Cəhənnəmdən qaçış

291

Novella

Ağrı-acısı çox idi. Bütün əzaları ağrıyırdı. Ələlxüsus uzun qış gecələri onun üçün olduqca məşəqqətli keçirdi. Azacıq gözünə yuxu gedən kimi sanki göz bəbəkləri içəridə şişir, qayğısız uşaqlıq illərində kinoteatrlardakı film göstərilən böyük parçaya dönürdü. Gördüklərinin təsirindən qan-tərə bataraq çabalaya-çabalaya qalırdı. Gecələri kabus görürdü. Elə bil gecələrə sığmayan bu kabus gündüzləri yumşalar, gün işığında sınardı. Gündüzlər bir az fərqli olardı, gecələri isə dəhşətlə başlayar, vəhşətlə artar, zillətlə sonlanardı.

Sadiq Reyhanın da əsir düşdüyünü eşidib dəliyə dönmüşdü. Yaralı olmasına baxmayaraq əsir qız-gəlinlər və sevdiyi qız üçün geriyə qayıtmışdı. Bu yerləri beş barmağı kimi tanıyırdı. Kəndin kənarı ilə hərəkət edərək qarşıdakı təpənin üstündəki iri sal daşın arxasında daldanaraq əsirlərin toplandığı dərəni müşahidə edirdi. Gözləri dörd olmuşdu. Reyhanı axtarırdı. Əsirlərin içində tanımadığı adamlar da vardı. Təxminən 20-yə qədər əsir vardı. Düşmənlər gənc qadınları və uşaqları bir tərəfə ayırdıqdan sonra qalan yaşlı və gənc kişiləri gözdən keçirməyə başladılar. Sağlam görünən gənc kişiləri də digər tərəfə ayırdılar. 5-6 qoca vardı. Onları isə güllələrə “qonaq” etdilər. Bu mənzərəni görən Sadiq dözə bilməyib tətiyi çəkdi. Tapançasında 2 gülləsi vardı. Avtomatda isə güllə yox idi. Bu iki güllənin birini özünə, digərini isə….

-Təslim ol.

Səs tanış gəlirdi. Təpədən aşağı enməyə başladı.

-Ara, Sadıx sənsən?!

Edik idi. Axşama kimi azərbaycanlıların qapılarında sülənən usta Edik. Bu şərəfsiz buranın adamlarını çox yaxşı tanıyırdı. Edik çəpəki Reyhanı gözaltı süzən Sadiqə baxıb bic-bic qımışdı:

‐Həəə, deməli sevgilinin dalınca gəlib özünü oda atmısan. Səməd müəllimin qızı da çox gözəldir ha! Ağzının dadını bilirsənmiş. Amma biz də ağzımızın dadını bilirik. O, sənə qismət olmayacaq. Çənəsinin altından dəyən yumruq Ediki yerə sərdi. Ermənilərin bir anlıq süst qalmasından istifadə edən Sadiq Ediki yerdən qaldırıb blçağı boğazına dayadı. Komandirlərinin ələ keçdiyini görən ermənilər nə edəcəklərini bilmirdilər.

-İtlərinə de ki, əsirləri buraxsınlar.

-Axmaq, tutaq ki, onları buraxdılar, hara gedəcəklər? Xüsusən də qadınlar nə edə bilərlər? Bəlkə qanadları var, ən azı 1km məsafəni uçmaq üçün?

-Şərəfsiz, sənə dediyimi elə.

Arxayın-arxayın hırıldayan təcrübəli Edik adamlarına göz vuraraq əsirləri buraxmağı əmr etdi.

-Hə, qəhrəman. İndi sən də məni burax. Sizinkilər demişkən “olaq əvəz əvəz”, ‐deyib hırıldamağa başladı.

-Ay axmaq dığa, kim dedi ki, mən səni buraxacağam?

-Nəəə? Necə yəni?

– O məsum insanlar o tərəfə keçənə qədər sən mənim əsirimsən.

Onları sezdirmədən üzük qaşı kimi mühasirəyə alırdılar. Bunu hiss edən Sadiq Ediki çəkə-çəkə kürəyini köhnə dəyirmanın divarına söykədi. İndi ən azından arxadan hücumü məhdudlaşdırmışdı. O, tezliklə ermənilərin Ediki azad edəcəyini bilirdi. Sadəcə zaman qazanmaq istəyirdi. Bircə əsirlər o taya tez keçsəydilər deyə, -ürəyində dua edirdi. Birdən-birə ürpəndi. Sanki bir cüt göz ona zillənmişdi. Qarşıdakı alçaq təpənin üstündəki ağacın arxasından sevgiylə, mərhəmətlə dolu bir cüt göz ona baxırdı. Üşəndi və elə o an elə bil içində nəsə qırıldı. İlahi! O, idi.. getməmişdi. Dəli olmaq həddinə çatırdı. Axı niyə?! Nə üçün getməmişdi?

Reyhanın qəlbi, sevgisi Sadiqi düşmən əlində qoyub getmək istəməmişdi. Başına gələcək fəlakəti təsvir edirdi. Ona görə də yoldan tapdığı əsgər bıçağını əlində möhkəm tutmuşdu. Əsir düşməmək üçün özünü öldürəcəkdi, amma Sadiqi burada qoyub getməyəcək, onsuz yaşamayacaqdı. Birlikdə öləcəkdilər. Bu dünyada cismən deyil, o dünyada ruhən qovuşacaqdılar. Düşmən əsgərləri Reyhanı görmüşdülər. Sevinə-sevinə ona tərəf yüyürürdülər. Reyhan var gücü ilə “bağışla, Sadiq!”- deyib blçağı düz ürəyinə sapladı.

O an Sadiqin bütün damarları gərildi. Öləcəkdi, amma əvvəlcə illər uzunu azərbaycanlıların çörəyini yeyib, indi isə namuslarına göz dikən bu donuzu öldürəcəkdi.

-Nə oldu, qəhrəman. Sevgilin deyəsən bizi istədi. Ha, ha, ha.

Qəfil gülüşü xırıltıya çevrildi. Qulağının dibini dəlib boğazından çıxan əsgər bıçağı Edikin iyrənc gülüşünü yarımçıq kəsdi. Güllələr Sadiqin söykəndiyi dəyirmanın divarını al-qana boyadı.

Qaranlıq bir otağa salınmışdı. Hər tərəf üfunət iyi verirdi. Çəkmələrinə dolmuş qan laxtalanmışdı. Ayaq üstündə durmağa taqəti yox idi. Bütün bədəni ağrıyırdı. Həm güllə və qəlpə yaraları, həm də əsir düşdüyü bir-neçə saatdan bəri döyülməsi onu tamam gücdən salmışdı. Döyülməkdən üz-gözü şişib tanınmaz hala düşmüşdü. Bir-iki saat qaranlıq otaqda beton döşəmənin üstündə uzalı qaldı. Çığırtı, yalvarış, yumruq-təpik və söyüşlər eşidilirdi. Əsirlərə işgəncə verirdilər. Türkürpədici qadın fəryadı və ermənilərin vəhşi, ehtiraslı, ikrah dolu gülüşləri adamı dəli edirdi. Canı ilə əlləşsə də bu an döyülüb-söyülən, namusu tapdanan, dəhşətli işgəncələrə tab edə bilməyən azərbaycanlılara kömək etmək keçirdi ürəyindən. Öz-özünə, ‐kaş bir avtomatım, bir-iki daraq da gülləm olaydı,- deyirdi.

Zəfəri qeyd edən ermənilərin səsi ona əməllicə qıcıq verirdi. Bir az keçmişdi ki, onun olduğu otağın qapısına vurulmuş qıfıl şaqqıldamağa başladı. Demək indi onun növbəsi idi. Qapı açıldı. O, bu qaranlıq otaqda heç nə görməsə də artıq bu qaranlığa alışmışdı. İndi birdən-birə üzünə tutulan əl fənərinin güclü işığının təsirindən gözləri tutulmuşdu. Həyətə çıxsa da heç nəyi görə bilmirdi. Onu sürüyərək komandirin otağına gətirdilər. Otaqda erməni komandirdən başqa daha iki nəfər yüksək rütbəli zabit də vardı. Ayaqüstə güclə dayanmış Rafiqi sorğu-suala tutdular. İsrarla Kürmahmudluda baş verən hadisəni danışmağı tələb edirdilər…

Kürmahmudluda olarkən evləri qarət edən təxminən 16-17 yaşlı bir yeniyetmə görmüşdülər. Əynində bahalı dəri gödəkcə, tünd rəngdə cins şalvar, ayağında idman üslublu ayaqqabı, belində xüsusi işləməli naqan tapança olan bu yeniyetmənin sıravi bir erməni ailəsindən olmadığı bəlli idi. Olduqca sərbəst hərəkət edir, əmrlər verirdi. Uşaq işğal edilmiş Azərbaycan torpağında rəsmən soyğunçuluqla məşğul idi. Ermənilər talanla məşğul idilər deyə, 3-4 nəfər azırbaycanlı əsgəri fərq edə bilməmişdilər. Yeniyetməni görən əsgərlərimiz ona dayanmağı əmr etdilər. O, isə heç kimə məhəl qoymadan sərbəst şəkildə əlini belindəki naqana atdı. Lakin Rafiqgilin açdığı atəş onun həyatına son qoydu. Döyüşdən sonra isə meyit yoxa çıxmışdı. (Bunu Rafiq əsir olanda bilmişdi)… İndi ayaq üstə durmağa halı olmadığı bir vaxtda ermənilər ondan bu uşağı soruşurdular. Əsir düşəndə azərbaycan dilində bir erməni əsgəri ondan erməni dilini bilib bilmədiyini soruşmuş, o, isə yox cavabını vermişdi. Və indi o vaxtkı uzaqgörənliyi onun xeyli dadına çatırdı. Rafiq ermənilərin danışdıqlarını yaddaşına köçürürdü.

Təkrar bir daha uşaq barəsində soruşdular. Rafiq uşağı gördüyünü və onu kəndə gəlmiş bir “QAZ-24” markalı maşına qoyulub Beyləqana aparıldığını dedi. Ondan uşağın tutulduğu yeri göstərə bilərsən, ‐deyə soruşanda,-,bəli -deyə cavab verdi. Deyəsən danışdıqları ermənilərə inandırıcı gəlmişdi. Komandir Rafiqin halının pis olduğunu dedi və əlavə etdi ki, onu xəstəxanaya aparsınlar. Gecəyarı Rafiqi Xocavənddəki xəstəxanaya apardılar. Şalvarını dizdən kəsib soyuq bıçaqla yarasını o yan-bu yana eşələməyə başladılar. Dözülməz idi. Ağrının təsirindən -Ana, -deyib qışqıranda vururdular. Allah, ‐deyəndə isə yumruq-təpiklər işə düşürdü. Ağrının təsirindən düyünlənib sıxılmış barmaqlarındakı dırnaqlar ətinə işləmişdi. Ağrı-acı, məşəqqət, təhqir, işgəncə, çarəsizlik, ümidsizlik Rafiqi əldən salmışdı. Yarasını qəsdən qurdalaya-qurdalaya ona əzab verənlər nəhayət ki, çirkli bir əski ilə yaranı bağladılar. Səhər açılan kimi uşaqdan böyüyə bütün ermənilər palataya doluşub onun üzünə tüpürməyə, yaralı ayağına və üz-gözünə vurmağa başladılar. Uşağın yerini dəqiqləşdirib onu geri alana qədər Rafiqi sağ saxlamaq niyyətində idilər. Ona görə xəstəxanada mülki ermənilərin hiddətlənib onu öldürəcəklərindən ehtiyat edərək Rafiqi məhbəsə bənzər bir yerə gətirdilər. Burada ondan başqa daha yeddi nəfər əsir də vardı. Əsirlərlə qeyri-insani rəftar edirdilər. Lökbatandan olan Şəmil adlı gənc ağır yaralı idi. Hər iki qolu və sifəti yanmışdı. Onun fəryadı adamın ürəyini deşirdi. Rafiqi İki gün də burda saxladılar. Ermənilər hər vəchlə uşağın yerini öyrənmək istəyirdilər. Hətta görüntü olaraq Rafiqin ayağını rentgen etdirmiş, gipsə də qoydurmuşdular. Məşəqqətlə dolu bir neçə gün də keçdi. Onu yenə sorğu-suala tutmuşdular. Rafiq isə əvvəlcə dediklərinin üstündə durmuşdu və bu eyni ifadə düşməni inandırmağa başlamışdı. Kimsənin dediklərini başa düşmədiyindən dolayı arxayın-arxayın öz dillərində danışırdılar. Əllərində yüzlərlə əsir azərbaycanlıların siyahısı vardı. Onlar hətta bütün əsirləri bu uşaqla dəyişməyə belə razı idilər. Rafiqi 3-4 saat orada saxladılar. O, bu zaman ərzində ,,Yapon” və Mamed adlı meyitdəyişənin insanlıq, azərbaycanlılıq sifətini itirib ermənilərlə əlbir işlədiklərini də öyrənə bilmişdi. Uzun-uzadı danışan ermənilər yekunda azərbaycan dilində Rafiqə dedilər ki, səni Kürmahmudluya aparacağıq. Əgər o uşaq ölü tapılsa səni də elə oradaca doğrayacağıq. Sonra onu saxladıqları yerə göndərdilər. Hətta həmin gün uzanıb istirahət etmək üçün yer də ayırdılar. Gecəyarısı bir həkim gəldi. Bir xeyli onu süzüb iynə vurmalı olduğunu söylədi. Onun məkrli bir niyyətlə gəldiyini anlamışdı. Şprisi adi su ilə doldurub Rafiqin bədəninə yeritdilər. Qolları şişmişdi. Həkim gedən kimi Rafiq dərisini sıxıb suyunu çıxardı…

Səfa çoxdan idi ki, ermənilərlə əlbirlik edirdi. Üzdə tabor komandiri kimi olsa da əslində o, öz kökünə, elinə, millətinə dönük çıxmış vətən xaini idi. Son vaxtlar Səfa meyit dəyişməyi əsl biznesə çevirmişdi. Hətta bu iyrənc əməllərinə özü kimi nadan birisi olan Mamedi də ortaq etmişdi. Şərəf və mənliyini itirmiş ortaqlar əsir azərbaycanlıları erməni əsirləri ilə pul müqabilində dəyişirdilər. Əsirlərin ailələri, qohum-əqrabaları olan qalan pullarını toplayıb bunlara verərək ümidlə, həyəcanla əsirlikdə olan əzizlərinin gələcəyi günü həsrətlə gözləyirdilər. Rafiqin böyük qardaşı da bunlarla əlaqə saxlamışdı. Sentyabrda görüşüb deyilən məbləği Səfaya çatdıracaq, bunun müqabilində isə Səfanın “səyi” nəticəsində Rafiq azad olunub ailəsinə təhvil veriləcəkdi.

Gecəyarı dəstəyi qaldıran əsgər əsə-əsə qapını döydü.

-Gəl!, -deyə amiranə əmr verildi. Əsgər içəri girib Səfanın onunla danışmaq istədiyini bildirdi.

-Eşidirəm!

-Daha bir yem də var. Sənə ad familiyasını deyəcəyəm. Araşdır gör əsirlərinizin içərisində belə birisi var? Yaxşı da pul oxumuşam. Dəqiqləşdir, sağdırsa bəlkə bir az da stavkanı qaldıra bilərəm. Son dəfə Kürmahmudluda olub. Bizim sizə ötürdüyümüz qırılan rotanın əsgəridir.

Quru bir cavab verildi:

-Sabah əlaqə saxlayacağam!

Dəstəyi asıb öz-özünə deyindi, -mən ölüm bu köpəyoğlu dığaya bax e! İşin əziyyətini çəkən mən, ən çox xeyir görən isə bu əclaf! Danışığına bir bax bunun!

Beş dəqiqə sonra Səfaya ermənilər tərəfdən birisinin onunla danışmaq istədiyini dedilər. Hə, alçaq. Nə işin düşüb mənə, -deyə dodaqaltı mızıldandı və birdən nə düşündüsə də üzünü sağ əli olan Mamedə tutub dedi:

-Mamed, başım ağrıyır, kefim yoxdur. Onunla sən danış. Həm də səninlə arası daha yaxşıdır.

– Oldu, ‐deyib Mamed otaqdan çıxdı.

-Sən uşağın adını və əlamətlərini de. Mən burda dəqiqləşdirəcəyəm. Hə, bir də dəqiq Kürmahmudluda tutulub? Kim deyir? Oldu. Araşdırıb sabah mütləq sənə cavab verəcəyəm. Utanmadan, arsızcasına bu xain düşmənə gecən xeyrə qalsın da dedi.

Səhər Rafiqin qaldığı otağa 3 nəfər erməni daxil oldu. Onlardan ucaboy, dolu bədənli birisi daha çox fərqlənirdi. Ona Abo, bəzən də Edik deyirdilər. O biri iki nəfər onun yanında quyruq bulayanlar idi. Demək bu Abo-Edik kimdisə bunların içində ən hörmətlisi odur. Yəqin komandirləridir bu şərəfsizlərin, -deyə özündə onu belə təsvir etdi. Abo göstəriş verən kimi onu qollarını arxadan burub çölə çıxardılar. Həyətdə qırmızı rəngdə bir “Niva” markalı avtomobil dayanmışdı. Rafiqi döyə-döyə maşına tərəf aparırdılar. Dığalardan biri o birinə deyirdi:

‐Ara, torkun quloxen yesi kara kar! (Türkün başına bax e, daşdı, daş.)

Sonra Rafiqin başına bir-iki yumruq da vurub ucadan gülməyə başladılar.

(Sonu növbəti sayımızda)

Fərid MURADZADƏ