niva”nı geri qaytaracaqları təqdirdə onlara xeyli əsir və külli miqdarda pul təklif edirdi. Yarımcan olduğu halda onu və adamlarını aldadaraq zaman qazanmış, məxfi materiallar, sənədlər, döyüş planları və içindəki diplomatda xeyli ABŞ dolları olan məşhur “Niva”nı qaçırmağı bacarmış Rafiqi geri qaytarmaq indi Abonun ən böyük arzusu idi. -O uşaq məni aldatdı. Həm də yaralı olduğu halda, bizim əlimizdə ola-ola bizi öz əlində oyuncağa döndərdi”, -deyirdi.

Yerdə yaraları və ağız burnu qan içində çabalayan Rafiq get-gedə huşunu itirirdi. Onu düşmən döyürmüş kimi həvəslə təpikləyən polisə bir daha azərbaycanlı olduğunu söyləyirdi. Daşdan səs çıxırdı amma bu polisdən yox. Yalnızca Rafiqin səsi, bir də aramsız təpik səsləri eşidilirdi. Gözləri hansısa bir mistik qüvvədən imdad istəyirdi. Top kimi ora-bura dığırlanırdı. Elə bu dəm Rafiqin əsgəri olduğu bölüyün komandiri Oqtay göründü. Son anda bütün gücünü toplayıb səsi gəldikcə ,-Oqtay!, ‐deyib qışqırdı. Günlərdir ki, xətrini çox istədiyi itkin əsgərinin səsini eşidən Oqtay irəli şığıyıb polisi kənara atdı. Əyilib Rafiqi qucağına götürüb yaxındakı maşına tərəf yüyürdü. Gözlərini açanda Beyləqanda xəstəxanada olduğunu öyrəndi. Vəziyyəti çox ağır idi. Döyüldüyü zaman yaraları partlamış, ermənilərin soyuq bıçaqla oyduqları yaraları da irinləmiş, infeksiya düşmüşdü. Düşmən hələ də Rafiqin izində idi. Odur ki, Beyləqana Müdafiə Nazirliyinin hərbi helikopteri göndərildi və Rafiq o helikopterlə Badamdara gətirildi. Daha sonra Təcili Tibbi Yardımla Hərbi Hospitala göndərildi. Onu bir neçə saat hospitalın zirzəmisində saxladılar. Yuxarıda palata hazırlatmağa başladılar. Lakin Rafiq o palataya köçürülmədi. İz itirmək məqsədilə onu axşama doğru başqa bir tibb maşını ilə gizlicə Travmatoloji Xəstəxanaya yerləşdirdilər. Kimliyi barədə də açıqlama vermədilər. Müalicə aldığı palatanı isə mülki geyimli iki nəfər qoruyurdu. Rafiqin Azərbaycana gətirdiyi qırmızı “Niva” da olan mühüm sənədlər, məxfi materiallar sayəsində düşmənin bütün məkrli planları alt-üst edildi. Eyni zamanda iki vətən xaini olan Səfa və Mamed də maşındakı videokasetdə olan görüntüləri əsasında istintaqa cəlb olunaraq həbs edildilər…

İllər müəyyən acıları, dərdləri unutdursa da Rafiqin Vətən həsrətini unutdura bilmədi.

Tez-tez mərhum Xalq şairi Məmməd Arazın bu misralarını xatırlayır:

Qərib ürəyində bir söz uyuyur,-

Vətən unudulmur, Vətən unutmur!

Bəli, o, öz Vətənində dogma elinə-obasına, ata yurduna qərib idi. O, Vətəndə xəyanətkarların, nadanların və qəsbkarların ikibaşlı oyununda qürbət yaşayanlardan idi. 2016-cı il Aprel döyüşlərində könüllü olaraq Hərbi Komisarlığa yollansa da ümumi səfərbərlik olmadığına görə onu döyüşə aparmamışdılar.Lakin Rfiq ümidini üzməyənlərdəndir. İçindəki Vətən sevgisi, ruhundakı əzmkarlıq, mübarizlik, əsgər rəşadəti və inancı mütləq döyüş əmrinin veriləcəyinə, zəfər gününün gələcəyinə inam yaradırdı. O heç zaman ümidsiz olmamışdı.

27.09.2020 cil il. Ali Baş Komandanın əmri ilə düşmən üzərinə əks-həmlə əməliyyatına başlandı. Bu İkinci Qarabağ Savaşının başlanması əmri idi. Müzəffər Azərbaycan Ordusu döyüş əməliyyatlarının başlandığı ilk gündən uğura imza atmış oldu. Eyni gündə ard-arda bir neçə kəndin işğaldan azad edilməsi orduda və əhali arasında böyük ruh yüksəkliyi yaratmışdı. Son otuz ildə ilk dəfə idi ki Azərbaycan xalqı bu cür mükəmməl birlik və əzmkarlıq nümayiş etdirirdi. Bütün zümrədən olan insanlar eyni amal uğrunda təkcə can verməyə deyil, eyni zamanda can almağa da hazır idi. Bütünlükdə ölkədə insanlar dəstə-dəstə yüksək coşqu ilə Hərbi Komissarlıqlara üz tuturdu. Hamının üzündə intiqam hissi ,inam və qətiyyət hakim idi. Hərbi  Komissarlığın qarşısında dolu bədənli, hündürboy bir kişi ilə yanaşı qala bürcü kimi mətin bir gənc də dayanmışdı. Hər ikisi sevincli idi. Qarabağ əlili olan ata qürur hissi ilə öz övladını döyüşə yola salırdı. O səriştəsizliyin, erməni hiyləgərliyinin, təklənməyin, silah-sursat çatışmazlığının, xəyanətin nəticəsində iyirmi yeddi il əvvəlki ağrısını ürəyində çəksə də bu gün qürur hissi ilə yola saldığı oğlunun müzəffər ordunun əsgəri kimi qalib olaraq geriyə dönəcəyinə inanırdı. Rafiqin qəlbindəki inam közərtisi artıq alova almış böyük bir tonqala çevrilmişdi.

Gözləri televizorun ekranına zillənmişdi. Bir xəbəri belə qaçırmazdı. Qəfil telefon zəngi onu diksindirdi. Belə vəziyyətdə tanımadığı nömrədən gələn zəng insanı daha çox həyəcanlandırır. Özünə toxtaxlıq verib cavab düyməsinə toxundu və o an eşitdiyi səs bütün həyəcanına son qoydu.

”Gözün aydın. Füzuli azad edildi!”

Qulaqları küyüldəyirdi. Az qala yıxılacaqdı. Bir anlıq yuxu gördüyünü zənn etdi. Bu şəhər onun həyatında ömrünün sonuna qədər unuda bilməyəcəyi ağrılı-acılı xatirələrlə, ölüm qorxusu kimi kabusla dolu idi. Bu şəhər onun azadlıqdan məhbusluğa, məhbəsdən azadlığa qovuşduğu şəhər idi. Bu azad olunan şəhər onun yer üzündəki əzablarının başlandığı şəhər idi. Bu azad olunan şəhər onun və dostlarının qanı səpələnən şəhər idi. Bu azad olunan şəhər düşmənin ən güclü və keçilməz istehkamlar qurub arxayin oturduğu şəhər idi. Bu azad olunan şəhər Azərbaycan Ordusunun qarşısında keçilməz sərhəd, aşılmaz sədd olmadığının bariz nümunəsi idi. Bu azad olunan şəhər şanlı qələbənin ilk müjdəsi idi. Birtəhər özünü toplayıb ” Çox sağ ol, şad xəbər olasan! “-dedi.

Televizora bax! İndi cənab prezident özü danışacaq. İntiqamını almaqda davam edirik. Özünüzə yaxşı baxın.

Biz yaxşıyıq əziz oğlum, əsas sizsiniz. Uca Yaradan sizi qorusun! İrəli qartallar! Qollarınıza qüvvət. Kaş məni də aparaydılar-deyib üzünü divardakı şəklə sarı çevirdi.

Axşam idi. İçində xoş duyğular baş qaldırmışdı. Nəsə yaxşı bir xəbər alacağnı hiss edirdi. Saat 23 00 göstərirdi. Nədənsə gözü telefonun qaralmış ekranına zillənib qalmışdı. Yenə zəng gəldi. Bu dəfə əminliklə -alo –dedi

-Salam, ata! Səni ata yurdundan-Qubadlıdan salamlayıram. Qubadlı işğaldan azad edildi!

Nə danışdığı necə sağollaşdığını xatırlamadı. Evin ortasında sevincdən həm ağlayır, həm də gülürdü. Danışa bilmirdi, elə bil nitqi yox idi. Nəhayət özünü toplayıb dedi: Şükür səsnə ilahi! Var olsun Azərbaycan əsgəri. Mən qürur duyuram hər birinizlə. İyirmi yeddi ilki məğlubiyyətimizin acısını bu gün övladlarımız bizə unutdurdu. İndi bütün şəhidlərimizin ruhu şaddır. Uğurların bol olsun, Azərbaycan Ordusu!

Ard-arda verilən qələbə xəbərləri onu tamamən dəyişdirmişdi.Dünən onun haqqında veriliş çəkilmişdi. ATV kanalında yayımlandı. Başına gələn müsibətlərdən danışırdı. Amma həmişəkindən fərqli olaraq. Hər danışanda halı pisləşən, o əzabları bir daha yaşayan, yaraları sağalmayan Rafiqin bu dəfəki danışığı başqa idi. Bu dəfə o qalib bir ölkənin vətəndaşı olaraq, müzəffər ordunun qalib əsgərinin atası olaraq qürurla danışırdı. Qalibiyyət insanın ruhunu dəyişir.

(SON)

Fərid MURADZADƏ