“Bütün qonşularla düşmənçilik”- ermənilər məğlubiyyətin dörd səbəbini açıqladı

246

Azərbaycan dövləti işğalçı Ermənistanın iç üzünü göstərmək üçün informasiya müharibəsini sonadək davam etdirməkdə qərarlıdır; diplomatik korpusun Qarabağa səfərləri davamlı xarakter alacaq; deputat: “Bundan sonra Ermənistanı müdafiə edən ölkənin özü tam əsasla terrorçu, barbar, vəhşi və işğalçı adlandırıla bilər”

İşğal altındakı Kəlbəcər rayonu da düşmən işğalından azad edildi. Növbədə isə işğaldan azad edilməli daha bir inzibati ərazimiz – Laçın rayonudur və ermənilər üçün gerisayım davam edir.

Gözlənildiyi kimi, şərəfsiz düşmən bu bölgədə də talanlar törətməklə, azərbaycanlılara məxsus evləri, əmlakları, təbii sərvətləri talan etməklə yanaşı, daşıyıb apara bilmədiklərinin məhvinə çalışırlar. Azərbaycan humanistlik nümayiş etdirərək hətta ermənilərə məxsus olmayan evlərdən belə köçüb cəhənnəm olmalarına şərait yaratdığı halda, düşmən bunun qarşılığında alçaq əməllərini davam etdirir. Düşmən tərəf etiraf edir ki, Laçın rayonunda vur-tut 2 min erməni məskunlaşıbmış, ancaq nədənsə onların buradan rədd olmaları üçün günlərlə vaxt gərək imiş. Təbii ki, bu, onlara yad ölkənin ərazisini rahat şəkildə talançılıq işlərini həyata keçirmək üçün lazımdır. Təəssüf doğuran budur ki, Kəlbəcərdə və digər ərazilərdə erməni vandallar Azərbaycana məxsus əmlakın yandırılmasını, azərbaycanlılara qarşı təhqirlərin nümayişkaranə şəkildə yazılmasını, hətta hərbi hissənin partladılmasını rusiyalı  sülhməramlıların gözləri qarşısında, yaxud bayrağı altında həyata keçirdilər, kimsədən çəkinmədən. Əslində belələri razılaşmanı pozduqları üçün yerindəcə müharibə qaydalarına uyğun şəkildə cəzalandırılmalı idi, ən azı silah-sursatdan istifadənin cavabı olaraq.

Beynəlxalq aləm isə nəinki quduzlaşmış ermənilərin bu davranışlarına sükut nümayiş etdirir, hətta onları “yazıq”, “miskin” görkəmdə təqdim edərək təəssübünü çəkir, azərbaycanlılara məxsus evlərə, məktəblərə, mədəniyyət ocaqlarına od vuran barbarların hüquqlarının müdafiəçisi kimi çıxış edirlər. Fransa Senatının Dağlıq Qarabağın bir ovuc erməni əhalisini “müstəqil subyekt” kimi tanıması isə dünyanın aparıcı dövlətlərindən birinin adına utanc gətirən addım oldu. Müharibənin ilk günlərindən Makronun ermənisifətliyi senatda təcəssümünü tapdı və yalnız bir senator əleyhinə çıxmaqla fransızlar terrorçu Ermənistanın qaralmaqda olan “lampasına neft tökən” qərarı qəbul etdilər.

Söhbət Azərbaycan ərazilərinin işğal olunması faktını təsdiqləyən BMT TŞ-nin daimi üzvlərindən birinin, həmçinin Minsk Qrupunun vasitəçi dövlətinin senatından gedir. “Demokratiya”, “insan haqları” dərsi keçən bir ölkənin ali orqanı terrorçuların, qəsbkarların, talançıların yanında qərar tutdu. Düzdür, Fransa XİN senatın yanlışlığına anlayıb tələsik bəyanatla bunun qəbulolunmazlığına işarə vurub, amma artıq ilk atəş açılıb. Fransa senatı Qarabağ bölgəsində sakitliyin bərpasında maraqlı olmadığını nümayiş etdirərək atəşi körükləməyə çalışır, təbii ki, öz məqsədləri naminə. Onlar üçün meyitləri hələ də dərələrdən yığılmayan ermənilərin taleyi maraqlı deyil, hansı yolla olursa-olsun Qarabağ adı altında “bazarlaşmağa” qoşulmaq istəyirlər. Bədbəxt ermənilər isə hələ ki bunu anlamaq istəməyib yenə də statusdan dəm vururlar.

Azərbaycan dövləti isə haqlı davasını davam etdirməklə yanaşı, düşmən ölkənin barbarlığını, terrorçu davranışlarını yerindəcə göstərmək istiqamətində tədbirlər həyata keçirir. Bir neçə gün əvvəl Azərbaycanda fəaliyyət göstərən xarici diplomatların Füzuli rayonuna səfəri təşkil edildi. Azərbaycan  Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dediyi kimi, xarici diplomatlar, hərbi attaşelər ona görə işğaldan azad olunmuş əraziyə aparılıb ki, onlar erməni vəhşiliyini, vandalizmini öz gözləri ilə görsünlər. “Məqsədimiz ermənilərin azərbaycanlılara, Azərbaycan tarixinə, mədəniyyətinə qarşı hansı vandalizm aktlarını törətdiklərini bütün dünyaya göstərməkdir”, dövlət rəsmisi deyib.

Vətən müharibəsinin gedişində də diplomatların səfərləri təşkil olunurdu, ancaq Ermənistanın alçaq hücumlarına hədəf olan Gəncə, Bərdə, Tərtər bölgəsinə. Vicdanı olanlar təbii ki, düşmənin dinc sakinlərini hədəfə almasını gözləri ilə gördükdən sonra törədilən vandal əməllərlə bağlı gerçək qənaətə gəlirdilər, ancaq aparıcı paytaxtlar həmin informasiyalardan hansı nəticə çıxarır, bax, əsas məsələ budur.

Musa Qasımlı: Azərbaycan Prezidenti dərin məzmunlu nitqində bu günümüz və  gələcəyimiz üçün vacib olan bir sıra məqamları açıqladı - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

Musa Qasımlı

Deputat Musa Qasımlı “Yeni Müsavat”a bildirdi ki, ölkəmizdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin Ermənistanın  işğaldan azad edilən ərazilərə səfər etməsi böyük əhəmiyyət daşıyır: “Mövcud qaydalara uyğun olaraq bir nümayəndə, səfir gözü ilə gördükləri barədə hesabat hazırlayıb mərkəzə təqdim etməlidir. Görülən nədir? Hər şey işğalçı Ermənistan tərəfindən dağıdılıb. Erməni vəhşiliyi göz önündədir. Əlavə şərhə ehtiyac yoxdur. Hər şeyi foto və videokadrlar deyir. Bundan sonra Ermənistanı müdafiə edən ölkənin özü tam əsasla terrorçu, barbar, vəhşi və işğalçı adlandırıla bilər”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı isə hesab edir ki, biz dünyaya onsuz da ermənilərin kim olduğunu göstərməsək də, onlar bunu yaxşı bilirlər: “Diplomatların isə bu faktlardan özlərinə sərf etdiyi miqdarda istifadə edəcəkləri bəllidir. Onları Gəncəyə, Bərdəyə, Tərtərə ermənilərin mülki əhalini qadağan olunmuş silahlardan vurduğu günlərdə aparmışdıq. Nə etdilər, hansı bəyanatı verdilər? Amma bu, o demək deyil ki, biz bu ölkə diplomatları ilə işləməməliyik. Hadisələrin necə cərəyan edəcəyindən asılı olaraq, diplomatik korpuslarla iş aparmaq üçün bundan sonra yaxşı imkanlarımız olacaq. Dağıdılmış böyük bir ərazi ortadadır, onu dünyanın gözünə soxmaq lazımdır. Məsələn, işğaldan azad olunan Ağdamın 7 kəndinin ermənilərdən boşaldılmasını insanlıq faciəsi kimi qələmə verənlərin qarşısına bu sualı qoymaq olar: bu adamlar burada nə gəzirdi, indi onları buraya yerləşdirənlər cavab versin?! Ermənistan bu torpaqlarda məskunlaşma aparanda ATƏT-in Faktaraşdırıcı missiyası harada idi?” Q.Çaxmaqlı bildirdi ki, məcburi köçkünlərinin 25-30 illik acı taleyini örnək olaraq ortaya qoysaq, bu kampaniyaları önəmli ölçüdə azalda bilərik: “Bilirəm, erməni təbliğat maşını üstümüzə gələcək. Onlara veriləcək cavablarımız var . Yetər ki, Qərb mediasında bunları çatdıra bilək”.

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ -  modern.az

Qafar Çaxmaqlı

Politoloq düşmənlə informasiya müharibəsindəki boşluqlardan bəhs edərkən bir vacib məqamı vurğuladı: “Avropa ölkələrində çalışan diplomatik korpusumuz, bir neçə şəxsi çıxmaq şərti ilə, müharibə dövründə işləmədilər. Onları dəyişdirmək, yeniləmək mütləqdir. Bundan sonra savaş meydanı dəyişir, ona uyğun informasiya siyasəti də dəyişməlidir. Bu işi bir neçə vətənpərvər jurnalistin çiyinlərinə yükləmək olmaz. Burada da bir ordu lazımdır. Həm də daha qabiliyyətli və səriştəli, siyasi proseslərə doğru qiymət verməyi bacaran, Qərb oxucusunun nə istədiyini anlayan… Bax, o zaman hansısa qərəzli erməni yanlı yazıların ictimai çəkisini, təsirini azaltmış olarıq”.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev düşməndən azad olunan Ağdam şəhərinə səfəri zamanı düşmənin bu cənnət məkanı barbarcasına dağıdıb məhv etməsindən bəhs etməklə yanaşı, xarici diplomatların da buraya səfərinin təşkil olunacağını açıqladı. Bəli, dövlətimiz erməni qaniçənləri və onların himayədarlarını ifşa etməkdən ötrü mübarizəsini davam etdirəcək. Ermənistan ötən 30 ilə yaxın dövr ərzində o qədər cinayətlər törədib, Azərbaycana elə böyük miqyasda zərər vurub ki, bunu hesablamaq üçün aylar lazımdır. Təbii ki, bu zərərin miqyası ermənilərin iddia etdiyi kimi, 50 milyard yox, on dəfələrlə artıqdır və diplomatik korpusun baş verənləri yerində görməsi ümumi işimizin xeyrinədir.

****

Bu arada işğalçı ölkə hələ də məğlubiyyətin səbəblərini araşdırmaqdadır. Ermənistanın sabiq baş naziri Hrant Baqratyan ölkəsinin Qarabağ döyüşlərindəki məğlubiyyətinin “səbəbini” açıqlayıb.

Baqratyan Paşinyan hakimiyyətinin həm siyasi, həm hərbi, həm də təşkilati istiqamətlərdə uduzduğunu etiraf edib. Keçmiş baş nazir erməni ordusunun texnikasının 85 faizinin məhv edildiyini bildirib: “Mən hansısa sirri açıqlamıram. Çünki azərbaycanlılar hamısını sayırlar və texnikalar onların ərazilərində qaldı. İndi Ermənistandakı axmaq rəqiblərimiz siz sirr yayırsınız deməyə başlayacaqlar. Məğlubiyyətin siyasi baxımından bir neçə səbəbi var. Biri Ermənistanın ”Artsax”ın (Qarabağ-red.) müstəqilliyini tanımamasıdır. Müharibə başlayandan bir saat sonra yazdım ki, dərhal müstəqilliyi tanıyın. Etmədilər. İkinci siyasi səhv anti-Rusiya məqamıdır. Nə qədər istəməsək də, rusiyapərəst dairədə qalmalı, bunu başa düşməliyik”. Baqratyan üçüncü siyasi səhv kimi, İranla olan münasibətləri, cənub qonşusunu özlərindən narazı salmalarını göstərib: “Buna görə də Ermənistan üçün nəzərdə tutulan yüklərin İran ərazisindən keçirilməsinə imkan vermədilər. Dördüncü məqam Gürcüstanla münasibətlərin səviyyəsi idi”.

Sabiq baş nazir daha sonra Çin amilini də qabardaraq belə bir supergüclə münasibətlərdə siyasi səhvə yol verildiyini deyib.

İşğalçı ölkədə hesab edirlər ki, Nikol Paşinyanla davam etmək mümkünsüzdür. “Ermənistan baş naziri Nikol Paşinyanın istefası ölkə vətəndaşlarının əksəriyyətinin tələbidir”.  Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının lideri Artur Vanetsyan jurnalistlərə açıqlamasında bildirib. O bildirib ki, müxalifətin tələblərinin cəmiyyət tərəfindən dəstəklənmədiyini söyləmək ən azı alçaqlıqdır. Vanetsyan hesab edir ki, Paşinyanın rəhbərlik etdiyi hökumət yalnız hakimiyyəti necə qoruyacağını düşünür. “İnsanlar kədərlənir, ağrılar çəkir və buna görə siyasi proseslərdə iştirak etmək istəmədikləri aydındır. Yenidən təkrar edim ki, bu, sırf siyasi bir proses deyil, bu, vətəni qurtarmaq adına bir prosesdir”, – deyə Vanetsyan qeyd edib. Bundan əvvəl Nikol Paşinyan “TASS” agentliyinə verdiyi müsahibəsində müxalifətin istefası ilə bağlı çağırışlarının Ermənistan cəmiyyətində geniş dəstək almadığını bildirmişdi.

Virtualaz.org  xatırladır ki, Artur Vanetsyan ötən ilin sentyabrında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən istefa vermişdi. Onun anidən istefa verməsi ölkədə yeni gərginliyin başlanğıcını qoymuşdu. Qeyd olunurdu ki, A. Vanetsyan Paşinyan komandasının ən reytinqli məmurlarından biri olub. Onun son bir ildə korrupsiya ilə bağlı açıqlamaları və bu istiqamətdə gördüyü işlər strukturun imicini ictimaiyyətin gözündə ciddi şəkildə artırmışdı. Ölkədə belə nüfuzu olan adamın istefaya göndərilməsi sual olaraq qalmışdı.

Beləcə, ermənilər bir-birini didişdirmək üçün fürsət axtarır. Azərbaycanın dövlət başçısı dəfələrlə xəbərdarlıq etmişdi ki, işğala nə qədər tez son qoyulsa, ermənilər normal həyata qayıda bilərlər. Ancaq 2016-cı ildə bu xəbərdarlığı eşitməyən Serj Sərkisyan kimi, Paşinyan da özünü karlığa vurdu. “Bəhrə”sini görür…

Elşad Paşasoy,
“Yeni Müsavat”