Cəhənnəmdən qaçış

321

Ağrı-acısı çox idi. Bütün əzaları ağrıyırdı. Ələlxüsus uzun qış gecələri onun üçün olduqca məşəqqətli keçirdi. Azacıq gözünə yuxu gedən kimi sanki göz bəbəkləri içəridə şişir, qayğısız uşaqlıq illərində kinoteatrlardakı film göstərilən böyük parçaya dönürdü. Gördüklərinin təsirindən qan-tərə bataraq çabalaya-çabalaya qalırdı. Gecələri kabus görürdü. Elə bil gecələrə sığmayan bu kabus gündüzləri yumşalar, gün işığında sınardı. Gündüzlər bir az fərqli olardı, gecələri isə dəhşətlə başlayar, vəhşətlə artar, zillətlə sonlanardı.

 

(Əvvəli ötən sayımızda)

Balaca əsgər

Məkrli, nadan, hiyləgər, illərlə bizlərə qarşı gizli qara niyyətli olan, planlı, məqsədyönlü şəkildə siyasət aparan ermənilər bu yerlərə ilk həmlələrini avtomat silahlardan atəş açmaqla başladılar. Növbəti güllə-baran daha iriçaplı silahlarla davam etdi. Sonra isə artilleriya qurğuları işə düşdü. Köksündə qəlbi Vətən eşqi ilə döyünən hər bir vətən övladı silaha sarılıb rəşadətlə azğın ermənilərə qarşı mübarizə aparır, vətən torpağını qoruyurdu. Müstəqil və vahid ordu formalaşmadığı üçün yerli özünümüdafiə batalyonları yaradılmışdı. Sovet ordusunda da azərbaycanlılara qarşı hər zaman ədalətsiz mövqe tutulurdu. Bunda yəqin ki, yüksək mənsəbli ermənilərin və erməniəsillilərin, eləcə də ermənipərəstlərin də rolu az deyildi. Belə ki, ordu sıralarına hərbi xidmətə çağırılan azırbaycanlıların böyük əksəriyyətini döyüş hissələrinə deyil, inşaat, tikinti batalyonlarına yerləşdirirdilər. Amma acınacaqlı bir fakt vardı ki, bu acı fakt öz aktuallığını itirmirdi. Fakt inkarsız fakt idi. Övladlarını ucqar Rusiyaya, böyük SSRİ ordu sıralarına hərbi xidmətə yola salan, yaxşıca qonaqlıq təşkil edən sadəlövh azərbaycanlılar əvvəlcə gələcək əsgərin şərəfinə böyük bir qonaqlıq təşkil edər, badələr qaldırar, ona öyüd-nəsihət verər, sonda isə həssas analar acı göz yaşları tökər, ənənəvi azərbaycanlı kişilər isə üzdə özünü ,,toxtaq” tutar, geridə isə onları da qəhər boğardı, amma bunu xanımlarına bildirməzdilər. Beləcə intizar içində əsgəri yola salardılar və elə ki, onun ,,stroybata” düşdüyünü bildilər, dünən gecə ,,düd” deyincə içənlər 2 saniyə içində ,,mömin” olaraq ikiəlli uca xaliqin dərgahına əl açaraq şükür dualarını bol edərdilər ki, bəs bizim oğlumuz ,,stroybata” düşüb, ,,boyevoy çasta” yox. Beləcə ,,şanlı” SSRİ‐ni təhlükəsizliyinin qarantı bilən sadəlöhv azərbaycanlıların ,,stroybat ” sevdası Qarabağ müharibəsində öz acı fəsadlarını önə çıxardı. Ürək vardı, Vətən eşqi güclü idi, lakin təəssüf ki, kadr çatışmazlığı göz önündə idi. ,,Stroybat”da əsgəri xidmət keçən azərbaycanlılar döyüş silah-sursatından o qədər də anlayışlı deyildilər. Lakin Vətən sevgisi hər kəsin qəlbində elə kök salmışdı ki, yağış kimi yağan mərmilərin önündən kimsə geri çəkilmirdi. Peşəkar döyüş hazırlığı olan azərbaycanlılar, xüsusən də Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar digər döyüş yoldaşlarını da öyrədir, onları da bacarıqlı əsgər kimi hazırlayırdılar. Əfqanıstan veteranları müxtəlif döyüş şəraitində həqiqətən də əsl peşəkarlıq nümayiş etdirirdilər. Soyuq dekabr ayı idi. Yerli özünümüdafiə batalyonuna verilən ,,Qrad” qurğusu atəş mövqeyinə yerləşdiriləcəkdi. Üzbəüz yüksək mövqedə yerləşən erməni dəstələrinin artilleriya qurğuları hər iki kəndi və canlı qüvvəni çətin duruma salmışdı. Lakin az sonra strateji baxımdan yüksəklikdə olan Göyyal kəndindəki mövqelərdə yerləşdirilmiş ,,Zenit” topları azğın düşmənə həddini bildirdi. Ancaq düşmən öz məkrli niyyətindən əl çəkmirdi. Həm də təkcə ,,Zenit” qurğusu ilə çatdırmaq olmurdu, odur ki, canlarını göz qırpmadan torpaq uğrunda qurban verməyə hazır olan bu fədailərə yeni bir BM 21 Qrad qurğusu verilmişdi. İndi bu qurğunu əlverişli döyüş mövqeyində yerləşdirmək lazım idi. Müəyyənləşdirilmiş yer çox əlverişli idi, lakin gündüz bu maşını ora yerləşdirmək olmazdı, çünki düşmən tərəfdən oraya gedən yol çox aydın görünürdü ki, bu da real təhlükə deməkdi. Yəni maşın açıq sahəyə çıxan kimi düşmən artilleriyası tərəfindən zərərsizləşdiriləcəkdi. Axşamın düşməsini gözləyirdilər. Sürücü bu yerləri əzbər bildiyi üçün gecə qaranlıqda maşının işıqlarını yandırmadan qurğunu döyüş mövqeyinə yerləşdirməyi planlaşdırırdı. Ara-sıra düşmən tərəfdən mərmilər atılırdı. Əsgərlərin içərisində arıq, inadcıl məktəbli bir oğlan da vardı. Hamıdan kiçik olmasına baxmayaraq səngərdə dayanardı. Tay-tuşları gecələr öz evlərində isti-yorğan döşəkdə yatdıqları halda o, soyuq səngərdə torpağa söykənərək gecələyirdi. Avtomatı olmadığı üçün babasının ov tüfəngini silah olaraq çiynində gəzdirərdi. Boyu balaca olduğundan xüsusən də nahamar səngərdə, enişli-yoxuşlu dağ yollarında çiynindəki tüfəngi həmişə ona maneçilik törədərdi, lakin o, silahını çox sevirdi. Balaca ürəyindəki böyük Vətən eşqi, düşmənə qarşı olan nifrət hissi onu kiçik yaşından silaha sarılmağa vadar etmişdi. Rafiq hamıdan fərqli balaca əsgər idi. Bəli, o, hamıdan fərqlənirdi. Onun öz dünyası, öz arzuları, öz planları vardı. Ən böyük arzusu Vətənə layiqli əsgər olmaq, düşməni məhv etmək, eli, obanı, ölkəni azad, camaatı firavan görmək idi. Komandirlər və əsgərlər bir daha hər şeyi nəzərdən keçirdilər. Yenidən müzakirələr başlandı. Yenə eyni fikirlər təkrarlandı. Sakitcə hər kəsi dinləyən Rafiq birdən daha məntiqli bir fikir irəli sürdü. O, təklif etdi ki, axşamın düşməsini gözləmək vaxt alır, eyni zamanda da sürücü yolları və ərazini nə qədər yaxşı tanısa da real maneələr çoxdur. Həmçinin yol enişdə dolanbac olduğundan gecə işıqsız bu yolla üzüaşağı hərəkət etmək heç də indi hərəkət etməkdən təhlükəsiz deyil. Amma mən təklif edərdim ki, yolu 3-5 km uzadaraq ,,Karyer” yerindən keçib ,,Qaranlıq Zəmi”  tərəfdən fırlanaraq birbaşa döyüş mövqeyinə-,,Yal” a çıxmaq olar ki, bu da heç bir təhlükə yaratmır. Vaxt itkisi də az olar və düşmən gözləmədiyi halda onu mərmi yağışına tuta bilərik. Əvvəl hamı duruxdu və birdən komandir irəli yeriyib onu qucaqlayaraq alnından öpdü. Doğrudan da ağıl yaşla ölçülmür, ‐ dedi. Hamı onu alqışladı. BM 21 artıq öz yerini tutmuşdu. Hava da qaralmaq üzrə idi. Atəş mövqeyindən yuxarıda dayanan əsgər xəbər verdi ki, gələn var. Hər kəs toparlandı. Artıq maşın səsi lap yaxınlıqda eşidilirdi. 2-3 dəqiqə sonra bir-neçə nəfərin əhatəsində öndə hündürboylu, enlikürək, idmançı görkəmli, şux yerişli bir nəfər atəş mövqeyinə enirdi. Diqqətlə alatoranda irəli baxan, yaşca hamıdan böyük olan əsgər Araz Cəbrayılov sevincək dedi:

– Gələn Əliyar Əliyevdir!

Əliyar Əliyev. Bu ad nəinki Qubadlıda, eləcə də bütün Azərbaycanda çox məşhur idi.

Onun adını eşidən tanıyan-tanımayan bütün döyüşçülər bir anda şahin kimi irəli şığıdılar. Əfsanəvi komandirin gəlişi onları həddindən artıq sevindirmişdi. 33 yaşlı Əliyar Əliyev bütünlükdə qubadlıların döyüş simvoluna çevrilmişdi. Düşmənə qan udduran SSRİ idman ustası güləşçi-pəhləvan Əliyar Əliyev ermənilərin qənimi idi. Onun hər gəlişi əsgərlərin döyüş ruhunu artırırdı. Hər kəslə görüşən mətin komandirin diqqətini daha çox cəlb edən yeniyetmə “əsgər”idi. Bu uşaq niyə buradadır?, ‐deyə könüllülərin komandirindən soruşdu.

Əliyar müəllim, bu uşaq çox inadcıldır. 15 yaşı var. Nə qədər desək də, burdan uzaqlaşdırsaq da inadından dönmədi. Ermənilərə hədsiz nifrət edir. Burada da əsl əsgər kimi davranır.

– Elə ürəkli aslan parçasını burdan uzaqlaşdırmaq lazım da deyil! Kaş ki, hamı onun kimi olaydı. Kaş ki, vətənimizin bu ağır günündə döyüşdən yayınmaq istəyənlərdə elə bunun ürəyinin, bunun vicdanının, bunun istəyinin onda biri olaydı! Yaxşı, bəs niyə bu qoçaq oğlanın avtomatı yoxdur?! Tüfənglə səngərdə dayanır!

– Cənab komandir, adına silah təhkim etməmişik, ona..

– Adına silah təhkim edin! O, ən yaxşısına layiqdir! Qoyun həm də daha çox həvəslənsin! Onun kimi igid, qorxmaz, vətənpərvər oğullar bizə çox lazımdır!

BM 21 döyüşdə çox mükəmməl bir qurğu idi. Onu lazımi döyüş mövqeyində yerləşdirdikdən sonra düşmənə mütləq cavab vermək lazımdır; ‐deyə əsgərlər öz aralarında danışmağa başladılar.

Artıq BM 21 qurğusu atəş mövqeyində yerləşdirilmişdi. Əsgərlər sevincək olmuşdular. Lakin komandir susqun və nisbətən kədərli görünürdü. Səbəbi isə az sonra bəlli oldu. Bu qurğudan atəş açmaq üçün anlayışlı olmaq lazım idi. Təəssüf ki, buradakı əsgərlərdən heç birinin bu qurğu barədə məlumatı yox idi. Rabitə vasitəsilə müəyyən məlumatlar əldə etdikdən sonra qurğunu hərəkətə gətirdilər. İlk mərmi uğursuz oldu. ,”Yal” deyilən yerə düşdü. İkinci, üçüncü mərmi isə hədəfdən daha da uzağa getdi. Lakin sonra nişangahdan normal istifadə sayəsində artıq hədəfi vura bildilər. Qarşı tərəf bunu heç gözləmirdi.

Günlər həftələri, həftələr ayları, aylar isə illəri tamamlayaraq sürətlə ötürdü. Müharibənin dəhşətinə, ölüm saçan mərmilərin törətdiyi faciəyə, dağıntıya hamı alışmışdı. İriçaplı silahlardan, ağır artilleriyadan atılan mərmilər hamı üçün adiləşmişdi. Mərmilər, güllələr bir növ məişət tullantısına çevrilmişdi. Müharibə bütün əzabıyla, ağrı-acısıyla, nigarançılığı, fəlakəti, dəhşəti ilə insanların həyatına daxil olmuşdu. Müharibə və onun qanlı-qadalı günləri artıq burada yaşayan insanların bir növ adi həyat vərdişlərinə çevrilmişdi. Hətta 7-8 yaşlı uşaqlar belə gecənin qaranlığında gurultulu, qorxunc səslə işıq saça-saça havada şütüyən ağır artilleriya mərmilərini saymaq üçün bir-biri ilə bəhsə girirdilər. Ölüm belə vərdiş halını almış, sadələşmişdi.

Novella

(Ardı var)

Fərid MURADZADƏ