BÜTLƏRİN ALLAHLIĞI BAŞLARI ÇAPILANADƏK OLUR…

168

Elxan ŞÜKÜRLÜ

Dinlərin tarixini oxuyanlar yaxşı bilər: qədim Babil camaatı özlərinin düzəltdikləri çoxsaylı bütlərə sitayiş edər və bu bütlərin hər birini də Allah sayardılar. Camaatın avamlığından və cahilliyindən istifadə edən hökmdar Nəmrud da onları inandırmışdı ki, bəs, elə bir Allah da o özüdür…

Təkallahlığı təbliğ etməklə vəzifələndirilən İbrahim peyğəmbər axırda gördü ki, bu camaatı sözlə inandıra bilməyəcək, heç kim bütlərindən əl çəkmir, bir gün bütlərin saxlandığı məbədə girib hamısını baltayla doğradı…

Babillilər məhz allahlarının başlarının çapılıb yarılmasını, doğranmasını gördükdən sonra anladılar ki, sən demə, bunlar Allah deyilmişlər. Axı başı çapılmışdan Allah olmaz, Allah ölməz!

Bu rəvayəti niyə xatırlatdım? Son illər Azərbaycan cəmiyyəti, iqtidarda və müxalifətdə durmasından asılı olmayaraq, “süni mayalanma” yoluyla yaradılmış, yontalanaraq ölkənin siyasi vitrininə qoyulmuş və özünü Allah zənn edən “siyasi büt”lərin çoxluğundan bərk əziyyət çəkir…

Elə hər şey süni olduğundan da, ölkənin siyasi həyatında cərəyan edən bütün hadisələr, o cümlədən iqtidar-müxalifət münasibətləri də süni olur.

Hazırda günümüzün virtual ictimai-siyasi həyatını zəhərləyən, bulayan, bulandıran, qarışdıran, hadisələrin öz təbii axarıyla inkişafına mane olanlar da məhz bu “siyasi bütlər” və onları Allah sanıb sitayiş edənlər – bütpərəstlərdir…

Əvvəllər kənar adamların dilindən-yazısından eşidəndə, çox da inanmır, hətta bəzilərini qınayırdım ki, öz siyasi maraqları naminə yalan danışır, şişirdir, qərəzlidirlər.

Ancaq elə ki, öz başıma gəldi, indi o adamlara haqq qazandırmaqdan əlavə, hələ bir heyrət də edirəm: ilahi, bunlara necə dözürmüşlər, bunlar haçanacan ölkənin siyasi həyatında meydan sulayacaq, at oynadacaqlar və biz, doğrudanmı, belələrinin əlində acizik?!

Çox uzatmadan, qısa deyim: iki gün əvvəl AXCP sədri Əli Kərimlinin keçmiş müavini, mənimsə 25 illik dostum Fuad Qəhrəmanlının həbsxanda öldürüldüyü haqda cəbhəçilərin məqsədli şəkildə yaydıqları dezinformasiyanın doğru olmadığı, bu cür addımların Fuadın özünün və yaşlı valideynlərinin həyatını təhlükəyə atdığı haqda yazdığım fikirlərə sosial şəbəkələrdə verilən hədsiz aqressiv və təhqiramiz reaksiyalar, küçə fahişəsi leksikonunda işlədilən ifadələr mənə daha bir gerçəyi anlatdı – bu cəmiyyəti Allahsızlığa və qana sürükləyən “bütlər”dən və bütpərəstllikdən qurtarmazsaq, Nəmrud xislətli hələ çoxları bu xalqa özlərini Allah kimi sırıyacaqlar!

Baxmayaraq ki, Fuadın qardaşı Polad Qəhrəmanlı elə həmin gün yazdıqlarımın gerçək olması səbəbindən hətta mənə təşəkkür də etmişdi, ancaq bəzi “cəbhəçi”lər doğma qardaşının belə, rəyinə əhəmiyyət vermədən, sanki, Fuadın haqsız yerə tutulmasınına səbəbkarı mən olmuşammış kimi, üzərimə şığımağa, sosial şəbəkədəki güclərini üzərimə yönəltməyə başladılar…

Heç bilirsiniz, niyə?! Bilmirsinizsə, deyim: sən demə, mən həmin yazımda onların “məbəd”inə – “Facebook”a girmiş, orada Allah sandıqları “Büt”lərinə əl uzatmışammış! Başını baltayla çapmamışam ha, sadəcə, boş əllə yaxınlaşmış, dostumun bu sayaq “öldürülməsindən” qeyzlənərək, bu “Büt”ə xitabən, “Niyə onu ən çətin vaxtında qorumadınız? Niyə feministilər onun üstünə gələndə, qorxub, ondan imtina etdiniz?” deyə, sual ünvanlamışam!

Ancaq bu “məbəd”dən çıxanda nə görsəm, yaxşıdır?! “Büt”ün sitayişçiləri əllərində daş-kəsək – söyüş, kəsiblər qapının önünü!

Məni ən çox ağrıdan, bilirsiniz, nə oldu?! “Büt”ün məni daş-qalaq etməyə hazır sitayişçilərinin önündə gələnlər, başında duranlar vaxtilə dost dediyim, həmkar saydığım, hətta bəzilərinə dar günlərində yaxşılıq etdiyim adamlar idi…

Onların arxasında, “Facebook” səngərlərində gizlənib mənə daş tullayanların – küçə söyüşləri yağdıranların bir çoxunu isə tanımırdım. Görməmişdim bu adamları vaxtilə Əhəd Abıyevin, Hafiz Hacıyevin və digərlərinin bu “Büt”ə söydüyü vaxt belə şövqlə etiraz edənlər sırasında…

Ancaq əhədabıyevlərə, hafizhacıyevlərə o vaxt “Xaqani -33”-də etiraz etməyə cürəti-cürdəyi çatmayanlardan, qorxudan dodağı çatlayanlardan, çox şeyi peysərə verib gizlənənlərdən fərqli olaraq, başqa bir partiyada olsam da, “Gedək, bu gecə o namussuzun dalını dağıdaq!” deyən azsaylı “Yurd”çu gənclərdən biri də məniydim; 2003-cü ilin seçki teledebatlarındakı canlı yayımda buna görə Hafiz Hacıyevlə tutaşan, Hafiz Hacıyevin “Büt”ün tərəfdarına xain hücumunun qarşısını alan iki adamdan biri idim (O biri də vəkil Fuad Ağayev idi)…

…Lakin iki gündür ki, “məbəd”lərinin qarşısında pusquda yatıb daş tullayanların – söyənlərin çoxu mənim vaxtilə əhəd abıyevlərdən, hafiz hacıyevlərdən qoruduğum “Büt”ün son illərdə yetişdirib ortaya çıxardığı öz hafizhacıyevləri, öz əhədabıyevləridir… Uzun illər ərzində bu hakimiyyətdən ən yaxşı mənimsədikləri məhz bu üsul olub – rəqibi əxlaqsızlıqla gözdən, ictimai nüfuzdan salmaq!

Olsun! Görünür, mənim də taleyimə bütün dövrlərin hafizhacıyev, əhədabıyev əxlaqında olan adamlarıyla – əxlaqsızlarla savaşmaq yazılıb!

Qədərdən qaçmaq olmaz, üstəlik, qədər savaşmaqdısa, mən bundan heç qaçacaq adam deyiləm – istəyirsinizsə, onu mütləq alacaqsınız! Ancaq onların üsullarıyla yox, öz üsulumla! İndi görək, kim qazanacaq!

Mən artıq İbrahimin nümunəsində bilirəm ki, tək olan yalnız Allahdır və bütpərəstliyin kökünü kəsməyin də ən yaxşı yolu o yalançı bütləri baltalamaq, o bütlərin başını əzməkdir…

Tarix sübut edib ki, bütlərin Allahlığı başları çapılanadək olur!