Cəhənnəmdən qaçış

690

Ağrı-acısı çox idi. Bütün əzaları ağrıyırdı. Ələlxüsus uzun qış gecələri onun üçün olduqca məşəqqətli keçirdi. Azacıq gözünə yuxu gedən kimi sanki göz bəbəkləri içəridə şişir, qayğısız uşaqlıq illərində kinoteatrlardakı film göstərilən böyük parçaya dönürdü. Gördüklərinin təsirindən qan-tərə bataraq çabalaya-çabalaya qalırdı. Gecələri kabus görürdü. Elə bil gecələrə sığmayan bu kabus gündüzləri yumşalar, gün işığında sınardı. Gündüzlər bir az fərqli olardı, gecələri isə dəhşətlə başlayar, vəhşətlə artar, zillətlə sonlanardı.

(Əvvəli ötən saylarımızda)

Çaykənd əməliyyatı

“Yağı düşmən dost olmaz”. Yüzilliklər boyu Azərbaycanın  nemətlərini zəli kimi sümürən nadan ermənilər 1989-cu ildən etibarən Ermənistanda və Dağlıq Qarabağda  başladıqları etnik təmizləmə əməliyyatlarını rəsmən Qarabağdan kənardakı Azərbaycan ərazilərinə keçirməyi planlaşdırıdılar. Hələ SSRİ süquta uğramamışdı. Gündən-günə güclənən erməni daşnaklarını tərk-silah etmək üçün Sovet daxili qoşunları  və OMON birgə əməliyyat keçirməyə başladı. “Çaykənd əməliyyatı”ndan sonra azğınlaşmış ermənilər daha da vəhşiləşmişdilər. Azərbaycanlılara qarşı nifrət hissi gündən-günə artırdı. General Məhəmməd Əsədov ermənilərin 1-ci dərəcəli düşməninə çevrilmişdi. Artıq erməni terror təşkilatları onun qətlinə fərman vermişdilər. Nəyin bahasına olursa olsun Əsədov öldürülməli idi. Düşmən pusqudakı ovçu kimi hazır dayanmışdı. Sadəcə olaraq məqam gözləyirdi.
Məhəmməd Əsədov olduqca işgüzar və bacarıqlı bir dövlət xadimi idi. Ömrü boyu müxtəlif yüksək vəzifələrdə çalışmış bu insan eyni zamanda ermənilərin qənimi idi. Düşmən tərəfi ondan çox çəkinirdi. Əlbəttə ki, sözünün kəsəri olan, yüksək idarəçilik qabiliyyətinə malik belə peşəkar bir milis generalının, dövlət müşavirinin olması indiki şəraitdə ermənilərin maraqlarına zidd idi.
Laxlasa da hələ Sovetlər birliyi mövcud idi. Hələ də İttifaqa daxil olan respublikalara ,,Moskva nəzarəti” vardı. Məqsədyönlü şəkildə siyasət aparan ermənilərin əllərində müxtəlif yollarla əldə etdikləri xeyli silah-sursat vardı. Daxili həmrəylik və əllərindəki silah-sursat hesabına Qərbi Azərbaycandan yerli azərbaycanlıları zor gücünə öz ata-baba torpaqlarından qovan ermənilər artıq Azərbaycan üçün də real təhlükə idi. Xüsusən də özlərini fədai adlandıran millətçi daşnak quldur dəstələri çox təhlükəli idilər. Belə çətin bir zamanda Məhəmməd Əsədovun rəhbərliyi ilə Çaykənd əməliyyatı keçirildi (buna Koltso da deyilirdi). Əməliyyatın əsas məqsədi erməni hərbi dəstələrinin silahsızlaşdırılması idi. Sovet quru qoşunlarının nəqliyyat vasitələrinin də qoşulduğu bu əməliyyatda erməni silahlı dəstələrinin məhv edilməsi nəzərdə tutulurdu. Bu əməliyyat strateji məqsəd güdürdü. Qarabağın ətrafındakı erməni kəndlərini boşaldan Azərbaycan höküməti erməni dəstələrini təcrid edərək onların təchizat yollarını kəsmək, Qarabağ ətrafında azərbaycanlıların məskunlaşdığı yeni kəndlərdən ,,halqa” (Koltso) yaratmaq istəyirdi. Azərbaycan tərəfdən bu əməliyyata şəxsən M.Əsədov rəhbərlik edirdi. Çaykənd əməliyyatı nəticəsində erməni fədai təşkilatları məğlubiyyətə uğradıldı və bu erməniləri xeyli aqressivləşdirdi. Məhz belə bir zamanda erməni fəallarını məhv edən Məhəmməd Əsədov bütünlükdə ermənilərin düşməninə çevrilmiş oldu. Düşmən bu cəsur, vətənpərvər insanı məhv etmək üçün müxtəlif planlar hazırlayırdı.
Nəhayət belə bir zəmin yarandı.
Noyabr ayının əvvəlləri həmsədrlərin Bakıda keçirilən görüşündə qərara alındı ki, hansı xalqın sıxışdırıldığını müəyyənləşdirməkən ötrü nümayəndələr Xankəndinə getsinlər. Sonra nümayəndələr bəlli olur. Bu tərkibə yalnız güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından olmalı idi. Hətta belə qərara alınmışdı ki, görüş lentə alınsın və o zamanlar xəbərlər proqramı olan ,,Günün ekranı”nda göstərilsin. Siyahını Viktor Polyaniçko hazırlamışdı. Lakin 19 noyabr tarixdə gecə siyahı yenidən hazırlanır və Polyaniçkonun, eləcə də güc nazirliklərindən olan digər şəxslərin adları siyahıdan çıxarılır. Siyahı Dağlıq Qarabağ rəhbərliyinə də göndərilir. Beləcə, 20 noyabr 1991-ci ildə Qarakənd üzərində uçan Mi-8 N-72 helikopteri düşmən tərəfdən vurulur. Qaniçən ermənilər hətta bu helikopterin vurulduğunu belə saatlarla gizli tutdular. Bütün ermənilər toy-bayram içində idilər. Arzularına yetmişdilər. Azərbaycanın mətin, iradəli, bacarıqlı, işgüzar, vətənpərvər və çox yüksək vəzifə sahibi olan şəxslərini qətl etmişdilər.

Sükuta bürünmüş gecələr əksəriyyət insanlar üçün sadəcə istirahət zamanı olsa da xəbis insanlar üçün isə ən münasib zamandır. Məkrli planların çəkilməsi üçün sakit gecələri ən uyğun vaxt hesab etmək olar. Elə bu gecə də məkrli planlar hazırlayaraq yola rəvan olan iki insan-şeytan Laçınla sərhəd olan Gorus şəhərinə doğru gedirdi. Sakit, səssiz, bahar təravətli bir yaz gecəsi idi.
Gecənin sakitliyini dağ yolları ilə irəliləyən avtomobil mühərrikinin uğultusu pozurdu. Havada xoş bir ətir vardı. Dağ soyuğuna bir az da bahar hərarəti qarışmışdı. Xəfifcə titrəyən yarpaqların ətrafa yaydığı xoş qoxu insanın ruhunu oxşayırdı. Gecə yarıdan keçmişdi. Yoldan çıxmamaq üçün dördgözlə maşın işığında yolu nəzatdə saxlayan sürücü içəridəki iki nəfərin danışığına qulaq assa da müdaxilə etmirdi. O, yaxşı bilirdi ki, bir dəfə gözünü yayındırsa yoldan çıxacaq və dərənin dibinə yuvarlanacaqlar. Diqqəti yolda idi.
‐Bu gün bütün işləri qaydasına salmalıyıq. Sabah da bizim möhtərəm qonaqlarımız, böyük ermənistan naminə burada olacaqlar. Sabah səhər Xankəndinə, oradan isə bura gələcəklər. Biz artıq məqsədimizə çox yaxınıq. Azərbaycanlılar Xocalıdan sonra bərk qorxdular. Hədəfimiz Şuşa və Laçındır. 1ay ərzində buralar bizim olacaq. Görəcəksən. Sonra isə bu əraziləri bir-birinə bağlayan mühüm- strateji bölgələri ələ keçirəcəyik. Ara, Zurabyan, biz bu türklər kimi avam və sadəlövh deyilik. Biz məqsədli, əzmkar millətik. 1988-ci ildə bizlərin Stepanakertdə başladığımız ,,Miatsum” hərəkatı bu gün bütün dünya ermənilərini vahid ideya ətrafında birləşdirdi. Həm də Azərbaycanda yüksək vəzifədə olanlarımız, müxtəlif üsullarla ələ aldıqlarımız, yüksək mənsəbli azərbaycanlıların həyat yoldaşı olan qadınlarımız da bizlərin işini asanlaşdıracaq. İndi əsas hədəfimiz Şuşa və Laçındır. Növbəti mərhələdə Kəlbəcər, Qubadlı və digər rayonlar ələ keçirilməlidir. Qubadlı rayonu Dağlıq Qarabağla Ermənistan arasında strateji baxımdan çox mühüm ərazidir. Bunu da nəzərdən qaçırmamalıyıq. Amma bu günlərdə bizə vacib olan Şuşa və Laçındır. Bu iki rayonun ələ keçirilməsi ilə Qarabağın işğalını (hətta arsızcasına Artsax da deyirdilər) daha da sığortalamış oluruq. Hər necə olursa olsun bütün vasitələrdən istifadə edərək Laçına müxtəlif istiqamətlərdən hücum etməliyik. Həm Gorus, həm də Sisian tərəfdən qəfil və güclü hücumlar olmalıdır…
Artıq kəndlərdən xoruz banı eşidilirdi. Bir saat sonra erməni quldur birləşmələrinin cəmləşdikləri ərazidəki qərargaha çatdılar. Onların gələcəyini bilən erməni zabitləri elə girişdəcə onları qarşıladılar.
Buğlanan çaydan qurtum-qurtum içən Arakel Yengibaryan qarşısındakı xəritə üzərində qeydlər aparırdı. General Arkadi Ter-Tadevosyanla görüşdən sonra onun ilhamı cuşa gəlmişdi. Get-gedə səyimiz nəticəsində məqsədimizə nail oluruq. ,,Yəqin tanrı bizim tərəfimizdədir”, deyə-deyə müxtəlif məxfi döyüş xəritələrini, döyüş planlarını diqqətlə nəzərdən keçirirdi. Xəritələrin arasında xüsusən diqqətini çəkən birisi vardı. Götürüb stolun üstünə sərdi. Bir xeyli sükut içində səssizcə xəritəyə baxdı və qəfildən hönkürə-hönkürə dedi:
‐Ara, Tatul, sən indi hardasan?! Sənin miatsum ideyaların bütün erməni xalqını birləşdirdi. Sən bu günləri görməli idin, amma görə bilmədin. O general Əsədovu da öldürdük, ara! Sənin qisasını aldıq. İndi biz burada gələcək ermənistan naminə yeni planlar işləyirik. Tanrı bizim tərəfimizdədir, biz qalib olacağıq, mən bunu hiss edirəm!
Azacıq soyumuş çayını birnəfəsə başına çəkib otaqdan çıxdı. Şuşa və Laçın süquta uğradılmalıdır! Mən mütləq generalı görməliyəm!


Novella

(Ardı var)

Fərid MURADZADƏ