Cəhənnəmdən qaçış

177

Novella

Ağrı-acısı çox idi. Bütün əzaları ağrıyırdı. Ələlxüsus uzun qış gecələri onun üçün olduqca məşəqqətli keçirdi. Azacıq gözünə yuxu gedən kimi sanki göz bəbəkləri içəridə şişir, qayğısız uşaqlıq illərində kinoteatrlardakı film göstərilən böyük parçaya dönürdü. Gördüklərinin təsirindən qan-tərə bataraq çabalaya-çabalaya qalırdı. Gecələri kabus görürdü. Elə bil gecələrə sığmayan bu kabus gündüzləri yumşalar, gün işığında sınardı. Gündüzlər bir az fərqli olardı, gecələri isə dəhşətlə başlayar, vəhşətlə artar, zillətlə sonlanardı.

(Əvvəli ötən saylarımızda)

Komandir kəşfiyyat bölmələrinin əldə etdikləri məlumatı bir-neçə dəfə yoxlatdırmışdı. Karleni yaxından görən bir kəşfiyyatçı onun təxmini fotorobotunu da çıxarmışdı. Zabit və əsgər heyəti tam məlumatlandırılıb, təlimatlandırılıb axşamkı düşmən hücumuna hazır vəziyyətə gətirildi. Komandanlığın qərarı belə olmuşdu; -düşmənin bizim tərəfə keçməsinə maneəçilik törədilməməli, azğın düşmən dəstələri onların kimsə tərəfindən aşkarlanmadığı təsəvvüründə olmalı və qarşıda bizimkilərin toruna düşməlidirlər. Eyni zamanda, düşmən tərəfi tələ olduğunu anlasalar başqa alternativ planlar da düşünülmüşdü. Bəstəboy, qısa saqqallı, uzunçənə, olduqca baməzə birisi olan Muxtar adlı bir əsgər yerində qərar tuta bilmirdi. Səbri kəsilmişdi. Yanındakı həmkəndlisi olan leytenant Cabbara baxıb dedi:

– Qağa, səbrim kəsildi. Bu erməni …… niyə hərəkət etmirlər. Çaqqal vurmaq istəyirəm axı!

– Səbr elə! Düşmən hiyləgər tülküdür. Onlar da tam zamanı gözləyirlər. Bir azdan hərəkətə keçəcəklər.

– Axxx!!!

Təqribən yarım saat sonra Karlenin başçılığı altında hərəkətə keçən düşmən dəstələri barədə məlumat daxil oldu. Karlen öz cinayətkar qatil dəstəsini 3 yerə bölmüşdü. 1-ci dəstə onun rəhbərliyi altında səssizcə körpüyə yaxınlaşacaq, 2- ci dəstə Əliquluuşağı kəndindəki postlara gizlincə yaxınlaşıb güllə səsi olmadan ordakıların işini bitirəcək, 3-cü dəstə isə Müskanlı kəndinə hücum etməli idi. “Laləzar körpüsü”nün partladılması ermənilər üçün olduqca əhəmiyyətli idi. Birincisi bu körpünün dağıdılması Qubadlının digər kəndləri və qoşun bölmələri arasındakı bağın qırılması, ikincisi isə Xınzirək istiqamətində Azərbaycan Ordusunun zirehli texnika aparılmasının qeyri-mümkünlüyü demək idi.

Qəfil körpünün partlaması, postların və mühüm strateji yüksəkliklərin ələ keçirilməsi əhali arasında xaos yaradacaqdı. Pərən-pərən düşmüş əsgəri bölmələr və mülki vətəndaşların çaşqınlığı daha çox qırğına gətirib çıxaracaqdı. Lakin bu sadəcə Karlenin planları idi. Quyu qazanın quyusunu ondan xəbərsiz qazan Azərbaycan əsgəri düşmənin əsas hərəkət marşrutunu tam nəzarətə götürmüşdü. Düşməni bir az da rahat salmaqdan ötrü, hər şeyin təbii görünməsi üçün mülki forma geymiş bir-neçə təcrübəli əsgər və zabit kəşfiyyatçı da sanki hardansa gəlirmişlər kimi s əhnələr qurmuşdular. Hər şeyin rəvan getdiyini zənn edən Karlen bu əraziyə sızdırdığı özününkülərlə əlaqə saxladıqdan sonra yanındakılara –“bu arada gəzənləri səssizcə ələ keçirin, müqavimət göstərənləri öldürün ki, əl-ayağa dolaşmasınlar”, ‐dedi.

Lakin daş qayaya rast gəldi və

 Şiddətli döyüş gedirdi. Düşmən dəstələri həqiqətən də peşəkar döyüşürdülər. Xüsusi təlim gördükləri bəlli idi.

Karlenin bütün planları alt-üst olmuşdu. Artıq geriyə yol yox idi. “Məğlubedilməz Karlen” uduzmuşdu. Lakin təslim olmağı əsla ağlının ucundan belə keçirmirdi. Qırmızı görmüş matador öküzü kimi gözləri qızmışdı. Təxmini bilirdi ki, bu ətraflarda mağaralar var. Qarışıqlıqdan istifadə edib hələlik orada gizlənmək ,fürsət düşən kimi Gorusa ya da Sisiana keçmək və toparlanıb intiqam almağı düşünürdü. Hələlik isə ələ keçməmək üçün ilk olaraq mütləq o mağaralardan birinə sığınmalıydı. Lakin bu nəhəng adamı nəzərdən qaçırmaq mümkünsüz idi. Hər kəs bu yekəpər, nataraz, yöndəmsiz ermənini ələ keçirmək (ölü, ya da diri) niyyətinə düşmüşdü. Karlen atışa-atışa gözdən yayınıb özünü dar bir mağaraya pərçimlədi. İndiyə qədər çox canlar yaxmış bu vəhşinin indi canı sıxılırdı. Həm mağaranın darısqallığı həm də düşdüyü durum, aldığı məğlubiyyət acısı onu didirdi. Əgər məni burda tapmasalar gecə ikən sərhəddi o tərəfə keçə bilərəm. Ancaq mənim burada olduğumu bilsələr… Silahını və ehtiyat güllələrini yoxladı. Kifayət qədər gülləsi vardı. 30-40 dəqiqə sonra yaxından səslər gəlməyə başladı. Dalağı sancdı. Demək izimə düşüblər. Gəlin! Sizinlə sona qədər döyüşəcəyəm! Mağaranın ətrafı sarılmışdı. Karlendən təslim olmağı tələb edirdilər. Lakin o, əsla təslim olmayacaqdı. Döyüş gedirdi. “Qara bəbir” ləqəbli Karlen indi porsuq kimi darısqal mağaraya qısılmışdı. Atılan güllələr ona zərər vermirdi. Amma ətraf daralır, gülləsi tükənirdi. Təkrar: -Sənə son şans veririk, təslim ol!, -dedilər. Lakin o, güllə ilə cavab verdi. Bu şərəfsiz ermənini məhv etməkdən başqa yol yox idi. Qranat atanla mağaranın düz içərisini nişan aldılar. Dəhşətli gurultu qopdu… Sürüyə-sürüyə it leşi kimi gətirdikləri meyitiin ayaqları ,,QAZ 52″ maşının yük yerindən azacıq çölə çıxmışdı. Bəbir kimi hücuma keçən Karlen porsuq kimi mağarada boğulub öldü.

Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən, olduqca mühüm-strateji əhəmiyyətə malik olan Laçın rayonu münaqişə başlayandan ermənilərin diqqət mərkəzində idi. Azğın düşmən nəyin bahasına olursa olsun bu rayonu ələ keçirmək istəyirdi. Planlar çoxdan hazırlanmışdı. Şuşanın işğalı Laçının ələ keçirilməsini daha da rahatlaşdırdı. Azərbaycan ordusu tam bir fiaskoya uğramışdı. Şuşanın işğalı A.Ter-Tadevosyanın ermənilər içində şöhrətini daha da artırmışdı. Ona “Komandos” ləqəbi verilmişdi. Artıq demək olar ki, bütün işğal planlarını onunla hesablaşırdılar.

Yengibaryan və Lalayanın cinayətkar dəstələri bu ətrafda xeyli canfəşanlıq edirdilər. Karlenin ölümündən sonra Lalayan vəhşiyə dönmüş, eyni zamanda da səhvlərindən nəticə çıxarmışdı. Hər şey təkrar-təkrar yoxlanıb dəqiqləşdirilir, hər kəs təlimatlandırılırdı. İşğalçı qüvvələrin hərəkət marşrutu, qarşıdakı maneələr, hücum və döyüş taktikası bir daha nəzərdən keçirilirdi. Mütəşəkkil təşkil olunmuş erməni silahlı qüvvələri bu gecə şiddətli hücuma keçəcəkdilər. Yenicə ələ keçirdikləri Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Gorusdan hücuma keçən erməni ordusu mayın 18‐də yeni bir qələbəyə imza atdı. Laçın tam işğal olundu. Cəbhə bölgəsini tərk edərək Bakıdakı siyasi qarşıdurmalara cəlb olunan Azərbaycan Ordusunun əsgər bölmələri də bir növ düşmən tərəfin işini asanlaşdırmışdı. Məhz bu cür şəraitdən məharətlə yararlanan ermənilər Laçını da işğal etdilər. Laçının işğalı Azərbaycan iqtisadiyyatına ağır zərbə vurmuş oldu.

 

Səngər həsrəti

Orta məktəbi bitirmişdi. İndi daha çox boş vaxtı olurdu. Valideyinləri kəndə gəlmişdilər. Xeyli söhbətləşdikdən sonra atası onu Bakıya getməyə razı saldı. Doğrusu artıq həqiqi hərbi xidmətə çağırışçı idi. Lakin ona 2 yerdən çağırış vərəqəsi gəlmişdi. Kənd Soveti yanlış olaraq onun da adını çağırışçıların siyahısında Qubadlı Hərbi Komissarlığına təqdim etmişdi. Əslində isə o, qanuni olaraq Bakı şəhər Nəsimi rayonu Hərbi Komissarlığından çağırışçı idi. Atası məhz ona görə onu Bakıya aparırdı. Şəhərə gəldikdən 2-3 gün sonra sıxılmağa başladı. Şəhər həyatı ona cansıxıcı görünürdü. Fikri səngərdə və kənddə qoqoyub gəldiyi yoldaşlarının yanında qalmışdı. Get-gedə lap çox sıxılmağa başlamışdı. Atası sıxılmaması üçün Rafiqi maşın təmiri ilə məşğul olan sexlərdən birinə şagird düzəltmişdi. Texnikaya olan marağı onu bu işi yaxşı mənimsəməyə sövq edirdi. Get-gedə işi daha yaxşı öyrənirdi. Artıq şəhərdə sərbəst şəkildə maşın da idarə edirdi. İş müddətində başı qarışsa da bekar vaxtlarında səngərdəki əsgərləri xatırlayar, orada olmaq istəyərdi. 18 yaşı aprel ayında tamam olacaqdı. Hələ qanuni Azərbaycan Ordusunun əsgəri deyildi. Amma bu 4 ildə o qədər bişmişdi ki… Getdikcə qəlbini bürüyən intiqam alovu ona rahatlıq vermirdi. Özündən asılı olmayaraq ən qaynar döyüş nöqtələrində olmaq istəyirdi. Məqam gözləyirdi. Az qalmışdı. İlk çağırış günü gedəcəkdi. Hara olur-olsun fərqi yoxdur. Azərbaycanın hər qarış torpağı Vətəndir. Bölgənin fərqi yoxdur. Vətən vətəndir, düşmən də düşmən. Xocalı faciəsindən sonra büsbütün dəyişmişdi. Şuşa və Laçının işğalı da onu çox narahat edirdi. Həyəcanla həqiqi hərbi xidmətə çağırılmasını gözləyirdi. Günlər bir-birini əvəzləyirdi. Artıq hərbi xidmətə çağrılmasına 1 ay qalmışdı. Aprel ayının 3- də yenidən müraciət etdi. Hərbi komissarlıqdan isə ona yalnız May ayında çağırılacağı bildirilmişdi. (Aprelin 30-u ad günü idi). Aprel ayının hər ötən günü ona bir il qədər görünürdü. Yenə səbri çatmadı. Hərbi Komissarlığa bir daha müraciət etdi. Bu dəfə şəxsən komissarla görüşdü. Komissar bu gənc, qorxubilməz, cəsur, qıvraq, vətənpərvər oğlanı zənnlə süzüb dedi:
-Ayın 1-də mütləq gəl. Doğrusu səni çox bəyəndim. Mərd oğlansan. Amma sənə bir məsləhətim də var. Çalış özünü qoru, ölmə! Sənin kimi ürəkli oğullara ehtiyacımız var. Bunu qulaqlarında sırğa et, özünü qoru! Düşmən çox hiyləgər və amansızdır. Dediklərimi unutma, oğul! Bəlkə də indi sənə dediklərimi tam mənası ilə dərk edə bilməzsən, amma vaxt gələcək ki, tam anlayacaqsan! İndi get dincəl və mayın 1-də burda ol!

Səhər erkəndən durmuşdu. Əslində demək olar ki, heç yatmamışdı. Elə bil yatağına qor doldurmuşdular. Doğrusu o, heç belə yumşaq yatağa da alışqan deyildi, çünki 15 yaşından etibarən kənddə yaşadığı 4 ilin üst-üstə demək olar ki, 2 ilini elə səngərdə, yayda torpağın, qışda isə torpağa sərilmiş saman ya da ağac budaqlarından hazırlanmış nahamar ,,yataq” üstündə gecələmişdi. Səngər üçün darıxmışdı, döyüş üçün qəribsəmişdi. Düşmənə qarşı nifrət hissi get-gedə daha da artırdı. Qarabağ problemi, Xocalı faciəsi, itirilmiş digər rayonlar, Şuşa, əsir qız-gəlinlər, min-bir əzab-əziyyətlə, ağlasığmaz işgəncələrlə öldürülən azərbaycanlılar, Vətənin üzərinə çökən qara buludlar ona rahatlıq vermir, qəlbini ağrıdır, qisas hissini gücləndirirdi. O, bir vətəndaş olaraq üzərinə düşən vəzifəni icra etmək istəyirdi. Hərbi Komissarlığın qarşısı adamla dolu idi. Artıq gənc əsgərləri yoxlanışa aparırdılar. Atası və qardaşı ilə vidalaşıb inamla irəli yeridi. Səhərdən onu kölgə kimi qarabaqara izləyən ucaboy, enlikürək, yastıburun , idmançı olduğu o dəqiqə bəlli olan zabit və 2 əsgər nəhayət münasib zaman olduğunu görüb Rafiqə yaxınlaşdılar. 15-20 dəqiqə söhbət etdikdən sonra onu xüsusi təyinatlı qoşun növünün əsgəri olaraq görmək istədiklərini vurğuladılar. Hərbi komissiyadan tam sağlam olaraq keçən Rafiq elə xüsusi təyinatlı qüvvələrdə xidmət edəcək əsgərlərin siyahısında idi. Axşama doğru onları Bakıda NZS qəsəbəsindəki hərbi hissəyə gətirdilər. İndi o qanuni Azərbaycan Ordusunun əsgəri idi. Təxmini 1 ay burada təlimdə oldular. Burada olduqları müddət ərzində əzmkarlığı, mətinliyi, mübarizliyi və hər kəslə dil tapmağı ilə bütün əsgər və zabit heyətinin rəğbətini qazandı. Rafiq yorulmazdı. Doğrudur, burada təlimlər çox ağır idi. Bütün günü məşq edirdilər. Amma bu ona xüsusi bir zövq verirdi. Bilirdi ki, indi təlimdə öyrəndikləri düşmənlə üzbəüz olanda ona çox fayda verəcək. 1 ay sonra onları Yevlax rayonundakı Goran hərbi poliqonuna apardılar. Müxtəlif şəraitdə döyüş hazırlığının davamı olaraq 1 ay da burada hərbi təlimdə oldular. 2 ay müddətində Rafiq bu batalyonda özü kimi məğrur, qorxmaz, düşmənə nifrət edən igidlərlə daha yaxından tanış oldu. Onlar, əgər bir yerdə hərbi xidməti davam etdirəsi olsalar bir-birinə daima dəstək, düşmənə qarşı isə amansız olacaqlarına and içdilər. Onlara erməni və rus birləşmələri tərəfindən ərazisinin xeyli hissəsi işğal olunmuş Ağdam rayonuna gedəcəklərini bildirdilər. Çünki nazirlikdən əmr gəlmişdi. Səhərə yaxın yola çıxdılar. Bərdədən keçəndə qəfil qarşılarına toy karvanı çıxdı. İnsanların üzündə sevinc qarışıq bir kədər də vardı. Hətta yenicə ailə həyatına qədəm qoyan bu cütlük də sevinclə kədərin təzadlı təsirində idilər. Bütün bunları Rafiq insanların üzündən oxuyurdu. Müharibənin dəhşəti insanların simasında dərin, kədərli bir iz qoymuşdu. Gözlə baxanda hiss olunmurdu, lakin bu əzab-əziyyəti, məşəqqəti görənlər, dadanlar bunu hər kəsdən daha gözəl bilirdilər.

(Ardı var)

Fərid MURADZADƏ