Cəhənnəmdən qaçış

216

Ağrı-acısı çox idi. Bütün əzaları ağrıyırdı. Ələlxüsus uzun qış gecələri onun üçün olduqca məşəqqətli keçirdi. Azacıq gözünə yuxu gedən kimi sanki göz bəbəkləri içəridə şişir, qayğısız uşaqlıq illərində kinoteatrlardakı film göstərilən böyük parçaya dönürdü. Gördüklərinin təsirindən qan-tərə bataraq çabalaya-çabalaya qalırdı. Gecələri kabus görürdü. Elə bil gecələrə sığmayan bu kabus gündüzləri yumşalar, gün işığında sınardı. Gündüzlər bir az fərqli olardı, gecələri isə dəhşətlə başlayar, vəhşətlə artar, zillətlə sonlanardı.

Rza Ağdərə əməliyyatlarında da yaxından iştirak etmişdi. Tez-tez Rafiq ona o vaxtkı əməliyyat planları barədə suallar verərdi. Məğlubiyyət səbəblərini özlüyündə araşdırardı. Onun bu qədər həvəskar olması Rzanı çox sevindirərdi. Mümkün qədər Rafiqi məlumatlandırardı. Rusların erməniləri bu qədər dəstəkləməsi Rafiqin nifrətini daha da alovlandırırdı. Qan qoxulu, barıt qoxulu, isti, bürkülü yay gecəsi idi. Erməni qəsbkarları tərəfindən işğal edilmiş barlı-bərəkətli torpaqlara baxdıqca özünə hakim ola bilmir, hirsindən ürəyi şiddətlə döyünür, damarlarında qan sürətlə vururdu. O, hələ tam mənası ilə bu müəmmanı çözə bilmirdi. Döyüş təcrübəsi olsa da siyasətdən anlayışsız idi. Hələ 18 yaşı vardı, bir dəliqanlı kimi meydanlarda qəhrəmanlıq etmək istəyirdi. Ancaq siyasi meydanlarda nəyin necə dolandığını bilmirdi. Komandirlərindən biri demişdi ki, siyasət pambıqla baş kəsmək kimi bir şeydir. Siyasət tam mədəni formada bir oğurluqdur, əyrilikdir. Siyasət, sülh sözünün arxasında qanlı müharibələrin hazırlandığı planları mədəni şəkildə ört-basdır etməkdir. Tam anlamasa da indi gecənin qaranlığında bunu özü üçün təhlil etməyə çalışırdı. O, bu müəmmalı siyasi oyunun nə olduğunu anlamaq istəyirdi. Məsələn, bir neçə gün ərzindəki döyüşlərdə gördükləri onda fərqli təəssürat yaratmışdı ki, o, indiyə qədər bunu belə fərq etməmişdi. Ancaq bu günlərdə düşmənlə döyüşlərdə görüb müşahidə etdikləri artıq onda nəsə müəyyən şübhələr yaratmışdı. Axı necə olur ki, az bir qüvvə və daha zəif texnika ilə qələbə qazanırıq, amma daha çox texnika və canlı qüvvəyə malik olan digər qoşun birləşmələri məğlub olur? Orda da döyüşən Azərbaycan əsgəridir, burda da. Söz-söhbət gəzir ki, bizi burdan geri çəkəcəklər. Niyə?! Nə səbəbə? Axı biz geri çəkilsək burada kiçik bir qüvvə qalacaq və bu da ermənilərin yeni qələbəsinin və ərazilərimizin bir az da itirilməsinin əsas səbəbi olacaq! Niyə bizə belə əmr gəlir? Məgər mənim; -18 yaşlı sıravi bir əsgərin düşündüklərini yuxarılar düşünə bilmir? İlahi, özün kömək ol! Bu nə qədər çətin işdir. Artıq səhər açılmaq üzrə idi. Yorğunluğuna baxmayaraq yüngülvari idman hərəkətləri etməyə başladı. Sonra buz kimi soyuq su ilə əl-üzünü yuyub sərinlədi. Köhnə qəbiristanlığın yanı ilə qarşıda növbə çəkən əsgəri dəyişməyə gedirdi. Qəbiristanda indiyə qədər fərqində olmadığı bir sükunət, qəmginlik vardı. Qəlpələrdən parçalanmış qəbir daşları elə bil başı kəsilmiş insanlar idi. Bəzi qəbirlərin sinədaşının ətrafında Qrad mərmilərindən əmələ gəlmiş dərin, xəndək kimi iri çalalar vardı. Elə bil bu çalalar qurbanını gözləyən məzar idi. Bu vurhavurda sanki ölüm saçan mərmilər bunları kimlər üçünsə qazıb hazır qəbir yerinə çevirmişdilər. Yolu qısa olsun deyə elə qəbristanlığın içindən keçdi. Tozlu, torpaqlı kənd yolunda birdən birə mühərrik uğultusu və yüksək sürət nəticəsində əmələ gəlmiş toz burulğanının içindən qəfil 2 maşın çıxıb sürətlə onun yanından keçdi. Bu nə idi?- deyərək irəli atıldı. Çağırsa da səsini eşidən olmadı. Növbədə olan əsgərə -“Qaç, komandirə de ki, bizimkilər yanlış istiqamətə getdilər. Qarşıda erməni dəstələri var. Tez ol!”, -demişdi ki, gurultu qopdu. Qışqırıq, imdad, fəryad səsləri ərşə qalxmışdı. Köməyə getmək istədilər, lakin yaxşı silahlanmış, əlverişli mövqedə qərar tutmuş, sayca da üstün olan azğın düşmən onlara 10 metr belə irəliləməyə imkan vermədi. Güllələr, artilleriya mərmiləri yağış kimi səpələnirdi. Bir addım belə atmaq real ölüm demək idi. “Quşçuluğu” ələ keçirə bilmədiyinə görə qəzəbli olan düşmən tərəfi müharibə qanunlarına belə əməl etmədilər. Onlar bilmədən azıb düşmənin nəzarət etdiyi bölgəyə keçən 3 əsgər və bir gizirin nəşini döyüş meydanından götürməyə belə razılaşmadılar. Yenə gözü Qrad çalalarına sataşdı. Demək bu təbii qəbirlər irəlidə öldürülən o 4 nəfərə qismət deyilmiş. Yaşlılar deyirdilər ki, kiminə heç məzar da qismət olmur. O bədbəxtlərə də məzar qismət olmadı. Məzar bir kənara, heç meyitlərini belə götürə bilmədik. Dəhşətlidir. Get-gedə gördükləri ona daha pis təsir edirdi. İndiyə qədər yalnız qələbə barədə, qisas barədə düşünmüşdü. Ancaq bura gələndən bəri o, Azərbaycana qarşı müxtəlif səviyyədə aparılan hansısa əsrarlı, məkrli planların, xəyanətin, vicdansızlığın baş verdiyini hiss etməyə başlamışdı. Vətənin ağır günündə Vətən torpağının üstündə qara daş olacaq, üz qarası olacaq azərbaycanlıların varlığı, satqınlığı onun qəlbini sızıldadırdı. Kaş ki, bircəciyini də olsa tutam. Dərisinə düz dolduraram elə şərəfsizlərin. Anlaşılmaz bir hiss onu bürümüşdü. Nə olduğunu bilmirdi, amma nəsə vardı…

Avqustun 23-də daha bir ürəkağrıdıcı məlumat verildi, -Füzuli işğal olundu!

Komandir bütün şəxsi heyəti toplayıb dedi:

-Yuxarı komandanlığın əmridir, biz Füzuliyə köməyə gedəcəyik, buradan çəkilirik!

Rafiq anlaya bilmirdi ki, niyə geri çəkilməlidirlər? Niyə buranı tərk edirlər? Axı indi Ağdamın daha çox müdafiəyə ehtiyacı var. Hansısa sehrli-sirli bir məqam var. Axı nə səbəbə bizi burdan uzaqlaşdırırlar?

Sanki qəsdən mövqelərimizi zəiflədirlər.

Hazırlaşıb yola düzəldilər. Füzuliyə doğru hərəkət edirdilər. Hava bürkülü idi. Adamın canı sıxılırdı. Yollar ona min kilometrlərlə məsafə kimi görünürdü. Yolun sonu bilinmirdi. Qarşıda onları nələr gözləyirdi? Heç olmasa əraziləri döyüşüb geri qaytaraq, -deyə özlüyündə düşünürdü. Kaş ki, burada qalib olaq. Kaş ki, burada məkrli oyun olmasın. Axşama doğru Füzuliyə çatdılar. Kürmahmudlu və Alxanlı arasında istehkam qurub mövqe tutdular. Onlardan yuxarıda ,,Yapon” ləqəbli Səfanın dəstəsi mövqe tutmuşdu.

Səhərə yaxın ermənilər güclü hücuma keçdilər. Qüvvələr qeyri-bərabər idi. Düşmən tərəfi daha yaxşı silahlanmış və müştərək hərəkət edirdi. Az sonra məlum oldu ki  Yapon və başının dəstəsi çoxdan aradan çıxıb. Gərgin döyüş gedirdi. Düşmən hər tərəfdən hücuma keçmişdi. Rafiqgilin rotası tamamilə mühasirəyə düşmüşdü. Mühasirə halqası get-gedə daralırdı. Hər yerdən qan iyi gəlirdi. Bir yandan günəşin istisi, digər yandan isə müxtəlif növ texnikadan, ağır artilleriyadan atılan, iriçaplı silahlardan atılan mərmilərin istisi, suzuzluq əzabı, ürək yanğısı, ölümün bir addımlıqda olması, torpaqların itirilməsi qorxusu, can harayı buranı Cəhənnəmə bənzədirdi. Döyüş meydanı qır qazanı kimi qaynayırdı. Komandir (adı Rövşən idi) kiçik qüvvə ilə olsa da geriyə yolu olmayan döyüş meydanında son nəfəsə qədər dirəniş göstərmək istəyirdi. Onun gözlərində nifrət hissindən başqa heç nə görmək mümkün deyildi. Rafiqlə bərabər daha iki əsgər də ön mövqeni qorumaq üçün yerlərini tutdular. Qızğın və qüvvələrin qeyri-bərabər olduğu döyüşdə ermənilərin bir tankı mövqelərimizi yara bildi. Rafiqgilin bir raket atan qurğularını və Maqsud adlı baş leytenantı da vurdular. Azacıq qüvvə olsalar da az əvvələ qədər birgə vuruşurdular, lakin artıq pərakəndəlik başlamışdı. Əsgərlərin çoxusu gərgin vuruş zamanı aradan çıxmışdılar və bu da öz təsirini daha pis şəkildə göstərmişdi. Mərmi yağışı leysan kimi yağırdı. Hələ özlərindən canlı qüvvə və silah-sursat baxımından qat-qat üstün olan düşmənlə üz-üzə dayanan, sona qədər azərbaycanlılar vardı. Ətraf aləm dərin bir hüzünə bürünmüşdü. Neçə-neçə igid oğullar həyatları ilə vidalaşmışdılar, hələ neçəsi də vidalaşacaqdı. Hər yer qan qoxuyur, hər mərmi ölüm püskürürdü. Avtomatların lüləsi qıpırmızı qızarmışdı. Barmaqları dəridən çıxmışdı. Qızğın döyüşdə Borya adlı proporşik Rafiqgilə yaxınlaşaraq irəli getməli olduqlarını bildirdi. Birlikdə daha öndəki mövqeyə getdilər. Düşmən rəsmən 5 addımlıqda idi. erməni tankları xüsusi cəldliklə manevr edirdilər. Qumbaratan Sahib qabaqda harın-harın manevr edib mövqelərimizə bomba yağdıran erməni tankını vurub sıradan çıxardı. Düşmən buna bənd imiş kimi bir andaca çaqqal sürüsü kimi onların üstünə töküldülər. Onların əks hücumları elə gözlənilməz, elə amansız və aramsız oldu ki, başlarını belə qaldıra bilmədilər. Dolu kimi yağan güllələrdən Sahib də, Rafiq də yaralanmış, Borya və digər əsgərlər isə ölmüşdülər. Ağrıdan ilan kimi qıvrıla-qıvrıla çabalayırdılar. Sahibin vəziyyəti lap acınacaqlı idi. Ağrıdan torpaq çeynəyirdi. Qan gölünə dönmüş döyüş meydanında düşmənlə üzbəüz yalnız onlar qalmışdı. Digər Azərbaycan əsgərləri şəhadətə qovuşmuşdular. Artıq avtomatı saxlaya bilmirdi. Xeyli qan itirmişdi. Dəqiq olmasa da bir neçə yerdən yaralandığını bilirdi. İndi bu qanlı meydanda özü kimi ağır yaralı olan Sahibə görə Allaha yalvarırdı. Yalvarırdı ki, heç olmasa düşmən Sahibi görməsin. Birtəhər bir-iki addım zorla irəli süründü. Daha təhəmmülü yox idi. Uzandığı yerdən sağa doğru aşdı və səngərə düşdü. Hələ huşu özündə idi. Ümidsiz halda irəli baxırdı. Elə bu zaman alov dilli əjdaha kimi tüstüləyə-tüstüləyə bir erməni tankı ona sarı gəlməyə başladı. Yanından keçib üzbəüz dayanmış bir BMP 2‐ni vurdu. Aslan adlı çavuş BMP 2-nin içində diri-diri yanıb külə döndü. Onun ürək parçalayan fəryadı illərlə Rafiqin qulaqlarından getməyəcəkdi. BMP‐ni zərərsizləşdirən erməni tankı səngərlərin üstündən keçə-keçə geri qayıdırdı. Tank rəsmən Rafiqin üstündən keçdi. Lakin səngər dərin olduğundan yalnız təkərlərin zənciri onun qollarını azacıq zədələmiş oldu. Düşmənlər artıq onları görmüşdülər. Onlardan cüssəli birisi Rafiqə yaxınlaşıb azərbaycan dilində ona ayağa qalxmasını əmr etdi.

Qalxa bilmirəm, -dedi.

-Sən qudurmusan, axmaq türk!, -deyərək boğazından tutaraq onu sürüyüb asfaltın üstünə çıxardı. İnsafsızcasına yaralı Rafiqi təpikləməyə başladılar. Yaraları elə sancırdı ki… yağış kimi yağan sillə-təpikdən özünü qoruya bilmirdi. Doğrusu heç buna cəhd də etmirdi. Yaralı olduğundan müqavimət göstərəcək durumda deyildi. Ard-arda vurulan yumruq-təpikdən üz-gözü al qana boyanmışdı. Düşmən əsirlə vəhşi kimi davranırdı. Zəifləmiş yaralı bədəninə dəyən təpiklər onu top kimi ora-bura ata-ata tankın o biri tərəfinə keçirmişdi.Bütün ekipaj üzvləri onu döyürdü. Ağır-ağır nəfəs alırdı. Elə bu dəm tappıltı ilə qarşısına düşən adam diqqətlə ona baxaraq dedi:

-Yaraların çox ağrıyır?!

Səsindəki kinayə açıq-aydın duyulurdu. Rafiq nifrətlə ona baxırdı. O bilirdi ki, qaniçən düşmən onunla əylənmək niyyətindədir. Odur ki, canını dişinə tutub şux durmağa çalışırdı (hərçənd ki, yaralı bədən fizionomiyası buna imkan vermirdi).

-Həə, türk! Dostlarım vəhşilik ediblər, amma mən çox adil adamam. Birdən azad olarsan, ombudsmana ürəkli deyə bilərsən ki, Açıqgözyan məni döyməyib! Mənə elə baxma! Mən səni döyməyəcəyəm, -deyərək qəfildən acgözlüklə sümürdüyü siqaretinə dərin bir tüstü vurub kötüyü onun alnına basdı.Himə bənd imiş kimi digər siqaret çəkən ermənilər də qəhqəhə çəkərək siqaret kötüklərini Rafiqin qollarında, alnında sinəsində söndürməyə başladılar. Elə bil təkcə cismini deyil, ruhunu da yandırırdılar. Cəhənnəm əzabı çəkirdi. Artıq dözə bilmirdi. Öldürülməsi üçün düşmənə ağız açmışdı. Amma… bir az da ona əzab verəndən sonra murdar düşmənlər Rafiqi saman çuvalı kimi götürüb tanka atdılar. Füzulidəki Çaxır Zavodunun yanında dayandılar. Ayaqlarından tutub yerə tulladılar. Az sonra əraziyə yaşıl rəngdə “UAZ” markalı bir maşın yaxınlaşdı. Maşından hündürboy, qıvraq bir adam endi. Bu onların komandiri idi. Rafiqi sürüyərək onun yanına gətirdilər. Komandir onu sınayıcı baxışıarla süzərək başı ilə maşına əyləşdirilməsinə işarə etdi. Əsgərləri təlimatlandıraraq yola düzəldi. Rafiqi yol boyu döyərək ermənilərin Xocavənddəki qərargahlarına gətirdilər. Qarşıda əzablarla dolu günlər vardı…

 

Novella

(Ardı var)

Fərid MURADZADƏ