Bütün sahələrdə sərt qadağalara ehtiyac varmı? – Nazirlər Kabineti optimal çıxış yolu tapmalıdır

564

Ekspertlər böyük ticarət döriyyəsi olmayan fərdi dükanların bağlanmasını doğru hesab etmir

Azərbaycan yenidən sərt karantin rejiminə qayıtmağa məcbur oldu. Gündəlik yoluxma 4400-ün üzərində, xəstəxanaların dolu olduğu, ölümlərin kəskin artdığı və təcili yardımın çağırışlara yetişə bilmədiyi şəraitdə hökumət başqa çarə görmədi.

Ekspertlər də gedişatın səhiyyə sistemini çökdürəcəyini, ölkədə idarə olunmaz vəziyyətin yaranacağı barədə çağırış edirdilər. Son brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev də eyni narahatlığı bölüşdü. Yəni , hökumətin vəziyyəti tənzimləmək üçün ciddi addımlar atması zəruru idi.

Ancaq Nazirlər Kabinetinin elan etdiyi sərt karantin rejiminin qaydaları təxminən yazda tətbiq olunan məhdudiyyətlərlə eynidir. Ölkə iqtisadiyyatının mühüm sahələrində fəaliyyət dayandırılır, yüz minlərlə insanın gündəlik qazanc əldə etdiyi sahələr təxminən bir aylıq bağlanılır. Dövlət onların itkilərini kompensasiya etmək üçün 600 min nəfərə birdəfəlik 190 manat ayırmağı planlaşdırır.

Amma vəziyyət 6 ay əvvəl ilə müqayisədə xeyli fərqlidir. Ona görə də Nazirlər Kabinetinin günün problemlərini diqqətlə araşdırdıqdan sonra məhdudiyyətləri ona uyğunlaşdırması daha doğru addım olardı. Söhbət nədən getdiyini aydınlaşdırmaq üçün əvvəlcə ilin başlanğıcı və sonunda ölkə iqtisadiyyatındakı fərqlilikləri göstərməyə ehtiyac var:

 

 

İlin birinci rübündə ölkənin gəlirləri sabit olub. Buna səbəb neft qiymətlərinin büdcədə nəzərdə tutulduğundan yüksək olması və 2019-cu ilin 4-cü rübü üzrə daxilolmaların tam icra olunmasıdır. Bununla yanaşı karantin rejimindən əvvəlki 3 ay ərzində də turizm, istehsal, xidmət sektoru fəaliyyətini normal qaydada davam etdirib.

Ölkənin strateji valyuta ehtiyatlarının həcmi, büdcə transfertləri proqnozlaşdırıldığı səviyyədə olub. Bu və ya yazılmayan başqa səbəblərdən hökumət pandemiya rejiminə keçid etdikdən sonra ölkədə sosial sabitliyi saxlaya bildi, tibbi infrastrukturu inkişaf etdirdi, iqtisadiyyatı dövlət dəstəyi ilə ayaqda tuta bildi. Bu aylar ərzində ölkədə ticarət dövriyyəsi kəskin aşağı düşdü, xidmət və istehsal sahələri, xüsusən turizm sektoru çökdü, yüz minlərlə insan işsiz qalsa da, hökumət əlindəki resurslarla situasiyanı gərginləşməsinə imkan vermədi.

Amma il sonunda vəziyyət xeyli fərqlidir? Hər şeydən əvvəl Azərbaycan kifayət qədər böyük maliyyə vəsaitləri xərclənən qalibiyyətli Vətən Müharibəsindən çıxıb. Ekspertlərin hesablamalarına görə, müharibənin hər günü ölkəyə 30-40 milyon dollara başa gəlib...

İkinci vacib məqam müharibədən sonra şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının sosial problemlərinin həlli dövlətin əsas prioritetləri sırasındadır. Hazırda bu istiqamətdə təxirəsalınmaz işlər görülür. Şübhəsiz ki, bu istiqamətdə də kifayət qədər vəsait xərclənir.

Üçüncüsü, işğaldan azad olunan ərazilərdə infrastrukturun qurulması, yolların çəkilməsi və s. işlər də böyük maliyyə vəsaiti tələb edir. Bu işlər də ləngimədən həyata keçirilir və lazımi qədər vəsaitlər ayrılır.

Fikrimizcə, belə böyük xərclərin tələb olunduğu bir şəraitdə koranavirusun yayılmasında elə də ciddi rol olmayan sahələrin, ticarər və xidmət obyektlərinin qapadılması doğru qərar sayıla bilməz.

Məsələn, Nazirlər Kabineti tikinti və məişət avadanlıqlarının istehsalı və təmirinə icazə verdiyi halda, tikinti mallarının satışını həyata keçirən mağazaları bağlaması başadüşülən deyil.

 

 

Və yaxud maşın təmirinə icazə verib, amma avtomobil ehtiyat hissələrinin satılmasını yasaqlanılması məntiqli görünmür.

Çünki nə tikinti malları satan, nə də avtomobil ehtiyat hissələri satan mağazalarda kütləvilik olmur.

Ona görə də bu cür mağazaların bağlanması koronavirusla mübarizədə hər hansı ciddi əhəmiyyət kəsb etmir.

Belə mağazaların işləməsi insanların evdə qaldıqları bir aydan artıq müddəti səmərəli keçirməsinə də kömək olar. Evində, həyətində ehtiyac duyduğu yerlərdə təmir apara bilər.

Eyni zamanda bəzən evlərdə, avtomobillərdə təcili təmirə ehtiyac yaranır ki, bunun üçün də tikinti malları, ehtiyat hissələri satan mağazaların işləməsi vacibdir.

Bunları bir nümunə kimi qeyd etdik. Ümumiyyətlə, araşdırma aparılmalı, gündə 5-10 alıcının baş çəkdiyi fərdi ticarət obyektlərinin fəaliyyətinə izacə verilməlidir.

Təhlükəsizlik qayda qaydalarını qoymaq üçün müəyyən nəzarət mexanzimləri də yaratmaq mümkündü. Bu sahədə Türkiyə və Gürcüstan təcrübəsinə müraciət etmək olar…

Qadağaların qüvvəyə minməsinə hələ bir neçə gün var. Yaxşı olardı, Nazirlər Kabineti sərt karantin rejiminin qaydalarına yenidən baxıb mümkün qədər ticarətin, istehsalın və xidmət sektorunun vəziyyətini yüngülləşdirməyə çalışsın.

Elçin Rüstəmli

AzPolitika.info