Cəhənnəmdən qaçış

321

Novella

Ağrı-acısı çox idi. Bütün əzaları ağrıyırdı. Ələlxüsus uzun qış gecələri onun üçün olduqca məşəqqətli keçirdi. Azacıq gözünə yuxu gedən kimi sanki göz bəbəkləri içəridə şişir, qayğısız uşaqlıq illərində kinoteatrlardakı film göstərilən böyük parçaya dönürdü. Gördüklərinin təsirindən qan-tərə bataraq çabalaya-çabalaya qalırdı. Gecələri kabus görürdü. Elə bil gecələrə sığmayan bu kabus gündüzləri yumşalar, gün işığında sınardı. Gündüzlər bir az fərqli olardı, gecələri isə dəhşətlə başlayar, vəhşətlə artar, zillətlə sonlanardı.

Ağappaq gəlinlik libasında xüsusi bəzədilmiş UAZ markalı maşına tərəf addımlayan gəlini görən Rafiqin gözləri önünə anidən Gülnar gəldi. Bir andaca ucsuz-bucaqsız fikirlər dəryasında küləkdən vəcdə gələn yelkən kimi xəyalları lap uzaqlara getdi. Xəyallar elə bil mavi suların üstü ilə əzmlə irəli şütüyən yelkən idi. Dumanlı fikirlərin içindən sıyrılıb cənnət kimi bir diyara düşən, yalnız ikisinin olan bir dünyada qərarlaşan xəyallar, xatirələr indi baş-başa idi. Onlar ürəklərində kök salmış ülvi bir hissi pünhan tuturdular. Rafiq sonu bilinməyən bir yola çıxmışdı. Gülnara hər şeyi ətraflı izah etmişdi. Onun yolunda qan, ölüm, itkinlik və məşəqqət vardı. Rafiq məchul bir yolun yolçusu idi. Qarşıda nələrin baş verəcəyi əsla məlum deyildi. Döyüşçünün ömür yolu dumanlar içindən qəfil dibsiz uçuruma atılmağa bənzəyir. Görə bilmədiyin bir yerdən yalnız irəliyə doğru gedirsən və qəfil nəhayətsiz bir uçrum səni qarşılayır və nəhayətsizliyin sonunda ölüm ağzını ayırıb qurbanını gözləyən əjdaha kimi səni qəbul edərək udur…


C
əhənnəm əzabı

Azərbaycanın dilbər guşələrindən biri olan Ağdam şəhəri iyulun 4-dən etibarən erməni və rus hərbi birləşmələri tərəfindən güclü artilleriya atəşinə tutulmuşdu. Düşmənin artilleriya həmlələri elə güclü olmuşdu ki, məcburən yerli əhali və qoşun bölmələri həmin ərazilərdən kənarlaşdırılmışdı və bu da öz növbəsində düşmənin bu əraziləri ələ keçirib burada möhkəmlənməsinə rahat zəmin yaratmışdı. Amma Ağdamın müəyyən hissələri hələ Azərbaycan Ordusunun nəzarəti altında idi. Azğın düşmən isə havadarlarının maddi, mənəvi, texniki, fiziki dəstəyi sayəsində durmadan daha aktiv şəkildə bombardmanı davam etdirirdi. Qüvvələr qeyri-bərabər idi. Düşmən tərəfi açıqca üstün mövqe nümayiş etdirirdi. Azərbaycan Ordusundakı ruh düşkünlüyü, özbaşınalıq, pərakəndə özünümüdafiə batalyonları, əmrə tabe olmayan müəyyən dəstələr, satqınlıq və s ermənilərin qələbə qazanmasını daha da rahatlaşdırırdı. Hiyləgər düşmən ələ aldığı satqınlar və daxildəki ermənipərəst qüvvələrin təsiri ilə müxtəlif təxribatlar törədir, hücum və müdafiə planlarını gizli şəkildə ələ keçirir və Azərbaycan Ordusunu məğlubiyyətə uğradırdı. Düşmən tərəfin əhali və ordu arasında apardığı təxribatın nəticəsində mülki əhalidə, həmçinin də qoşun növlərində bir inamsızlıq, etibarsızlıq və xüsusi panika yaranmışdı. Əlbəttə bu işdə erməni xüsusi xidmət orqanları ilə yanaşı sapı özümüzdən olan baltaların da “əməyi”|”az deyildi. Tarix günahkarları, riyakarları, əclaf, şərəfsiz və satqınları öz daş yaddaşına əbədi olaraq həkk etmişdi. Tez ya da gec hər kəs öz əməllərinin cəzasını çəkəcək. Ancaq bu günlərdə əzab-əziyyət çəkən geniş mənada bir xalq, dar çərçivədə isə bir bölgə, bir rayon məhrumiyyət içində idi. Cəhənnəm əzabı yaşanırdı. Cənnət Qarabağın dilbər guşələrindən biri olan Ağdam şəhəri erməni vandallarının atdığı ağır artilleriya mərmiləri içərisində sözün əsl mənasında cəhənnəm atəşinə qalanmışdı.
Rafiq Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərovun taborunun əsgəri idi. Səhər tezdən Ağdamın Əfətli kəndinə çatdılar. Burada onlar özbaşına olaraq hərbi hissəni tərk edən bir qrup hərbçilərlə qarşılaşdılar. Əllərində kifayət qədər silah-sursat və texnika olmasına baxmayaraq onlar ərazini tərk etmişdilər. Komandir İlyas İsmayılovun rotası qaçan hərbçilərin qarşısını kəsib onlardan xeyli texnika aldılar. Əldə olunan BMP 2-lər onlara vacib lazım idi. BMP-ləri idarə edəcək yaxşı mexanik-sürücüyə ehtiyac vardı. Təlimlərdə ümumi 11 nəfər bu peşəyə yiyələnmişdi. Lakin bu texnikanı idarə etməyi yalnız onlardan ikisinə həvalə etdilər: -Rafiq və Bakılı Viktora. Buradan irəliyə hücum əmri aldılar. Azğın düşmən geri oturduldu. İndi Azərbaycan əsgəri Quşçuluq və Kökəltmə deyilən ərazilərə tam nəzarət edirdi. İsti adamı qovururdu. Artıq az bir müddətdə hərbi bölmələr döyüş mövqeyində yerləşdirilmişdi. Rafiqgil kökəltmə məntəqəsində mövqe tutmuşdular. Onlardan qabaqda -Quşçuluq ferması deyilən ərazidə isə batalyonun minaatan tağımı yerləşirdi. Rota komandiri İlyas İsmayılov şəxsi heyəti yoxlayır, postları gəzir, tez-tez düşmən tərəfi müşahidə edir və hər şeyi nəzarətdə saxlamağa çalışırdı. Artıq axşam düşmək üzrə idi. Alatoran havada uçan artilleriya mərmiləri göy üzünü işıqlandırırdı. Hər kəsə daha diqqətli və ayıq-sayıq olmaq tapşırılmışdı. Daxil olan rabitə məlumatına görə səhərəyaxın ermənilər Quşçuluqdakı mövqelərimizə güclü həmləyə keçmişdilər. Şiddətli döyüşlər gedirdi. Böyük qüvvə ilə güclü hücuma keçən ermənilər Quşçuluqdakı əsgərlərimizi sıxışdırıb mühasirəyə almışdılar.
Kökəltmədəki cəsur əsgərlərimiz öz cəbhə yoldaşlarına, qardaşlarına, dostlarına köməyə getdilər. Qələbə eşqi ilə mühasirəni daraldıb əsgərlərimizin böyük əksəriyyətini məhv edib, qalanlarını əsir götürmək niyyətində olan ermənilər gözlənilməz müqavimətə rast gəldilər. Arxa tərəfdən əks-hücuma keçən Azərbaycan əsgəri düşməni geri oturtdu. Böyük həvəslə irəli atılan düşmənin ümidləri puç oldu. Lakin müharibənin yazılmamış qaydaları var. Ölüm hər an insanın yanında olur. Əzrayılın kimin sinəsinə çökəcəyi bəlli olmur və həyatda qalmaq, ya da həyatı tərk etmək an məsələsi olur.
Qabil onların ilk şəhidi idi. Hücuma keçən düşmənin BMP-sindən atılan kor güllə onun baş qapağını aparmışdı. Yaxınlıqdakı əsgərlər başı dağımış Qabilin meyitinə yaxınlaşa bilmirdi. Hətta öz doğma bibisi oğlu belə dəhşətli mənzərədən sarsılıb irəli bir addım da ata bilmədi. Rafiqin tağım komandiri Maqsud irəli yeridi. Bu dəm Rafiq də özünü ona çatdırdı. Dəhşətli səhnəni ilk dəfə görənlər özlərini pis hiss edirdilər, amma o, bunları görmüşdü. Rafiq buradakı əsgərlərin hamısından təcrübəli idi. O, yeniyetmə olandan qan-qadanı, yaralını, ölünü öz gözləri ilə görmüş, hətta onları yerdən də qaldırmağa kömək etmişdi. Maqsudla birlikdə başı parçalanmış meyiti qaldırıb BMP-nin üstünə qoydular. Rafiq Qabilin nəşinə baxıb dedi:
‐ Məkanın cənnət olsun, ilk şəhidimiz!
Səssizcə BMP2-ni idarə edirdi. Kənardan baxan onu sadəcə səssiz, sakit, öz işində olan birisi kimi anlayardı. Amma heç də elə deyildi. Üzdən sakit görünən bu gəncin qəlbində vulkan qaynayırdı. Talanmış, bombalanıb viran olmuş ərazilərə baxdıqca ürəyi sıxılırdı. Xocalı faciəsi, Xocalı dəhşəti, erməni vandallığı, erməni vəhşəti gözünün önündə canlandıqca qeyri-ixtiyari olaraq idarə etdiyi bu texnikanı izinsiz birbaşa düşmən üzərinə sürmək keçirdi könlündən. Amma olmazdı. Təkbaşına atacağı bu addım geridə onlarla Azərbaycan əsgərini təhlükə altında qoyardı. Amma qisas hissi onu rahat buraxmırdı. Adi vaxtlarda həddən artıq ürəyiyumşaq olardı, döyüşdə isə əsla! “Düşmənin göz yaşlarına belə inanmaq olmaz”, -deyərdi həmişə. Bunları ona xətrini dünyalar qədər sevdiyi Rza adlı bir kəşfiyyatçı kapitan öyrətmişdi. Rza Qubadlının Mirlər kəndindən idi. Olduqca peşəkar kəşfiyyatçı hesab olunurdu. Rafiqin xətrini çox istədiyindən hər görüşlərində ona peşə sirrlərindən bəhs edər, bilmədiklərini öyrədərdi. Rafiq isə onun dediklərini diqqətlə dinləyər, gözəl mənimsəyərdi. Rza imkanlı bir ailənin yeganə oğul övladıydı. Vətənin dar günündə könüllü olaraq ilk əvvəl könüllü dəstələrdə xidmət etmiş, daha sonra isə Milli Ordu yarananda bacarıqlı, peşəkar kadr kimi orduda xidmətə davam etmişdi. Peşəkar boksçu olan Rza Sovet ordusunda dəniz desantı kimi xidmət etmişdi. Yaxın məsafədə olduqca taktikalı və peşəkar döyüşürdü. Qolları çox qüvvətli olan bu ucaboy, enlikürək, kürən oğlanın kəşfiyyatçılar arasında xüsusi hüsn-rəğbəti vardı. Az vaxt içində o, Rafiqin kumirinə çevrilmişdi. Qarlı bir qış günündə kəşfiyyata getmiş Rza və köməkçisi olan gənc leytenant İlyasov Meğridə (Mehridə) onların izinə düşən iki erməni kəşfiyyatçısını səssizcə zərşrsizləşdirmək üçün kənddə bir evin həyətinə girdilər. Onları qarabaqara təqib edən düşmən əsgərləri də özlərini həyətə saldılar. Rzagil samanlığın arxa tərəfinə keçib bərədə ov gözləyən ovçu kimi daldalandılar. Sevincək özünü irəli atan erməni baş leytenantı İlyasovun uzun qəməsinə tuş gəldi. Düşmənin ağzını tutan gənc leytenant ard-arda 7-8 zərbə daha vurdu. Sevincək irəli şığıması həyatı bahasına başa gələn erməni başı kəsilmiş heyvan kimi çırpınaraq gəbərdi. Rzadan isə səs yox idi. Asta addımlarla irəliləyən İlyasov saman preslərinin arasında uzanan nəhəng erməni kəşfiyyatçısını görəndə bıçağa əl atdı, ancaq qüvvətli bir əl onu tutub saxladı. Geri çevriləndə Rzanı gördü. Rza şəhadət barmağını dodaqlarına sıxıb səssiz olmasına işarə etdi.
– Komandir, buna neyləmisən?
– Sss. Ölüb.
Olanları biləndə İlyasov Rzadakı fiziki gücə məəttəl qaldı. Sən demə Rza gəbərtdiyi yekəpər dığanın sadəcə başını məngənə kimi qollarının arasında sıxıbmış. Təzyiq o qədər güclü olub ki, erməninin baş sümüklərini qırıb, beynini dağıdıb. Bir az da burada gözləmək gərəkdi. Şaxtalı hava insanın qanını dondururdu. Köhnə mərəyin odun damına bitişik hissəsində dayanmışdılar. Buranı daha əlverişli daldalanacaq hesab etmək olardı. Buradan həm evi, həm də ətrafı yaxşı görürdülər. Kənd evinin köhnə qapısı tənbəl-təbbəl açıldı. Alatoranda evdən gənc bir qadın çıxıb ətrafa baxdıqdan sonra düz onlara sarı gəlməyə başladı. Yəqin odun götürmək üçün gəlirdi. Qadın bir az da irəli yerimişdi ki, qəfil dayandı. Onun bütün hərəkətlərini peşəkar kəşfiyyatçı kimi izləyən Rza “tfu” dedi. İşarə ilə İlyasova qadının onları təxmin etdiyini başa saldı. Gənc qadın az əvvəl İlyasovun öldürdüyü erməni zabitinin qarın içinə düşmüş mundirinin qanlı düyməsini görmüşdü. Odur ki, birdən kəskin şəkildə geri dönüb evə sarı yüyürdü. Artıq aşkarlanmışdılar. İndi bu qadının bir kimsəyə xəbər verməsinin qarşısını almalı və buradan mümkün qədər tez uzaqlaşmalı olacaqdılar. Onun ardınca hər ikisi içəri girdilər. İçəridə yük yığılmış çarpayının yanında yumaq kimi büzüşmüş bayaqkı gənc erməni qızı və bir də beşikdən balaca bir uşağı qucağına alıb mat-mat onlara baxan yaşlı bir erməni qadından başqa kimsə yox idi. Uşağı və iki kimsəsiz qadını görən Rza üzünü geri çevirib İlyasova buradan çıxmalı olduqlarını söylədi. Lakin İlyasov komandirinə qarşı çıxdı. Rza isə ona “biz ermənilər kimi köməksiz insanlara və uşaqlara toxunan deyilik”- dedi. İlyasov isə arxasını çevirmədən əli tətikdə geri çəkilməyə başladı. 3-4 addım atmışdılar ki, İlyasovun səsboğucu bağlanmış avtomatı “dilə gəldi”. Qeyzlə geri çevrilən Rza gördüklərinə inanmadı. Sən demə yaşlı erməni qadın azərbaycanlı xislətini yaxşı bildiyi üçün uşağı qarant olaraq qucağına alıbmış. Onlar əmin idilər ki, qadın və uşaqlar olan yerdə azərbaycanlılar artıq hərəkətə yol verməyəcək və geri dönəcəklər. Düşmənə kürəyini çevirən bu iki zabiti isə yükün altında gizlətdiyi avtomatla gənc erməni qadını güllədən keçirəcəkdi. Lakin bu dəfə daş qayaya rast gəldi. Rza, qan içində divara yapışmış əli avtomatlı erməni leşinə nifrətlə baxaraq oradan çıxdı. O gündən Rza hər zaman bütün əsgərlərə döyüşdə, müharibə meydanında hissə qapılmamağı tövsiyyə edərdi.

(Ardı var)

Fərid MURADZADƏ