Bu kənddə hər kəsin ləqəbi var və onları bilmək vacibdir – VİDEO

    63

    Tovuzun Qaraxanlı və digər kəndlərində bir adamı tapmaq üçün onun ləqəbini bilmək mütləqdir. Yoxsa həmin adamı çətin ki, tapasız. Bu ləqəblər maraqlı olduğu qədər, həm də gülməlidir.

    Bəzi kəndlərdə Konfet Hüseyn, Püsür Vüsal, Oppa Ramiz, Gül Alı, Mator Vəli, Burun Hüseyn deməsəniz və ya insanların ayamalarını bilməsəniz axtardığınız adamları tapa bilməyəcəksiniz.

    Tovuzun Qədirli, Xatınlı, Cilovdarlı və Qaraxanlı kəndlərində çox az adam tapılar ki, onun adının əvvəlində ayaması olmasın. Xüsusilə Qaraxanlı kəndində eyni adı daşıyan insanların arasında ləqəbi olmayan yoxdur.

    Kənddə ən çox Hüseyn adlı insanlar olduğundan elə ən maraqlı ayamalar da bu şəxslərə verilir.

    Kənddəki insanlar ləqəbi ilə çağırıldığına görə küsüb-incimirlər də. Hətta elələri də olur ki, öz adı ilə çağırılanda geri çevrilib baxmır. Mütləq ayamalarını eşitdikdən sonra reaksiya verirlər. Burda ayamalar müxtəlif adamlara hadisələrə və ya həmin adamın məşğul olduğu işlərə görə verilir.

    Sakinlər deyirlər ki, hətta toy dəvətnamələrinin üzərinə də dəvət olunan şəxsin adı-soyadı deyil, ayamaları yazılır. Bu maraqlı adət-ənənə isə nəsildən-nəslə ötürülür. \\Xezerxeber.az