Cəhənnəmdən qaçış

522

Ağrı-acısı çox idi. Bütün əzaları ağrıyırdı. Ələlxüsus uzun qış gecələri onun üçün olduqca məşəqqətli keçirdi. Azacıq gözünə yuxu gedən kimi sanki göz bəbəkləri içəridə şişir, qayğısız uşaqlıq illərində kinoteatrlardakı film göstərilən böyük parçaya dönürdü. Gördüklərinin təsirindən qan-tərə bataraq çabalaya-çabalaya qalırdı. Gecələri kabus görürdü. Elə bil gecələrə sığmayan bu kabus gündüzləri yumşalar, gün işığında sınardı. Gündüzlər bir az fərqli olardı, gecələri isə dəhşətlə başlayar, vəhşətlə artar, zillətlə sonlanardı.

(Əvvəli ötən saylarımızda)

Qonaq

‐ Gəlirlər! Tez olun, hər şeyi bir daha yoxlayın! Tərtəmiz qırxılmış üzündə xüsusi bir sevinc vardı. Bu gələn adama çox böyük rəğbət bəsləyirdi. Uşaqlıq dostları idilər. Beyrutdan çıxdığı 18 il ərzində heç görüşməmişdilər, yalnız məktub vasitəsilə əlaqə saxlayırdılar. Samvel Lalayan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ,,Beynəlxalq münasibətlər və regionşünaslıq” fakültəsində təhsil almış, daha sonra isə elə həmin universitetin tarix fakültəsinə qəbul olmuşdu. 1988-ci ildən isə “Miatsum” hərəkatının ən fəal üzvlərindən birinə çevrilmişdi. O, həm Ermənistandan, həm də Dağlıq Qarabağ Muxtar Vilayətindən azərbaycanlıların qovulmasında olduqca fəal iştirak etmiş, azərbaycanlılara qarşı qəddarlığı ilə xüsusi ad çıxarmışdı. Murdar əlləri çox günahsız insanın qanına bulaşmışdı. Olduqca prinsipial birisi idi. Heç cürə güzəştə getmək istəmirdi. Azğınlaşıb insan sifətini itirmişdi. İlk dəfə 1988-ci ildə adam öldürmüşdü… O zaman bir az tərəddüd etmiş, kilsəyə gedib keşişdən kömək istəmişdi. Alçaq keşiş ondan kimi öldürdüyünü soruşmuş, o, isə sadə bir azərbaycanlı gənci öldürdüyünü demişdi. Keşiş ona: “sən bir düşmən öldürmüş qəhrəmansan”, -demişdi. Unutma, türklər bizim düşmənimizdir. Sən əcdadlarına layiq bir əsgər olmusan. Onlar bizim əcdadlarımızı qətlə yetiriblər və siz nə qədər onlardan qırsanız bir o qədər yaxşıdır. Get və onlara qarşı amansız ol!

O gündən türklərə qarşı sonsuz nifrət hissi daha da artmışdı. Ayağa durub gərnəşdi. Bir‐iki yüngülvari hərəkət etdi. Səbri tükənirdi. Bircə gəlib çıxsa idi. Ax Karlen, Karlen! Səni gərək çoxdan bura çağıraydıq. Amma yox, sən həm də bizim xarici ölkələrdə təlim görmüş 50‐dən yuxarı igidlərimizə də dərs verirsən axı. İndi onlar sənin rəhbərliyin altında bizə lazım olacaq işləri peşəkarcasına icra edəcəklər. Tez gəl, dostum! Xəyallar aləmində nə qədər vaxtın keçdiyini hiss etməmişdi. Qapı döyülürdü.

– Gəl, -dedi.

– Komandir, gəldi.

– Nə? Kim gəldi?

– Gözlədiyiniz adam!

Gövdəsinə yaraşmayan bir cəldliklə yerindən sıçrayıb ayağa durdu.

– Sən mənə müjdə verdin. Söz, bu əraziləri ələ keçirəndən sonra sənə yaxşı bir torpaq sahəsi də ayıracam. Söz! -deyib sevincək çölə atıldı.

Enlikürəkli, hündürboy, olduqca vahiməli, uzunçənə, tökməbədən bir adam əzmlə ona sarı gəlirdi. Ülgüclə qırxılmış başı, səliqəli saqqalı, yastı burnu, əynindəki hərbi formanın altından özünü biruzə verən sağlam, güclü əzələləri, qəzəbli baxışları, heç bir ifadə etməyən üzü bu adamın sərt xarakterli birisi olduğuna dəlalət edirdi. Ətrafdakı erməni əsgərləri mat-mat bu adama baxırdılar. Komandirlərinin səbirsizliklə gözlədiyi adam demək bu imiş. Samvel Lalayan heyrətlə dostuna baxırdı. İlahi, bu nə boyda olub!Karlen bu 18 ildə nə qədər dəyişmişdi. O, arıq, uzundraz, sısqa Karlenin yerində indi buğa kimi bir idmançı kişi dayanmışdı. Diqqətlə ona baxa-baxa bu öküz-zombinin nə kimi fəlakətlər törədəcəyini özlüyündə təsvir edirdi. Qorxu! Qorxu ən güclü silahdır, ən güclü təsir vasitəsidir. Bu adama oxşamaz əsl vahimə simvoludur. Onun vasitəsilə ətraf ərazilərdə yaşayan azərbaycanlıların ürəyinə yaxşı qorxu salacağıq!

Dostum! -deyib Karlenə sarıldı. Ara, gör biz neçə ildir ki, görüşmürük!

– Keç içəri, işimiz çoxdur!

Donuq gözlərindəki ifadənin nə olduğu bilinməyən Karlen onun ardınca içəri keçdi.

Sakitcə, heç kimin eşidə bilməyəcəyi bir tərzdə, amma pafosla danışırdılar. Karlen işıldayan keçəl başını tərpətməklə deyilənlərlə razı olduğunu bildirirdi. O, ümumiyyətlə çox danışmağı sevmirdi. Lalayan isə ixtisasından və natiqliyindən dolayı “üyüdüb-tökürdü”.

Bu azərbaycanlıları ermənistandan deportasiya etdik, bu çox təqdirəlayiqdir. İndi isə bunları öz yurdlarından didərgin etməliyik. Bu bir növ həm də yarızor, yarıxoş urbanizasiya olmalıdır. Elə olduqda əvvəla torpağa bağlı adamlar torpağı unudacaq, şəhər həyatının rahatlığına alışdıqdan sonra isə əsla bir daha kənd həyatına maraq göstərməyəcəklər. Bu da öz növbəsində onlara daxildə xeyli iqtisadi problemlər yaşadacaq. İstehsal gücü, kənd təsərrüfatı iflasa uğrayacaq və istehsalçılar artıq istehlakçıya çevriləcəklər ki, bu da rəqabətlə yanaşı inflyasiyanı da gücləndirəcək. Sosial problemlər çoxalacaq və artan sosial, iqtisadi-siyasi problemlər bizim xeyrimizə olacaq. Həmçinin istər Dağlıq Qarabağın, istərsə də ətraf rayonların zəngin təbii sərvətlərindən yararlanacağıq. Ara, bunlar əllərində olanların qədrini bilməyirlər. O dağlarda, o torpaqlarda sonsuz yataqlar, sərvətlər yatır. Elə bunlar kimi. Bilirsən də, bunlar da yatmağı çox sevirlər. Bunların belə olması bizim işimizə hər zaman yarayıb. Unutma ki, bunlar boş-boş danışmağı sevirlər. Bu türklər heç zaman birləşə bilmirlər və birləşə də bilməyəcəklər. Onların arasına kiçik bir nifaq sal, dur kənara. Özləri bir-birini qırıb qurtaracaqlar. Hə, dostum, sənin öhdənə düşən iş bax bu xəritədədir. Biz sənə çox inanırıq! -deyib Lalayan səliqəyə saldığı stolun üstünə bir xəritə sərdi.

Alov püskürən əjdaha kimi gecənin qaranlığını yara-yara səmada sayrışan qrad və top mərmiləri kəndi cəhənnəm atəşinə bürümüşdü. Azğınlaşmış düşmən döyüş mövqelərindən daha çox dinc əhalini hədəfə almışdı. Əslində ermənilər bu ərazilərə, xüsusən də sərhəddə olan hər iki Azərbaycan kəndinə orada məskunlaşmış yerli sakinlərdən daha yaxşı bələd idilər. İllər boyu bu kəndləri addım-addım əzbərləyən düşmən tərəfi hər şeyi ölçüb-biçmişdi.

Hələ SSRİ-nin “yaxşı vaxtlarından” Sosialist Azərbaycan ilə Sosialist ermənistan arasında ədalətsiz bir bölgü vardı. Hər bir işin çətin tərəfi nədənsə Azərbaycan və azərbaycanlıların çiyninə düşürdü. Məsələn; Sosialist Azərbaycanda min bir əziyyətlə pambıqçılıq inkişaf etdirilirdi. Əzab-əziyyət bahasına başa gələn 1kq pambığı zəhmətkeş azərbaycanlıdan 50 qəpiyə alır, ondan yenə zəhmət hesabına başa gələn liflər əldə olunur və bu liflərdən hansısa sehrli bir “qüvvənin” təsiri altında məhz Sosialist ermənistanda köynək və s. kimi geyim ləvazimatları hazırlanırdı. Ən acınacaqlısı da bu idi ki, həmin köynəklər və s. “Сделано в Армения” əmtəə nişanı altında 1 ədədi 8 rubla əlləri qabarlı azərbaycanlılara satılırdı. Çox vaxt da belə şeyləri ucqar azərbaycanlı dağ kəndlərinə gətirib satan da ermənilər olurdu. Azərbaycanda yağ defisit olduğu halda ermənistanda qutu ilə satışı azad idi və sadə azərbaycanlı bunu mütləq xahiş-minnətlə hansısa erməni ”kirvəsindən”  yalvar-yapışla alırdı. Azərbaycan kəndlərindəki dükanlarda konserv, kolbasa-sosiska, hind çayı və s tapılmazdı, tapılanda da “əlaltdan” satılardı. Erməni kəndlərində isə əsl “kommunizm” idi. Amma könlü konserv, kolbasa və s. istəyən azərbaycanlı km-lərlə kələ-kötür, nahamar, yayda toz-torpaqlı, qışda şaxtalı-qarlı yolları (çox vaxt da piyada) qət edərək erməni kəndlərindəki dükanlara üz tutar və aldıqlarının hesabına necə dəyərlər “dişini dəyişərdi”. Ermənilər isə bütün bu baş verənlərin fonunda gələcək ermənistan naminə planlı şəkildə çalışırdılar. Azərbaycan kəndlərinə ticarət adı altında gələn ermənilər bütün ərazini, strateji əhəmiyyətli hündürlükləri, yolları və s. beyinlərinə həkk edərdilər. Beləliklə müharibəyə başlayan düşmən tərəfi Azərbaycan və azərbaycanlılar haqqında kifayət qədər məlumatlı idilər.

Rafiq və səngər yoldaşları durmadan qrad mərmiləri daşıyırdılar. Çatışmazlıqlar vardı. Düşmən tərəfi susmuşdu. Lakin təcrübəli komandir yaxşı bilirdi ki, hiyləgər düşmən səhərin şirin yaz yuxusundan istifadə edəcək. Ümumiyyətlə ermənilər əsasən gündüz hər kəsin işdə olduğu, axşam üstü hər kəsin evdə olduğu vaxtda və bir də səhərə yaxın insanların şirin yuxuda olduğu zamanda həmləyə keçirdilər. Gündüzlər iş başında pərakəndə olan insanlar artilleriya yağışı altında evindən, ailəsindən narahat olar, stress çəkər, axşamlar yorğun iş saatlarından sonra evinə çəkilən insanlar rahatlanmaq istədikləri vaxt yenə də stress yaşayar, istirahətləri  “burunlarından gələrdi”. Səhərə yaxın “şouda “  isə gün ərzində əsəbləri tarıma çəkilən yorğun insnların yuxulu ikən yenidən ovqatı təlx olardı. Bir sözlə düşmən tərəfi insanları stress altında saxlayaraq onlara güclü psixoloji təsir göstərirdi. Hətta ermənipərəstlər və ermənilərin köləsi olan bəzi təxribatçılar dinc əhalini Xocalı ilə qorxudaraq öz torpaqlarını tərk etməyə sövq edirdilər. Lakin əhali orduya güvənirdi. Dolu kimi yağan mərmi altında ora-bura yüyürən əsgərlər düşmənə layiqli cavab verirdilər. Komandir əsgərləri toplayıb lazımi tapşırıqlar verdi. Hər kəsə hazır olmağı, təxribata uymamağı, mətin olmağı tapşırdı.

Porsuq ölümü

Axmaq adamın xoşbəxtliyi də axmaq olur

(Çin atalar sözü)

Sərhəddə idilər. 50 nəfər də özü kimi alçaq, qaniçən terrorçu ilə birlikdə Xınzirək kəndinən keçib “Yazı düzü”nə çıxacaq, oradan da qəfil hücuma keçərək “Laləzar körpüsünə” yaxınlaşacaq və körpünü partladacaq, əhaliyə və infrastruktura ciddi ziyan vuracaqdılar. Lalayanın qərargahında hazırladıqları plan belə idi. “Laləzar körpüsü” 1867-ci ildə inşa olunmuşdu. Qədim və olduqca dayanıqlı bir körpü idi. Axşamın düşməsini gözləyirdi. Gecə olduqca əlverişli zamandır. Gecə onun kimi iblislərin çirkin əməllərini həyata keçirməyə hesablanmışdı sanki. Qaranlığı çox sevirdi, çünki qaranlıqda olduqca sərbəst olurdu. Ümumiyyətlə boyu 2,1 metr olan bu vəhşi terrorçu hərəkətlərində olduqca sərbəst idi.

Yaşına, gövdəsinə yaraşmayan cəldliyi vardı. Bəbir kimi çevik, ilan kimi təmkinli, dəvə kimi kinli, qatır kimi dözümlü, öküz kimi güclü idi. Ermənilər arasında “Qara bəbir”  ləqəbi ilə tanınırdı. O, məhz bu gecə sərhəddi keçəcək, körpünü partladacaq, sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsəcək və mühüm strateji yüksəklikləri ələ keçirəcəkdi. Quldur dəstəsinə başqa əsgər almamışdı. Onun hesablamalarına görə bu planı gerçəkləşdirməyə 50 nəfər öz adamları bəs edərdi. O adamlar ki, hər biri xarici ölkələrdə xüsusi döyüş kursları keçmişdilər. Axşamın düşməsini, gecənin zülmət pərdəsinin çəkilməsini gözləyirdilər. Diqqətlə həm xəritə üzərindən, həm də durbinlə Azərbaycan ərazilərini nəzərdən keçirirdi. Qara cildli qeyd dəftərində şifrəli qeydlər aparırdı. Arabir dodaqaltı nəsə mızıldanırdı.

Novella

(Ardı var)

Fərid MURADZADƏ